NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Sərdar sarayının rəssamı

...

Çox qədim tarixə və bədii ənənələrə malik olan miniatür üslubunun ilkin tətbiq məkanının zaman-zaman inşa olunan möhtəşəm saray və şəxsi imarətlər olmasının qarşılığında, sələflərimizin bu üslubun ali bədii-estetik məziyyətlərini özündə hifz edən divar bəzəklərinin bizim günlərə belə çatdığını söyləyə bilərik. Həsədaparıcı məkan gözəlliyinə malik olan, Şərqdə, o cümlədən də onun ayrılmaz hissəsi olan Azərbaycanda qərarlaşan belə tikililərin interyerlərini bəzəyən cəlbedici divar rəsmləri, ayrı-ayrı portret və naxış tərkibli kompozisiyalar bu gün də duyğulandırıcı mənəvi qaynaq olaraq diqqət çəkməkdədirlər. Həmin tikililər bir vaxtlar qədim Azərbaycan şəhəri İrəvanla yanaşı, Şəki, Şuşa, Ordubad, Bakı və digər yaşayış məskənlərini bəzəyiblər. Onların bəziləri zamanın sınağından çıxa bilməsələr də, çoxu bu gün də qalmaqda və tamaşaçılarına zövq verməkdədir. Əlavə edək ki, tarix həm də həmin tikililəri gözəlləşdirən neçə-neçə el sənətkarının adını bizə çatdırmışdır. Onlardan biri də İrəvanda yaşayıb-yaradan Mirzə Qədim İrəvani olmuşdur...

Mirzə Qədim 1825-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvan sənətkar ailəsində anadan olmuşdur. Bəy nəslindən  olan atası Hacı Məhəmməd Hüseyn öz dövrünün çox məşhur ağac­oyma ustalarından  olub. Elə balaca Qədimin rəssamlığa olan meylinin kökündə də onun göz açdığı vaxtdan evlərində  atasının yaratdığı sənət möcüzələri ilə üz-üzə qalmasının durduğunu söyləmək olar. Qədimin uşaqlıq illərində çəkdiyi rəsmlər onun böyük istedadından xəbər verirdi. Bunu atası da, yaxın qohumları da yaxşı görürdülər. Başqa sözlə desək, onun böyüdükcə atasının yolunun davamçısı ola biləcəyini təsdiqləyəcək istedadı göz qabağında idi. Ancaq sənətə bu qədər böyük sevgisi olan Mirzə Qədimin sonradan professional təhsil almaması indiyə qədər də sual doğuran məsələlərdəndir. Belə ki, vaxtı çatanda atası İrəvanda ibtidai təhsil almış oğlunu Tiflis gimnaziyasına  başqa bir peşəyə yiyələnmək üçün göndərir. O, təhsilini bitirəndən sonra doğma İrəvana qayıdaraq ömrünün axırına kimi şəhərdəki poçtda teleqrafçı işləyirdi. 
Taleyinə 50 il ömür sürmək yazılmış M.Q.İrəvaninin adını bu gün Azərbaycan incəsənəti tarixində yaşadan, təbii ki, onun yaşının nə qədər olması deyil. Heç şübhəsiz, adi poçt məmuruna bu ölməzliyi qazandıran həmin yarım əsrin azlığı və yaxud çoxluğu olmayıb, onun bu müddətdə sənətlə bağlı olması, ecazkar bədii nümunələr yaratmasıdır. Rəssamın bədii yaradıcılığı – ərsəyə gətirdiyi portretlər və divar rəsmlərinin bu gün öz xalqına başucalığı və qürur bəxş etməsi isə, yəqin ki, həyatdakı ən böyük mənəvi qazancıdır. Varlığında kollej asessoru (çar Rusiyasında mülki rütbə) və rəssam taleyini birləşdirən M.Q.İrəvaninin onların hər ikisinə münasibəti, demək olar ki, doğma – bərabər olub. Onun əsərlərini vaxtaşırı “Mirzə Qədim İrəvani” və “Qədim bəy”, bəzən də “kollej asessoru” kimi imzalaması da bunun əyani sübutudur.
O, təsviri sənətin bir çox sahələrində, o cümlədən monumental rəngkarlıq və qrafika sahələrində fəaliyyət göstərmişdir. Onun bir o qədər də çox olmayan bədii irsində portret və ornamental kompozisiyalar geniş yer tutur. Rəssamın kağız, parça, dəri və şüşə üzərində işlənmiş əsərləri bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir.
Tədqiqatçılar Mirzə Qədimin yaradıcılığını xronoloji olaraq üç mərhələyə bölürlər. 1840-cı ildən 1850-ci ilə qədərki dövr birinciyə aiddir. Bu illərdə onun daha çox insan təsvirləri ilə əlaqəsi olmayan yaradıcılıq işləri ilə məşğul olması həm də onun cilalanan istedadının tətbiqi sənət ustası olan atasından öyrəndiyi bədii-texniki vərdişləri başqalarına nümayiş etdirməyinin ifadəsidir. Onun divar tərtibatı  və milli tikmələr (“təkəlduz” və “güləbatın”) üçün tərtib etdiyi orijinal çeşni – eskizlər, hazırladığı trafaret – qəliblər də bunu təsdiqləyir. Gözoxşayan milli naxışlardan ibarət belə çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən gö­türülmüş motivlər təşkil edir. Canlılar aləmindən götürülmüş motivlər arasında bülbül, qaranquş, tovuz quşu, nəbati ornamentlərdə isə ot kolu, qızılgül və nar gülü əsas yer tutur. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan və qızılgül şaxəsi üzərində oturan bülbülü təsvir edən rəsm bədii dəyərinə görə xüsusi maraq kəsb edir. Qeyd edək ki, məhəbbət rəmzi sayılan  və çox geniş yayılmış bu motivin rəssamın yaradıcılığında şüşə, dəri, parça və kağız üzərində çəkilmiş müxtəlif versiyalarına da rast gəlmək mümkündür. Onun bizim dövrə gəlib çatmış “Qırqovul və güllər” rəsm-qəlib nümunəsi də diqqətçəkən nümunələrdəndir.   
Onun bədii irsində yağlı boya ilə çəkilmiş əsərlər də xüsusi yer tutur. Elə rəssamın yaradıcılığının ikinci mərhələsini həm də bilavasitə həmin işlər təşkil edir. Bu işlər vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayını (XVIII əsr) bəzəyirmiş. Zəngin xarici və daxili tərtibata malik olan bu sarayın geniş salonunda zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslub”unda çəkilmiş portretlər yer almışdı.
XIX əsrdə müxtəlif funksiyalı ictimai tikililərdə monumental-dekorativ rəngkarlığın yer almasını Azərbaycan məkanında qədim bədii ənənənin davam etdirilməsi kimi də dəyərləndirmək olar. Bunun ən yaxşı nümunələrindən biri İrəvan şəhərində yerləşən Sərdar sarayının interyerində yer almış sənət nümunələridir. 
Bir vaxtlar rəssama şöhrət gətirən bu əsərlərin sonrakı taleyi o qədər də ürəkaçan olmamışdır. Belə ki, Sərdar sarayı 1914-cü ildə erməni vandalları tərəfindən dağıdıldıqdan sonra Mirzə Qədim İrəvaninin iriölçülü bu portretlərinə gürcülər sahib çıxmış və onları Gürcüstana aparmışlar. Onlar bu əsərləri Tiflisdəki Hərbi-Tarixi Muzeyə təhvil vermişlər. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilib. Sərdar Sarayından Tiflisə gətirilən sənət nümunələri muzey ekspozisiyasında göstərilmədiyindən və bərpa olunmadığından, uzun illər ərzində yalnız fondda qaldığından pis vəziyyətə düşmüşdülər. Müstəqillik illərində həmin əsərlərin mövcudluğundan xəbər tutan Azərbaycan tarixçilərinin yerli mətbuatda həyəcan təbili çalmaları nəticəsiz qalmadı. 2018-ci ildə Azərbaycan hökumətinin Gürcüstan rəhbərliyinə müraciətindən sonra M.Q.İrəvaninin əsərlərinin Bakıda Azərbaycan mütəxəssisləri tərəfindən bərpa olunmasına və sərgilənməsinə icazə alındı. Bundan sonra Azərbaycan Milli İncəsənət Muzeyinə gətirilən əsərlər bir neçə ay ərzində tanınmış bərpaçı-rəssam, Əməkdar rəssam Natiq Səfərovun rəhbərliyi altında həyata qaytarıldı. 2019-cu ilin mayında isə həmin əsərlər Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adı altında ictimaiyyətə təqdim olundu. 
Zamanında Sərdar Sarayının interyerini bəzəyən bu əsərlər, ilk növbədə, ölçülərinin böyüklüyü ilə diqqət çəkir. Yağlı boya ilə kətan üzərində çəkilmiş portretlər 200x100 sm ölçüsündədirlər. Onlarda İrəvan xanlığı ilə bağı olan görkəmli şəxsiyyətlərlə yanaşı, adları məlum olmayan adamlar təsvir olunmuşlar. M.Q.İrəvaninin bizə məlum olan bədii irsində yağlı boya ilə yaradılmış əsərlər barəsində bu vaxta qədər əldə edə bildiyimiz informasiyalar yalnız köhnə fotoşəkillər olduğundan, vaxtilə Sərdar Sarayının divarlarını bəzəyən bu portretlərlə Bakı sərgisində əyani tanışlıq çox yaddaqalan idi. Məlumat üçün bildirək ki, həmin sarayda divar rəsmləri mövcud olsa da, M.Q.İrəvaninin əsərləri kətanda işlənib çərçivələnəndən sonra interyerə daxil edilmişdi. Ona görə də onları 1914-cü ildə divardan çıxarıb Tiflisə aparmaq gürcülər üçün o qədər də çətinlik   törətməmişdi. 
Əgər yağlı boya ilə ərsəyə gətirilmiş bu əsərlərin bədii-estetik xüsusiyyətlərini rəssamın sulu boya ilə çəkilmiş portretləri ilə müqayisə etsək, onda onların arasında ciddi fərqin mövcud olduğunu söyləyə bilərik. Belə ki, kağız üzərində yaratdığı portretlərdə kifayət qədər bənzərsiz və özünəməxsus olduğunu sərgiləyən M.Q.İrəvaninin, kətan üzərində yaratdıqlarında həmin dövrdə Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətində geniş yayılmış “Qacar üslubu” estetikasına tapındığı görünməkdədir. Heç şübhəsiz, rəssamın kağız üzərində əldə etdiyi rəng axıcılığını və təravətliliyini yağlı boya ilə ifadə etmək çox çətin idi. Əslində, “Qacar üslubu”nun özü rəng dekorativliyinə meyilli idi və gənc rəssam da çəkdiyi portretlərdə bu estetikanı özünəməxsus tərzdə ifadə etməyə çalışmışdı. Bizə müqayisə üçün onun yağlı boya ilə çəkilmiş digər əsərləri məlum olmadığından, görünənlərə rəğmən demək olar ki, M.Q.İrəvani klassik miniatür rəngkarlığının Avropa bədii ənənələri ilə qovşağından yaranmış “Qacar üslubu”ndan istifadə etməklə yeni ifadə tərzini özünəməxsus çalarlarla zənginləşdirən sənət nümunələri yaratmışdır. Bunu onun sərgidə nümayiş olunan altı əsəri də təsdiqləyir. “Hüseynəli xanın portreti”, “Qəhrəman döyüşçü”, “Zöhrabın portreti” (onu “Rüstəm-Zal” da adlandırırlar), ”İrəvan sərdarı Hüseynqulu xan”, “Döyüşçü portreti” və “Fətəli şah Qacarın portreti” əsərlərində vurğuladığımız məziyyətləri görmək mümkündür. 
Əlavə edək ki, rəssamın “Qacarlar üslubu”nun ən səciyyəvi xüsusiyyətləri sayılan bədii prinsiplərdən istifadə etməsi, sifət və əlləri realistik – gerçəkçi tərzdə, geyim və müxtəlif aksesuarlarının dekorativ tərzdə təqdimatı, tamaşaçısını duyğulandıra biləcək mənəvi qaynaq yarada bilməsi, sözün əsl mənasında, zamanında çəkdiyi akvarel por­tretlər kimi heyrətdoğurucudur. 
Yeri gəlmişkən deyək ki, öz dövrü üçün ciddi bir sifarişin ona həvalə olunması, ilk növbədə, onun istedadına olan inamın göstəricisi idi. Qeyd edək ki, o, bu işləri 1850-ci ildə sarayın bərpa işləri ona tapşırılarkən yerinə yetirmişdir. Başqa sözlə desək, rəssam burada əvvəllər işlənmiş divar bəzəklərini bərpa etməklə kətan üzərində yağlı boya ilə sarayın daxili tərtibatına daxil ediləcək yeni portretlər də çəkmişdi.
Rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildiyi nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakıda – Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
O, xüsusi rəssamlıq təhsili almasa da, görünür Tiflisdə oxuyarkən burada dünyəvi-müasir  tədris proqramı çərçivəsində təsviri sənətin  ilkin vərdişlərinə yiyələnməsi, ona burada qazandıqlarını və atasının tövsiyələrini əski milli dəyərlər – miniatürlər və el sənəti nümunələri ilə qovuşdurmağa, özünəməxsus üslubunu – dəst-xətini müəyyənləşdirməyə imkan vermişdir. Doğrudan da, M.Q.İrəvaninin yaratdıqlarını özündən əvvəl mövcud olanların – nə “Qacar üslubu”nun, nə də real – gerçəkçi sənət ənənələrinin birbaşa görüntüsü saymaq olmaz. Amma onun yaratdıqlarında hər iki ilhamverici mənəvi qaynağın təsiri olsa da, bütünlükdə onların çox fərqli biçimdə təfsiri-interpretasiyası duyulur. Ədalət naminə demək lazımdır ki. M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm də dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir. Bunları həm də milli təsviri sənətimizdə gerçəkləşməyə başlayan dəzgah rəssamlığı formalarının ilk görüntüləri hesab etmək mümkündür.  
Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixinin səhifələrini bəzəyən müxtəlif rəssam adlarının, demək olar ki, hər biri  özündə bir-birindən çox fərqli sənətkar dünyasını ifadə edir,  əldə etdikləri bədii-estetik məziyyətləri daşıyır. Başqa sözlə desək, sənətkarlar tərəfindən ifadə olunan bu dəyərlər həm də onların təmsil etdikləri  xalqın dünyaya baxışının və gözəllik duyumunun estetik tutumlu ifadəsidir. Elə düşünürük ki, Mirzə Qədim İrəvaninin yaratdıqları da, bu mənada, bu gün hər birimizə qürur bəxş edən və dəyər baxımından ölçüyəgəlməz qiymətə malik incəsənət xəzinəmizin yaddaqalan incilərindəndir. Bu səbəbdən də onun adı və xatirəsi vəfatından yüz əlli ilə yaxın bir vaxt keçsə də, hər birimizə doğma və əziz olaraq qalmaqdadır.

 Cavid İSMAYILOV 
Naxçıvan Dövlət Universitetinin
 İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam, dosent

Nəşr edilib : 12.10.2025 11:10