NAXÇIVAN :

20 May 2026, Çərşənbə

“Şərqin qapısı” Festivalı Naxçıvan teatrı üçün yeni təcrübə oldu

...

Xəbər verdiyimiz kimi, 8-11 may tarixlərdə Naxçıvanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə “Şərqin qapısı” Teatr Festivalı keçirilib. Festival çərçivəsində qardaş ölkə Türkiyədən və Azərbaycanın müxtəlif bölgələrindən teatr kollektivləri, sənət adamları və qonaqlar iştirak ediblər. Tamaşalar, ustad dərsləri və yaradıcı görüşilərlə yaddaqalan festival Naxçıvan teatrının yaradıcılıq mübadiləsinin genişlənməsinə mühüm töhfə verdi.

Festivalın əhəmiyyəti və Naxçıvan teatr mühitinə qazandırdığı yeniliklərlə bağlı Azərbaycan Respublikasının Əməkdar artisti, festivalın təşkilat komitəsinin üzvü Vidadı Rəcəbli ilə həmsöhbət olduq.

Əməkdar artist bildirdi ki, “Şərqin qapısı” Festivalı Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyan mədəni hadisə olub: “Bu festival Naxçıvanda çox böyük əhəmiyyət kəsb edən tədbir oldu. Teatrımızın 143 illik tarixində ilk dəfə belə bir festival keçirildi və bu bizim üçün ciddi təcrübə idi. Biz festivala bir sınaq kimi baxırdıq, eyni zamanda düşünürdük ki, əgər festival uğurlu alınsa, gələcəkdə daha böyük layihələr həyata keçirə bilərik”.

Vidadı Rəcəbli qeyd etdi ki, festivalın uğurlu keçməsi gələcək illər üçün daha böyük layihələrin həyata keçirilməsinə stimul verib. Onun sözlərinə görə, əsas məqsədlərdən biri “Şərqin qapısı” Festivalını gələcəkdə beynəlxalq səviyyədə tanınan teatr tədbirlərindən birinə çevirməkdir. Bu baxımdan, növbəti illərdə müxtəlif ölkələrdən və şəhərlərdən daha çox teatr kollektivinin festivala dəvət olunması nəzərdə tutulur.

Əməkdar artist qeyd edib ki, festival çərçivəsində Şuşa Dövlət Musiqili Dram teatrı, Türkiyədən gələn teatr nümayəndələri və Azərbaycan Dövlət Pantomima Teatrı öz çıxışları ilə tamaşaçıların diqqətini cəlb edib. Festivalda Naxçıvan tamaşaçısına təqdim olunan yeni teatr nümunələri, xüsusilə pantomim tamaşası böyük maraqla qarşılanıb.

Festivalın bağlanış mərasiminin isə Naxçıvan teatrının tamaşası ilə baş tutduğunu vurğulayan müsahib bunu kollektiv üçün qürurverici hal kimi qiymətləndirib.

Vidadı Rəcəbli festivalların teatr kollektivləri və rejissorlar üçün xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Bildirib ki, belə tədbirlər teatr xadimləri arasında yaradıcılıq əlaqələrinin formalaşmasına, təcrübə və fikir mübadiləsinin aparılmasına geniş imkan yaradır. Onun sözlərinə görə, kollektivlərin bir-birinin iş prinsipi və səhnə yanaşması ilə tanış olması teatr sənətinin inkişafına müsbət təsir göstərir.

Festival çərçivəsində təşkil olunan ustad dərslərinin də maraqla qarşılandığını deyən Əməkdar artist bildirib ki, bu görüşlər yalnız teatr işçiləri üçün deyil, ümumilikdə, sənətə maraqgöstərən hər kəs üçün açıq olub. Ustad dərslərində iştirak edənlərin sayının çox olması isə insanların teatra və səhnə sənətinə marağının göstəricisi kimi qiymətləndirilib.

Qeyd edək ki, “Şərqin qapısı” Teatr Festivalı Naxçıvanda teatr sənətinin inkişafı, yaradıcılıq əlaqələrinin genişlənməsi və beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 15.05.2026 15:35