Təhlükəsiz qida ilə daha sağlam həyata
17:03 25.09.2026
0
0
0
NAXÇIVAN :
25 Sentyabr 2026, Cümə
İllər dəyişir, Məhəbbətimiz dəyişmir…
Artıq 60 yaşını qeyd edən Məhəbbət Mirzəyeva – bizim Məhəbbətimiz. “Şərq qapısı”nın Texniki yaradıcılıq bölməsinin müdiri, illərdir, bu qəzetin səhifələrinin görünən və görünməyən zəhmətini daşıyan insanlardan biri.
Yaşının 47-sində gördüm onu ilk dəfə. Həyatın insanı yavaş-yavaş dəyişdirdiyi, illərin üzə öz izini, öz cizgisini yazdığı bir vaxtda… Pilləkənləri qalxa-qalxa baxırdım ona. İlk baxışdan tanış gəlməyən sima, amma içində illərin uzaqlığını daşıyan biri idi qarşımda. Baxışlarında uzun bir həyat sezilirdi. Danışmağa ehtiyacı olmayan, sanki susduqca daha çox şey danışan bir həyat…
Üçüncü mərtəbəni qalxırdım, o isə yanımda bir qədər aralı gedirdi. Hər addımda ona baxır, içimdə qəribə bir hiss keçirirdim. İnsan bəzən tanımadığı birini gördükdə bu hisslərə qapılır. Düşünürsən, sual edirsən öz-özünə: qarşındakı insan dəyişib?! Axı tanımırsan onu…
Saçlara dən düşüb, baxışlarda əvvəlki gənclik enerjisindən daha çox həyatın verdiyi təcrübə, yaşın gətirdiyi həlimlik görünür. Elə bil, bu mənzərəni haradasa əvvəllər görmüşdüm. Filmdə, ya da həyatımın hansısa unudulmuş səhifəsində…
Üçüncü səhifə...
Səsini eşidirəm: – Üçüncü səhifəni gətirin. Gözünün ucu ilə salam verir. Gözünün içinə baxıram – yaşının 47-sində. Düşünürəm, görəsən, bu illər onu nələrdən keçirib? Hansı sevincləri yaşayıb, hansı kədərləri gizlədib? Neçə dəfə ürəkdən gülüb, neçə dəfə heç kim görməsin deyə gözyaşını içinə axıdıb? O ilk gördüyüm sima 49-da da, 50-də də, 55-də də dəyişmir: yenə o gur səs, yenə tələskənlik, yenə eyni məsuliyyət, yenə hamıya qarşı isti münasibət…
Zaman axar su kimi keçir, Məhəbbət Mirzəyeva isə bizim “Məhəbbətimiz”ə çevrilir. Belə insanların ən böyük sərvəti illər deyil, illər ərzində qoruyub saxladıqları insanlıqdır. Məhəbbət (imiz) həyatın çətinliklərini görüb sərtləşməyib, insanların səhvlərini görüb hamıya inamını itirməyib. Əksinə, hər keçən il onun qəlbində mərhəməti, səbri və insanlara olan sevgini daha da böyüdüb.
On ikinci səhifə...
Səsini yenə eşidirəm: – On ikinci səhifəyə baxın! Səhifəyə baxıram. Yaşının 60-ında… Bəzən bir şəkil, bir səs, bir hiss insanı illər əvvələ aparır. O zaman anlayırsan ki, həyatın ən qiymətli anları yaşanarkən adi görünürmüş. Zaman keçdikdən sonra isə həmin anların, əslində, nə qədər böyük nemət olduğunu dərk edir insan.
47-dən 60-a uzanan bir səhifə
60 illik bir ömrün izi! Bu gün, sadəcə, bir yaş tamam olmur. Bu gün həm də bir ömrün 60 illik yolu qarşısında dayanıb geriyə baxmaq günüdür. 60 – bu rəqəmin içində bir uşaqlıq, bir gənclik, saysız-hesabsız arzular, sevinclər, qələbələr, məğlubiyyətlər, bəzən də heç kimə danışılmayan ağrılar var. Hər ilin öz xatirəsi, hər xatirənin öz hekayəsi var. Bu hekayədə biz də varıq. “Şərq qapısı” qəzeti də var.
Yaşının 60-ında görürəm onu… Keçmiş bir anlıq gözümün önündən keçir, sanki zaman dayanır. Aradan illər keçməsinə baxmayaraq, o, yaddaşımızda əvvəlki yaşlarında qalıb. Harada və neçə yaşında görməyimizdən asılı olmayaraq, ürəyimiz onu tanıdığımız ilk günkü kimi xatırlayır. Bəlkə də, həyatın ən qəribə tərəfi budur: illər keçir, insanlar dəyişir, amma bəzi xatirələr qocalmır. Elə Məhəbbətimiz kimi… 60 yaşa çatmaq həyatın bir mərhələsini başa vurmaq deyil. Bu, geriyə baxıb keçilən yola daha dərindən nəzər salmaq, yaşananların əsl qiymətini anlamaq dövrüdür. Məhəbbət Mirzəyevanın saçlarına düşən hər ağ tel bir xatirənin izi, üzündəki hər cizgi bir gülüşün, işinə olan məsuliyyətin, bir gecə yuxusuzluğunun, bəzən də heç kimin görmədiyi bir duyğunun yadigarıdır.
Yaşının 60-ında görürəm onu – iş otağında. Fərqli, amma yenə də özünəxas Məhəbbəti… İndi kimin yanında, həqiqətən, rahat olduğunu, kimin sözünün, kimin sevgisinin səmimi olduğunu daha yaxşı anlayır. Vaxtın ən qiymətli nemət olduğunu daha fərqli düşünür. Artıq bəzi şeylərin arxasınca qaçmır. Kiminsə sevgisini qazanmaqdan çox, sahib olduğu insanların qədrini bilir. Yazılan sözlərdən çox baxışlara, verilən vədlərdən çox davranışlara inanır.
Elə bu yaşın ən böyük gözəlliyi də budur. İnsan artıq həyatın qiymətini daha yaxşı bilir. Böyük xoşbəxtliklər axtarmır. Süfrə arxasında sevdiklərinin olmasına sevinir. Həyatın, əslində, illərlə deyil, insanlarla və xatirələrlə ölçüldüyünü anlayır.
Odur ki, 60 yaş insanın arxasında qoyduğu izə baxdığı yaşdır. 60 yaş “Qocaldım” demək deyil. 60 yaş “Çox şey gördüm, çox şey öyrəndim və hələ də yaşamaq üçün səbəblərim var” deməkdir. Bu yaşda insanın ən böyük qazancı keçmişi, ən böyük gücü təcrübəsi, ən böyük xoşbəxtliyi isə ətrafında onu sevən insanların olmasıdır. Qarşıda hələ yaşanacaq günlər, deyiləcək sözlər, görüləcək yerlər və yazılacaq yeni səhifələr var.
Birlikdə: həyatda və qəzetdə
İndi yaşının 60-ında yazıram səhifələrdən birini. Mənim yaddaşımda isə yaşının 47-sindədir hələ də… Keçmişin bir parçasıdır bu yaş. Və anlayıram ki, sizin yaşınız dəyişə bilər, görünüşünüz dəyişə bilər, həyatınız dəyişə bilər, amma ürəyimizdə ayrılmış yeriniz heç vaxt dəyişməz. Bir ömrün ən dəyərli səhifələrindən birini çevirməkdəsiniz. Qarşıda isə hələ çevirəcəyimiz çox səhifələr var. Birlikdə: həyatda və “Şərq qapısı”nda…
Doğum gününüz, 60 illik yubileyiniz mübarək, Məhəbbətimiz!
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər