NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Sənaye Parkı Naxçıvana investisiya cəlbinə, əhali məşğulluğunun artırılmasına töhfə verəcək-şərh

...

“Sənaye parkları ölkədə qeyri-neft sektorunun inkişafı üçün ən zəruri strukturlaşdırılmış, ixtisaslaşdırılmış istehsal ərazilərindən biridir. Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq ölkəmizin əsas hissəsinə inteqrasiyası baxımından bu tip parkların yaradılmasına ehtiyac vardı. Və Prezident İlham Əliyev ötən il dekabrın 5-də bununla bağlı müvafiq Sərəncam imzaladı. Konkret olaraq həmin dövlət sənədinin, daha dəqiq desək, Sənaye Parkının yaradılmasının Naxçıvan iqtisadiyyatına verəcəyi töhfələr baxımından, birinci növbədə, məşğulluğun artırılması diqqəti çəkir. Çünki hazırda Naxçıvan sakinlərinin bu məsələdə böyük ehtiyacı vardır. Başqa sözlə, məşğulluq, insanların daha çox hiss edə biləcəyi istiqamətdir”.

Bu sözləri “Şərq qapısı”na açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov söyləyib.

O qeyd edib ki, təbii olaraq Sənaye Parkı istehsal prosesinin formalaşması, Naxçıvana investisiyaların cəlbi, sənaye sahələrinin, ələlxüsus da, bu tipli müəssisələri xammalla təchiz edə biləcək digər sahələrin inkişaf etdirilməsinə də öz töhfəsini verəcək. Bu Sənaye Parkı, eyni zamanda yeni xidmət sahələrinin formalaşmasına, sənaye zonasına, sənaye parklarına məhsul verə biləcək digər KOB-ların yaranmasına xidmət etmiş olacaq. Sonda isə artıq Naxçıvanın ixrac potensialı yüksələcək. 

İqtisadçı-ekspert vurğulayıb ki, ixrac potensialının yüksəlməsi təbii olaraq, Naxçıvanda istehsal olunacaq sənaye məhsullarının Türkiyəyə, İrana rahat şəkildə ixracına imkan yaradır ki, məhz bu amil sənaye parkının inkişafı üçün əlavə fürsətlər verir: “Bildiyimiz kimi, sənaye parkları dövlət tərəfindən yaradılaraq onlara önəmli imtiyazlar təqdim edilir və bu imtiyazlar sayəsində parkda fəaliyyət göstərən KOB, ümumiyyətlə, digər təsərrüfat subyektləri xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsal etmək imkanı qazanır. Yəni dövlət olaraq, proseslər yaradılır.”

“Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasından sonra, sənaye parkları yeni fürsətlər qazanacaqlar. Və məhz Azərbaycanın işğaldan azad etdiyi ərazilər, Naxçıvan və Türkiyə istiqamətində Orta Dəhlizin yeni bir seqmenti yaranacaq. Bütün iqtisadi fəaliyyət növləri, o cümlədən də Sənaye parkları bu seqmentdən yararlana biləcək”,– deyə Eldəniz Əmirov əlavə edib.

 

Nəşr edilib : 17.04.2025 10:21