AMEA və Buxarest İqtisadi Tədqiqatlar Universiteti...
16:47 28.10.2026
0
0
0
NAXÇIVAN :
28 Oktyabr 2026, Çərşənbə
Oktyabrın 28-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumunun sədri Epifan Zoro Bi Ballonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, prokurorluq orqanlarının fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, eləcə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə məlumat, bu idarəetmə modelinin dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına və korrupsiya risklərinin azaldılmasına verdiyi töhfəni diqqətə çatdırıb.
Baş prokuror, həmçinin ölkəmizin prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətindən bəhs edərək, bu istiqamətdə institusional potensialın gücləndirilməsinin, müasir idarəetmə mexanizmlərinin tətbiqinin və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Epifan Zoro Bi Ballo qonaqpərvərliyə və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə təşəkkürünü bildirib, Azərbaycan və Kot-d’İvuar arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən neft sənayesi sahəsində əlaqələrin əhəmiyyətini qeyd edərək, dayanıqlı iqtisadi inkişaf və səmərəli idarəetmənin korrupsiyaya qarşı mübarizə ilə qarşılıqlı əlaqəsinə diqqət çəkib. Bu baxımdan Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib.
Görüş zamanı tərəflər qurumlar arasında hüquqi əməkdaşlığın genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması və institusional əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayaraq, bundan sonra da qarşılıqlı təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Digər xəbərlər