NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Serbiya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb

...

Serbiyanın “Politika” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsi bağlı fikirlərinə geniş yer ayırıb.
"Şərq qapısı" xəbər verir ki, yazıda Prezident İlham Əliyevin təyyarənin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdüyü, Azərbaycan dövlətinin öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirdiyini vurğuladığı bildirilir.
Materialda Azərbaycan Prezidentinin çıxışından sitatlara yer verilib: “Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur”.
Yazıda Prezident İlham Əliyevin “Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik” və “biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik” fikirlərinə xüsusi diqqət yönəldilib.

Nəşr edilib : 06.01.2025 23:14