NAXÇIVAN :

02 Yanvar 2025, Cümə axşamı

Səmalarda ümid dolu səs: “Hər şey yaxşı olacaq”

...

Üç gündür, qulağımızda bir səsin əks-sədası var. Labüd ölümdən qorxmayaraq  insanların təşvişinə son qoymaq üçün həyəcan dolu səs: “Hamı sakit olsun... hər şey yaxşı olacaq!..”. Bu səsin həyəcandan çox peşəkarlığını da  duyduq. “Ümidlər sonda ölür”, – deyə düşünürdü o insan. Bəli, üç gündür ki, bu titrək səsin sədası ilə layla deyirik səmalarda sonsuzluq dövrəsi vuran pilotlarımıza və dünyasını dəyişənlərə...

O qadın və pilotlar özlərindən sonra dərin bir iz qoydular, izi silməmək üçün!.. Onlar bizim qəhrəmanımız, səmalardakı ümid səsimiz, yerə çatanda nur saçan Günəşimiz oldular. Yerdə də ümid axtardılar dövrə vuraraq. Lakin biz onları səmalarda xatırlayacağıq. Qəhrəman xanım Hökümə Əliyevanın dediyi kimi, hər şeyin yaxşı olacağını sərnişinlər onsuz da gözləmirdilər, bu təsəlli ilə də dünyalarını dəyişdilər. O, sərnişinlərə yalan deməmişdi. Sadəcə, buludların arasında onları ümidə bələmişdi. 13 yaşlı Məhəmmədəlinin yeni ilə yeni arzularla gedə bilmədiyi körpə ürəyinin döyüntüsünü də duyduq. Duyduğumuz andan da qəlbimiz ağrıdı. Hər kəs onun ana, ata harayını qəlbinin dərinliyində hiss etdi.

Hamımızı iliyinə kimi sarsıdan bu faciə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə bir günlük matəmlə anıldı. Xalqımız matəmin fonunda yenə o səsi duydu, “Hamı sakit olsun... hər şey yaxşı olacaq!..”.

Cənnətləri səma, səmaları qorxu dolu olan qəhramanlarımız... Onların qorxu, həyəcan dolu səsləri hər birimizi sükuta qərq etdi. Qəlbimiz qan ağlasa da, hamımız sakit olduq... Arzu dolu səmalara ucalan ruhlar rahat uyusun deyə sakit olduq...

Taleyimizə yazılmış bu faciə, xalq olaraq bizi dərin hüznlə sarsıtdı. Sona çatmış həyatlar, yarım qalmış arzular kədər ağacının kölgəsində uyudu.

Başımız sağ, səmalarımız aydın olsun!

 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 27.12.2024 15:23