NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

“Səma mələyi”

...

Naxçıvanda Milli Qəhrəman Hökumə Əliyeva haqqında ilk kitab çapdan çıxıb

Bu gün də hər bir azərbaycanlının böyük sevgi və məhəbbətlə xatırladığı “Hörmətli sərnişinlər, kəmərlərinizi bağlayın. Hər şey yaxşı olacaq” sözləri ilə təyyarə sərnişinlərinə, doğrudan da, inam və ümid bəxş edən Hökumə Əliyeva haqqında işıq üzü görən “Səma mələyi” kitabını həyəcansız oxumaq mümkün deyil. Eyni zamanda qürur yaşayırıq “Səma mələyi”ni vərəqləyəndə. Və Hökumə Əliyevanın ekipaj üzvləri ilə birlikdə öz vəzifəsini yerinə yetirdiyi zaman göstərdiyi mənəvi qəhrəmanlıq yadımıza igid Azərbaycan qadınlarını salır; demək onların yolunu davam etdirənlər var. Bunu ölkə Prezidenti cənab İlham Əliyev belə xarakterizə edir: “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını yüksək qiymətləndirirəm, pilotlar və bütün ekipaj üzvləri böyük qəhrəmanlıq göstərdilər”.

Adim Adıgözəlin müəllifi olduğu “Səma mələyi” bizi igid azərbaycanlı qızının həyat yoluna aparır. Təəssüf ki, bu yol çox qısadır. Təskinliyi onda tapırıq ki, qısa ömür yolunda bütün dünya onu tanıdı; tanıdı və sevdi; bu gün isə ürəyində yaşadır.

İki yaşından doğulduğu Kəlbəcərdən məlum səbəblərdən uzaq düşərək köçkünlük həyatı yaşayan Hökumə Əliyevanın kiçik tərcümeyi-halı hər birimizdə onun gələcəkdə Azərbaycan üçün böyük işlərə imza atmağa qabil olan bir insan təəssüratı yaradır. Ancaq o, çox gənc ikən ən böyük qəhrəmanlığa imza atdı. Və bu qəhrəmanlıq kitabın səhifələrində özünə yer almış xatirələrdə, onun haqqında yazılmış şeirlərdə əks olunub.

Şeirlərin hər biri sanki Hökumə Əliyevanın xarakterini yaxından tanıyanlar tərəfindən qələmə alınıb:

“Yaxşı olar” – ümid verdin hər kəsə,

Mələklər də heyran qaldı bu səsə,

Çoxlarına həyat verdin, sən isə

Qəhrəmantək həlak oldun, Hökumə.

                       (Əli Ələkbəroğlu)

Mən isə düşünürəm ki, mələklərin də heyran qaldığı “yaxşı olar” ümidi ilə sərnişinlərə həyat verən Hökumə xanım qəhrəmantək həyatla vidalaşaraq xalqımızın qəlbinə köçdü. Səmada Ulu Tanrıya yaxın olan bu igid azərbaycanlı qızı ömürlük qəhrəmanlıq dastanı yazaraq dünyaya bir haray saldı. Bu harayı bütün dünya eşitdi. Bir iş yoldaşı Hökumə haqqında xatirəsini bir cümlə ilə ifadə edir: “O qədər səssiz qız idi, indi gör necə səs saldı getdi”.

Hökumə Əliyeva haqqında qələmə alınmış “Səma mələyi” hələlik ilk qaranquş təsiri bağışlayır. Bundan sonra qəhrəmanımız haqqında daha böyük əsərlərin – nəsr, nəzm və publisist əsərlərin yazılmasına, musiqilərin bəstələnməsinə, rəsm əsərlərinin çəkilməsinə inanırıq.

Nəşr edilib : 12.02.2025 15:10