Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
11 iyul 2025-ci il. Paris. UNESCO-nun Baş Qərargahında keçirilən 47-ci sessiyada Azərbaycanın təqdim etdiyi iki nadir mədəni-tarixi irs nümunəsi – “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilməsini böyük sevinc hissi ilə qarşıladıq. Bu Azərbaycanın mədəni uğurudur. Həm də tariximizin və yaddaşımızın dünya səviyyəsində qəbul olunması deməkdir. Bu xəbərin ən qürurverici tərəfi isə ondan ibarətdir ki, siyahıya düşən irs nümunələrindən biri olan Gəmiqaya məhz Ordubad rayonunun ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən müqəddəs bir dağdır.
Qayalarda danışan tarix
Gəmiqaya qədim insanların daşlara həkk etdiyi düşüncə, inanc və həyat fəlsəfəsidir. Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və orta əsrlərə aid olan bu qayaüstü təsvirlər – ov səhnələri, insan fiqurları, heyvan obrazları, rəmzi işarələr, sadəcə, bir xalqın yox, bütün bəşəriyyətin qədim düşüncə xəzinəsidir. Gəmiqaya bu gün Azərbaycan mədəniyyətinin ilkin ocaqlarından biri kimi dünya miqyasında tanınır. Bu əraziyə səyahət edən hər bir insan orada təkcə qədim sənətin deyil, həm də zamanın səsinə qulaq asır. Daşlara həkk olunan hər simvol bir niyyətdir, bir duadır, bir hekayədir. Gəmiqaya tarixi bir salnamə kimi minillikləri susaraq, ancaq dərin mənalarla danışaraq ötürür.
UNESCO tərəfindən tanınmaq
Qeyd edək ki, Gəmiqayanın UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına düşməsi həmin ərazinin elmi tədqiqatlara daha geniş açılması, dünya turizm xəritəsinə salınması, bəşəri irsə töhfə kimi dəyərləndirilməsinə böyük imkan yaradacaqdır.
Gəmiqayanın bu siyahıya daxil edilməsi Azərbaycanın qədim sivilizasiya məkanı kimi tanınmasına bir daha sübut oldu. Bu uğur, sadəcə, mədəni irsimiz üçün deyil, həm də ölkəmizin beynəlxalq nüfuzu üçün mühüm əhəmiyyət daşıyır.
Yüksəklikdə olan dəyər
Bu gün biz 3725 metrlik yüksəklikdə yerləşən bir mədəniyyət abidəsini təkcə coğrafi deyil, mənəvi yüksəklikdə də görürük. Gəmiqaya artıq, sadəcə, Azərbaycanın deyil, bütün dünyanın tanıdığı və qoruduğu dəyərlər sırasındadır. Sevinirik və qürurluyuq: daşlarda qalmış bir xalqın ruhu duyulur, sözü eşidilir. Millətimin yaddaşı Gəmiqaya, uğurun mübarək olsun!
Əhməd ƏHMƏDOV
Digər xəbərlər