NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Sən elə bir zirvəsən...

...

Naxçıvanda əzəmətli, vüqarlı, müqəddəs bir məbədgah var. Ulu yurdumuz Naxçıvana qədəm qoyan hər kəs əvvəlcə bu yeri ziyarət etməyi özünə mənəvi borc bilir. Çünki bu yerdə xalq olaraq mənəviyyatımızı qoruya bilmək, dəyərlərimizə sahib çıxmaq, milli kimliyimizi dünyaya sübut etmək gücünü xalqımıza bəxş edən Ulu Öndəri dərin sevgi və ehtiramla yad edirik. Sanki bu yerdə dərk edir, hiss edirik ki, bəzi insanlar öz nurunu mənəvi aləmin ən yüksək zirvəsinə çatdırmağa qadirdir. Üz tutduğumuz ümman qədər sonsuz sevgi bəslənilən bu ziyarətgaha ümumxalq məhəbbəti var. Çünki bu yer xalqını sonsuz məhəbbətlə sevən, qoruyan, arxa-dayaq olan Ulu Öndərin adını şərəflə daşıyan xatirə muzeyidir. 

Bu muzey Azərbaycanımızın xilaskarının anadan olmasının 75-ci ildönümü günündən fəaliyyətə başlayıb. Həyatı hamıya örnək olan Ulu Öndərin ictimai-siyasi fəaliyyətini öyrənmək üçün burada təşkil edilən guşələrin hər biri bir tarixi salnamədir. Ətrafı qırmızı çiçəklərlə bürünmüş bu ünvan dekabr ayında sanki kədərli bir görkəmə bürünür. Elə bil muzey də adını daşıdığı əvəzolunmaz dahinin yoxluğuna, bizdən cismən ayrıldığına görə qəm-qüssəyə batıb... Xüsusilə bu vaxtlar qələbəlik olan muzeyə insan axınının ard-arası kəsilmir – bura xalqın ziyarət yerinə çevrilir. Azərbaycan xalqı bir an olsun öz xilaskarını unutmur, daim onu ehtiramla yad edir. Çünki ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən şəxsiyyətlər heç zaman unudula bilməz.
Muzeyi addım-addım gəzərkən Ulu Öndərin şəxsi əşyalarını izlədikcə insanın qəlbində coşub-çağlayan qürur hissini sözlərlə ifadə etmək necə də çətindir... Azərbaycanı işıqlı gələcəyə qovuşduran, nurlu gələcəyə aparan bir çırağın qarşısındayam. Atamızın xalqımızın firavan günləri üçün qəbul etdiyi mühüm qərarları bu çırağın işığında imzaladığını düşündükcə qeyri-ixtiyari duyğu yüklü hisslər təlatümə gəlir. Qəlbim bu çırağın hərarəti ilə isinir. Sanki Ümummilli Liderin 1991-1993-cü illərdə Naxçıvanda istifadə etdiyi şəxsi əşyaları içərisindəki bu çıraq muzeyin digər dəyərli nümunələrindən tamamilə fərqlənir. Bəlkə də, ona görə ki, bu çıraq Ulu Öndərin atdığı qətiyyətli addımlara şahidlik edib. 
Tarixin ən sərt dövrlərindən keçərək xalqımızın milli şüuruna süzülən, Ulu Öndərin mənalı ömür yolu, həyatı barədə insanlara illərdir, qürurla məlumat verən digər mənəviyyat guşəsində bir əşya da var... Ulu Öndərin məğrur simasına baxaraq qürurlanan bu əşya Ulu Öndərin Azərbaycanın tarixinə hopduğu və əbədiyaşarlıq qazandığı anın dəqiqələrini, hətta saniyələrini üzərində daşıyan ən sevdiyi saatıdır... 20 ildən çoxdur ki, həmin yerdə dayanaraq saat 7-yə 8 dəqiqə qalan zamanı göstərir. O zaman ki Atamızın aramızdan cismən ayrılıb, xalqın çiyinlərində əbədi həyata yola salındığı o nakam zaman...
Dahi şəxsiyyətin həyatı, siyasi fəaliyyətini ən səmimi sözlərlə, fikirlərlə ifadə edən “Xatirə kitabı”nı həyəcanla vərəqləyirəm. Kimlər-kimlər öz səmimi, sevgi dolu ürək sözlərini yazıblar bu kitaba... Diqqətimi Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin yazdığı bu fikirlər çəkir: “...Ulu Öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.
Xalqının rifahını, həyatını daim göz önündə tutan, bir an belə olsun içində Azərbaycan xalqının olmadığı siyasəti düşünməyən dahi rəhbərin xidmətləri necə də zəngin və mənalıdır. Liderimiz Heydər Əliyevin hər zaman xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşdirilməsi, bir sözlə, xalqa, canımız, qanımız doğma Azərbaycanımıza misilsiz xidmətlərini muzeydə nümayiş olunan bir-birindən dəyərli eksponatlar da sanki dil açıb danışmaq istəyir.
Muzeylə vidalaşarkən muzeyin önündə böyük şəxsiyyətin məğrurluğunu, ucalığını, ülviliyini ifadə edən, əzəmətlə yüksələn abidəsini qürurla izləyirəm. Qarşısında dayanıb, sonsuz minnətdarlıq hissi ilə önündə baş əyirəm, təşəkkür edirəm, bizə müstəqil Azərbaycanı və bu gün Onun yolu ilə addım-addım gedərək xalqımızı xoşbəxt günlərə, nurlu sabahlara aparan cənab İlham Əliyev kimi böyük şəxsiyyət bəxş etdiyi üçün... 

Gülcamal TAHİROVA

Nəşr edilib : 12.12.2024 18:35