Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Azərbaycan jurnalistikasında tənqidi satiranın və bəzi hallarda sarkazmın bədiiləşmiş formada ifadəsi karikatura sənətində əks olunmaqla başlanılıb. Karikatura dedikdə ilk ağıla gələn ovaxtkı hakim dairələrdə təşviş yaradan “Molla Nəsrəddin” jurnalıdır. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin naşirliyi ilə 1906-cı ildə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalı bu baxımdan karikaturanın inkişafında mühüm rol oynayıb. Akademik İsa Həbibbəylinin dediyi kimi: “XX əsrin əvvəllərində Tiflis şəhərində yaşayıb-yaratmış tanınmış alman rəssamı Oskar Şmerlinqin əsasını qoyduğu mollanəsrəddinçi karikatura görkəmli Azərbaycan karikaturaçı rəssamı Əzim Əzimzadənin yorulmaz fəaliyyəti ilə böyük sənət məktəbinə çevrilmişdir. Oskar Şmerlinq və Əzim Əzimzadədən başqa İosif Rotter, Xəlil Musayev, Seyid Əli Behzad, İsmayıl Axundov, Qəzənfər Xalıqov, Hüseyn Əliyev və başqaları kimi karikatura ustalarının vahid ideya-sənət cəbhəsində birləşərək fəaliyyət göstərmələri “Molla Nəsrəddin” karikatura məktəbinə böyük nüfuz qazandırmışdır”.
Bu gün Azərbaycan mətbuatında onların yolunu davam etdirən rəssamlar və media strukturları az deyil. Dövrün çatışmazlıqlarını, inkişafımıza maneçilik törədən halları karikatura vasitəsilə tənqid edən belə media mənsubları özlərindən əvvəl yaradılmış vasitələrdən istifadə edərək cəmiyyətimizin tərəqqisinə töhfələrini verirlər. Bu baxımdan yaşı 100-ü ötmüş, bu dövrdə fasiləsiz olaraq oxucularla görüşə gəlmiş “Şərq qapısı” qəzetini nümunə göstərə bilərik. Redaksiyanın arxivində saxlanılan nömrələrdən belə məlum olur ki, qəzet ara-sıra öz səhifələrində tənqidi yazılara uyğun karikaturalar da dərc edib. Bu gün də bunu vacib sayır. Bu baxımdan qəzetin ötənilki nömrələrində verilmiş Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərovun “Toy və yas biznesinin əsirləri” adlı publisist yazısında gördüyümüz karikaturalar diqqəti cəlb edir. Böyük əks-səda doğuran həmin yazı haqqında geniş danışmaq istəmirik. Oxucuların diqqətinə çatdırırıq ki, yazıda təsvir olunan hadisələrə rəssam Araz Xudiyev əlavə rəng qatıb. Qəzetin 19 oktyabr tarixli nömrəsində verilmiş yazının birinci hissəsində bu günümüz üçün xarakterik olan və hər bir toy sahibini, necə deyərlər, quyunun dibinə salan toy yeməkləri təsvir olunub. Saymaqla qurtarmayan yemək çeşidləri, müxtəlif salatlar, növbənöv içkilər, daha nələr-nələr: Toy sahibinə bəlli olmayan qiymətə başa gələn bu yeməklərin masalara düzülməsi, yarısının toydan sonra zibil qutularına atılması israfçılıq deyilmi? Rəssamın bu xoşagəlməz hallara belə yanaşma tərzi təbiidir. Və hiss etmək çətin deyil ki, gənc rəssam bu məqama bu günün tələbi ilə yanaşıb. Karikaturaya baxan kimi gözlərimiz önündə hər toyda gördüklərimiz canlanır. Burada rəsm əsərinin, konkret olaraq, karikaturanın gücünü görürük. Yazının ikinci hissəsinin dərc olunduğu 26 oktyabr tarixli nömrəsində isə yas mərasimindən danışılır. Bu nömrədə də verilmiş karikatura aşıladığı günün reallığı ilə diqqəti çəkir. Müəllif ideyasının fırçanın gücü ilə canlandırılması yazının oxunaqlığını bir qədər də artırıb.
Son olaraq bir daha o fikrə qayıtmaq istəyirik ki, “Molla Nəsrəddin”dən başlanan karikaturaçılıq ənənəsi bu gün də yaşadılır. Buna canlı nümunə kimi “Şərq qapısı” qəzetini göstərə bilərik.
Aidə İBRAHİMOVA
Digər xəbərlər