NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Şəhid zəvvarlı karvan

...

Vətəni olmayanlar nə bilər Vətən nədir? Belələri Vətən uğrunda canından keçmək, fəda olmaq hissinin nə olduğunu haradan bilsin ki?!
Vətən, uğrunda ölən var ki, Vətənsən! Kəlmələrin ən şirinidir ana və Vətən sözləri. Birincinin bətnindən doğulursan, ikincinin qoynunda uyuyursan. Nə xoş bizə! Nə xoş ata yurdumun övladı olana, onun torpağından yoğrulana. Nə xoş bu qədər aslanların ayaqlarının dəydiyi ölkədə yaşayanlara.
Hələ Birinci Qarabağ savaşında bir millət kimi nələrə qadir olduğumuzu bilirəm. Otuz il əvvəl torpaqlarımız uğrunda gedən mübarizədə atalarımızın, əmi, dayı, qardaşlarımızın əzminə heyran olmuşdum uşaq ağlım ilə. İllərlə sürən davada yorulmadan, usanmadan torpaq uğrunda qurban getməkdən çəkinməyən xalqın nümayəndəsi olmaqdan qürur hissi duyuram. Atalarımızın yarımçıq qalmış mübarizəsini davam etdirən igid oğullarımızın əzmini görüb heyrətlənməyə bilmirəm. Birincilərin balası, ikincilərin anası olmaqdan fərəh hissi keçirirəm.
Ana demişkən nə dərəcədə asandır ki, övladını Vətən uğrunda qurban etmək və “Vətən sağ olsun” demək. Hansı güclü ata qəlbi dözsün bala adlı sağalmaz dağa?! Bala dağlı valideynlərə, şəhid doğmalarına, ailələrinə səbir əta et, İlahi!
Belə ailələrdən biri də Məmmədovlar ailəsidir. Rasim atanın və Sahilə ananın böyütdükləri üç övladdan ikincisi olan Sahil 7 iyun 1995-ci ildə Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdu. Anası Sahilə xanımın dediyi kimi aləsinə ikinci ən böyük sevinci yaşatmışdı Sahil. Hələ uşaq vaxtlarından yaşıdlarından fərqlənirmiş. Evdə, məhəllədə, məktəbdə sayılır, seçilirmiş bu gülər­üzlü, şirin sözlü, yaraşıqlı oğlan. Sahilə xanım oğlunun ipək kimi xasiyyətindən, necə ailəcanlı olmağından, hörmət qazanmağından göz yaşları içərisində danışdıqca Sahili gözlərimin önündə canlandırırdım anasına, yeri gələndə ev işlərində, atasına həyət-bacada kömək etməkdən zövq alarmış Sahil.
2001-2005-ci illərdə Qaraçuq kənd tam orta məktəbində oxuyan Sahil ibtidai sinfi əla qiymətlərlə başa vurmuşdu. 2005-2009-cu illərdə Heydər Əliyev adına tam orta məktəbdə təhsilini davam etdirir və burada sevilən şagirdlərdən biri olur. Sərkərdə olunmur məncə, sərkərdə doğulur insan! Və bu anda düşünürəm ki,  Sahil də anadan sərkərdə kimi doğulmuşdu! Demək ki, onun hər yerdə fərqli hərəkətləri bundan irəli gəlirmiş. Çünki Sahil yaşından artıq bir düşüncə sahibi idi. Və onun nə istədiyini də bilirdilər. Baxmayaraq ki, anası onu yolundan döndərmək üçün dilə tutmağa çalışmış, alınmayınca xeyir-duasını vermişdi. Anasının: “Ay oğul, sən axı istənilən ali məktəbə daxil olmaq iqtidarındasan, axı niyə hərbini seçirsən? Çətindir hərbçi həyatı, təhlükəlidir hər anı hərbçinin!” sualına Sahil: “Ana, bu torpağı mən qorumayım, digərləri qorumasın bəs kim qorusun!” cavabını vermişdi. Nəhayət, ata-anasının razılığı ilə 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Cəsarəti, çevikliyi, vətənpərvərliyi nümunə olur kursant yoldaşlarına. Arzular qabaqda qalaq-qalaq idi. Növbəti hədəfinə çatır. 2012-2016-cı illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Naxçıvanda oxuyarkən həftə sonları evə gələndə bayram edirdi hamı. Qardaşı Amil və bacısı Rasimənin səs-küyləri evi başına alardı. Bakıdan gəldiyi dövrlərdə bambaşqa ab-hava olurdu evdə. Sahilə xanım: “Biz necə də bəxtəvər idik onda”, – deyir. Sinəsi dağlı bir ananı dinləmək istəyirəm. Ona nə deyim?! Kəlmələr acizdir bu ata-anaların ağrı-acılarının qarşısında.

Sahil 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbini Motoatıcı ixtisası üzrə uğurla bitirir. 2016-cı il iyulun 4-də müdafiə nazirinin müvafiq əmrinə əsasən Şəmkir korpusunun snayper bölüyündə bölük komandirinin müavini, 2019-cu ilin mart ayında “N” hərbi hissədə Həmlə taborunda taqım komandiri vəzifəsində xidmət edir. O, Tovuz döyüşlərində də iştirak edir, cəsurluğu ilə fərqlənir. Ürəyi şəhidlərimizin qisasını almaq üçün döyünürdü.
II Qarabağ müharibəsinin başlaması onun da yanan ürəyinə su səpmişdi. Ali Baş Komandanın əmrini çoxdan gözləyirdi axı. İndi düşmənlə üz-üzə gəlməyin vaxtı idi. Sahil də digər qəhrəman oğullarımız kimi qorxmadan döyüş meydanına atıldı. Murovdağ silsiləsinin düşməndən təmizlənməsində xüsusi fəallıq göstərən Sahil döyüş yoldaşlarının xatirəsində yenilməzlik rəmzi kimi qalır.  Birgünlük məşəqqətli döyüş yolunun sonunda onu ali bir məqam gözləyirdi: Şəhidlik zirvəsi! 28 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhadətə yükələn Sahil bütün sevgilərini Vətən sevdasına qurban verdi o gün. 29 sen­tyabr tarixdə şəhidliyə ucalması haqqında məlumat verilsə də, məlum səbəblərdən nəşini əldə etmək olmamışdı. 68 gün sonra ailəyə onun nəşinin tapılması haqqında məlumat verilir. Sahilə xanım: “O, 68 gündə nələr çəkdiklərimizi bir Allah bilir. Allaha yalvarıb balamın nəşinin tapılmasını dua edirdim.  Heç olmasa, yatdığı yeri ziyarət edər, isti bədənini örtən soyuq daşını, torpağını sığallaram”, – deyə düşünürdüm.
O dönəmdə Naxçıvana şəhid gətirilməsi davam edirdi. Bir Sahil kənar qalmışdı bu şəhid zəvvarlı karvandan.
Nəhayət ki, sevdikləri onun nəşini 7 dekabr 2020-ci ildə doğulduğu kəndin qəbiristanlığında uğrunda fəda olduğu torpağa tapşırdı. İndi onların təskinlik üçün üz tuta biləcəyi bir ünvan var idi, bəy otağı kimi bəzənmiş soyuq bir məzar olsa belə.
Oğlunun qarayaylıq qalan həyat yoldaşından söhbət açan Sahilə xanımın gəlininə rəğbətini hiss etməmək mümkün deyildi. “Turanə Sahilə sədaqətli dost və yaxşı həyat yoldaşı, ailəsinə yaxşı övlad, bizə yaxşı gəlin, körpəsinə mehriban və qayğıkeş ana olub həmişə”, – deyir Sahilə xanım gəlini haqqında. İndi isə şəhidinin adını uca tutub yaşadan ləyaqətli şəhid xanımıdır və bütün addımlarını şəhid Sahilinin adına layiq atır.
2017-ci ilin 16 aprel tarixində hər iki gəncin adına layiq toy etdi onlara Rasim ata, anası Sahilə xanım. Şanslı sayırdı özünü Sahil iki sevdasının arasında. Ürəyinin tam yarısını tutan Azərbaycan adlı yurd sevdasını Turanə adlı yar sevdası tamamladı. İndi onun məhəbbəti bədirlənmiş ay misalı idi. Hərbçi həyatının çətinliyi onları nəinki yorur, əksinə, bir-birinə daha sıx bağlanmasına səbəb olurdu. Ailə həyatlarına doğacağı növbəti Günəşi gözləyirdi. 2018-ci il may ayının 15-də bir körpə nəfəsi daxil oldu bu hüzur dolu evə. Gecənin qaranlığını aydınlatdı o körpə. Adı Şəms olan bu qızcığaz nə bilərdi ki, qismətinə “şəhid əmanəti” kimi bir adı daşımaq düşüb. Çox az sürdü bu xoşbəxtlik onlar üçün. Vətənin başının üzərini alan qara buluddan yağan qara leysan apardı ailənin bütün sevincini.  Mən həmişə düşünmüşəm ki, görəsən, gözəl olan çox şeyin ömrü niyə qısa olur? Və belə qənatə gəlmişəm ki, əbədi olaraq gözəl qalması üçündür gözəl münasibətlərin yarımçıq qalması.
Sahil özündən sonra bir can qoyub getdi. Şəms onun bütün həyatının mənası, sevgisinin bəhrəsiydi. Onunla bağlı arzu və planları sonsuz idi. O özünün balaca dünyası üçün böyük işlər görəcəkdi, əgər zalım düşmən minlərlə oğlumuz kimi onun da arzularını gözündə qoymasaydı. 
Yandı ciyəri şəhid doğmalarının, amma mərd-mərdanə durdular düşməni sevindirməmək üçün. “Təki Vətən sağ olsun”, – dedi anaları, “Təki torpağıma düşmən ayağı dəyməsin”, – dedi şəhid ataları. 
Döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə bir çox mükafatlara layiq görülüb şəhid Məmmədov Sahil Rasim oğlu.
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, ölümündən sonra isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Rahat uyu şəhidim! Yenilməz ordumuz 44 gün ərzində düşmən tapdağından azad etdi azad görmək istədiyin torpaqlarımızı. Ruhun şad olsun, cənnət qoxulu şəhidim. 

    Salam olsun məqamına, ey şəhid!
    Salam olsun şöhrətinə, şanına!
    Ucalardan uca etdin başını,
    Layiq oldun millətin ad-sanına!

        Xilas etdin torpağını yağıdan,
        Yurd-yuvanı talan edən, dağıdan,
        Yaxşı vurdun düşmənləri ağzından,
        Qisasını buraxmadın yanına.

    Tarix yazdın, tarix oldun özün də,
    Dastan oldu söhbətin də, sözün də,
    Yer, göy yaxan od baxışlı gözündən 
    Qorxu saldın kafirlərin canına.

        Sən ey cənnətməkan üçün seçilən,
        Boybuxunu Vətən üçün biçilən,
        Şəhadətin şərbətidir içilən,
        Qurban olum yurd yoğuran qanına.

    Əbədiyyən susduraraq cahili,
    Sevindirdin cavan, cahıl, ahılı,
    Tanrı layiq gördü igid Sahili
    Dönsün yurdun al şəfəqli danına
.

Sevinc SƏBZƏLİYEVA
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi 

 

Nəşr edilib : 13.10.2024 13:43