İctimai Birlik sədri: ICMP-nin təşəbbüsləri və Döv...
13:24 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarəolunması” üzrə çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
Şərafət Həsənov qeyd edib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib:"2020-ci ildə baş vermiş 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. Bu il iyunun 30-na olan məlumata əsasən, 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Bu il iyunun 30-na olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 181-i hərbçi, 45-i isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14-ü qadın, 2-si isə azyaşlı olub. Azərbaycan ictimaiyyətinin, xüsusən də intizarla yaxınlarının yolunu gözləyən itkin ailələrinin diqqətinə çatdırıram ki, yaxın günlərdə də şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidimizin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək".
Digər xəbərlər