NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

...

Naxçıvan bu gün özünü elektrik enerjisi ilə təmin edir. Cari ildə muxtar respublikada istehsal və istehlak olunan enerjinin 60 faizi bərpaolunan mənbələr hesabına əldə edilib. Aprelin 24-dən iyulun 10-na qədər muxtar respublikada enerji almaq üçün bir kubmetr də olsun qaz yandırılmayıb, tələbat yalnız bərpa olunan mənbələrdən ödənilib. Bu, Naxçıvanın bərpaolunan enerji gücünü göstərir.
“Şərq qapısı” xəbər verir ki, bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Naxçıvan Muxtar Respublikasında  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.
Onun sözlərinə görə, ilkin olaraq Naxçıvanın ümumi enerji potensialı 21 min MVt-dan çox qiymətləndirilir. Təbii ki, bu, Naxçıvanda Günəşli günlərin sayı, hidrogücün həcmi, Günəş radiasiyasının göstəricilərindən asılıdır. Qarşıdakı hədəf 1000 MVt-a qədər enerji istehsalına nail olunmasından ibarətdir. Lakin bu enerjinin əldə edilməsi təbii ki, magistral qoşulmalar tələb edir. Hazırkı vəziyyətdə Cəbrayıl enerji qovşağından Naxçıvan Muxtar Respublikasına 330 kV-luq xəttin çəkilməsi və muxtar respublika boyunca Ordubaddan Sədərək rayonuna qədər, oradan da Türkiyə vasitəsilə Qərbə çıxış imkanları dəyərləndirilir. Artıq muxtar respublikada 330 kV-luq ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi ilə bağlı hazırlıqlara başlanılıb. Naxçıvan şəhəri ərazisində Naxçıvan Çevirici Yarımstansiyasının inşası üçün ilkin hazırlıqlara start verilib. Bu, muxtar respublikanın enerji generasiyasının ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulması məqsədini daşıyır.
“Hazırda muxtar respublikada cənab Prezidentin səfəri zamanı tanış olduğu, hər birinin gücü 25 meqavat olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarının inşasına başlanılıb. Ümumi gücü 50 MVt təşkil edən bu stansiyaların tikintisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ilin noyabr ayında imzaladığı müvafiq qərarla ayrılmış 688 hektar ərazidə aparılır. Həmin sahədə ilkin mərhələdə 50 MVt gücündə nəzərdə tutulan Günəş elektrik stansiyalarının gələcəkdə genişləndirilərək 400 MVt-a çatdırılması hədəflənir.
Əlavə olaraq, cənab Prezidentin 12 avqust tarixli Sərəncamında 15,6 MVt gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi də əksini tapıb. Bu stansiya muxtar respublikanın bərpaolunan enerji generasiyasına töhfəsini verəcək. Digər mühüm layihə isə ümumi gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasıdır. Hazırda bu layihə üzrə tikinti işləri davam etdirilir. Transsərhəd çayımız olan Araz çayı üzərində yerləşən Ordubad Su Elektrik Stansiyası üzrə müvafiq prosedurlar icra olunur və bu layihə də bərpaolunan mənbələr hesabına əlavə generasiya gücü yaradacaq”, - deyə C.Cəlilov bildirib.

Nəşr edilib : 05.10.2026 21:45