NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

“Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub

...

"Şərq qapısı" xəbər verir ki,  Ordubad rayonunda “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş etdirilib. Mədəniyyət Sarayında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev,
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli,  Ali Məclisin deputatları, YAP rayon təşkilatının sədri, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ziyalıları iştirak ediblər.
Filmin nümayişindən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir iştirakçıları təbrik edilib, müstəqilliyin bərpasının, xalqın milli iradəsinin təcəssümü olaraq, dövlətin gələcək inkişafı üçün möhkəm təməl yaratdığı nəzərə çatdırılıb. Həmçinin müstəqilliyimizin və suverenliyimizin bərpasında Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edilərək əldə olunan zəfərin Azərbaycan xalqının qəhrəmanlıq və şücaət əzmini əks etdirdiyi vurğulanıb.
Daha sonra Azərbaycan kinematoqrafçılar ittifaqının katibi, kinorejissor Tahir Tahiroviçin ssenari müəllifi olduğu “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş etdirilib. Filmdə Ordubad şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs olunur.       
Sənədli filmə baxış yekunlaşdıqdan sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli filmin ərsəyə gəlməsində əməyi olanlara öz minnətdarlığını bildirib.

Nəşr edilib : 19.10.2024 00:16