Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Biz görüşdük… Qarşımda əzəmətli duruşu ilə, amma gözlərində gizlənən kədər və qürurla bir insan dayanırdı. Xüsusi Təyinatlı Qüvvələrin kiçik çavuşu, Qarabağ qazisi Elnar Möhsümov. Onun danışdığı həyat hekayəsi bir ömürlük dərs və bir vətənpərvərlik dastanı idi.
Müsahibimiz söhbətə iki müqəddəs adla başladı, şəhid qardaşı və keçdiyi döyüş yolu. Elnar Möhsümov həm də Vətən müharibəsi şəhidi leytenant Elmar Möhsümovun qardaşıdır.
Elnar bəy söhbətə elə qazilik yolundan başladı: “Müharibə başlayan gün qardaşım mənə zəng edib sevinclə, qürurlu bir səs tonu ilə döyüşün başladığını, həmçinin də “Haqqınızı halal edin”, – deyərək Bakıya yola düşdüyünü dedi. Hərbçi və bir Vətən övladı olaraq mənim də ürəyimdə eyni amal vardı – işğal altında qalan torpaqlarımızı azad etmək. Ona yalnız bir söz deyə bildim: “Özünü və əsgərlərini qoru, güclü ol. Allah yolunuzu açıq etsin!”
Qardaşımla döyüşlər başlayandan sonra bir dəfə əlaqə saxlaya bildik və mənə 7 kəndimizi azad etdiklərini bildirdi, biz isə onları televiziyadan izləyirdik. Necə də sevinirdi… O sevinc dolu səsi hələ də qulaqlarımda cingildəyir. Bu Elmarla son danışığımız idi…
Qazinin səsi titrəyir, kövrəlir, amma davam edir: “Sonra bizə də əmr gəldi. Oktyabrın 11-i mən Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü olaraq Bakıya gedib ön cəbhəyə yollandım. Döyüşlər çətin, ağır və amansız idi. Düşmən bütün gücü ilə müqavimət göstərirdi, amma bizim iradəmiz, “dəmir yumruq” əzmi qarşısında tab gətirə bilmirdi.
Hər gün gözlərimizin önündə döyüş yoldaşlarımız şəhid olurdu. Onları çiyinlərimizdə daşıyır, sinəmizdə qisas andı ilə döyüşürdük. Bütün bunlar bir tərəfdən kədər, bir tərəfdən də qürur idi. Biz bilirdik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, Vətən mütləq azad olacaq. Sonuncu tapşırığımız, Şuşanın azad olunması əmri gəldi. Biz yola düşdük və döyüşə səhər üzü başladıq. Düşmən hər tərəfdən atəş açırdı, qızğın döyüş gedirdi. Həmin döyüşdə mən də düşmənin atdığı ağır artilleriya atəşinə məruz qaldım və ağır travma aldım. Bizim qrupumuzda olan Çalxanqala kəndindən olan qazi Samir Həsənov sanitar vəzifəsində idi, o öz vəzifəsi, yoldaşlığı və qəhrəmanlığı ilə məni xilas edib ilkin tibbi yardım göstərdi.
44 günlük müharibə tariximizin ən şanlı səhifəsi kimi yadda qaldı. 27 sentyabr – Anım Günü, 8 noyabr – Zəfər Günü artıq tariximizin əbədi yaddaşıdır. Müharibədə Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü olaraq göstərdiyim şücaətlərə görə, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişəm”.
Elnar bəy şəhid qardaşından da söz açır. Qazinin üzünə qürur işığı qonur: “Ailəmizin kiçik, amma böyük ürəkli vətənpərvər övladı olan Elmar uşaqlıqdan hərbi formaya aşiq idi. Qazandığı yüksək ballarla başqa ali məktəblərə qəbul ola biləcəyi halda, o yalnız Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini seçdi. Çünki onun arzusu Vətənə silahı ilə xidmət etmək idi.
Elmar 2015-2019-cu illərdə təhsilini uğurla başa vurdu və Azərbaycan Ordusunun sıralarında leytenant rütbəsi ilə xidmətə başladı. Onu tanıyan hamı əsgərləri, yoldaşları, komandirləri hər zaman onun qardaşlığını, dostluğunu, nizam-intizamını və yüksək insani keyfiyyətlərini qiymətləndirirdilər.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Elmar Tərtər rayonunun Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşdu. 29 sentyabrda Talış kəndi istiqamətində döyüş yoldaşlarını mühasirədən çıxardı və həmin an qəhrəmancasına şəhid oldu”.
Qazi dərin nəfəs alır, sanki qardaşının qəhrəmanlığını göz önündə canlandırır: “Şəhid Elmar Möhsümovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları, III dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi. Elmarın ömür yolu gənclərimiz üçün bir məktəb, bir qəhrəmanlıq dastanıdır.
Bizim ailə kiçik olsa da, böyük bir amalımız var idi – Vətənə xidmət. Qardaşım Elmar şəhidlik zirvəsinə yüksəldi, mən isə qazi adı qazandım. Bizi birləşdirən Vətən sevgisi, xalqımıza olan sədaqət idi. Bu gün mənim ən böyük istəyim budur ki, gələcək nəsillər bu qəhrəmanlıq yolunu unutmadan böyüsünlər. Qoy gənclərimiz bilsinlər ki, Vətən torpağı müqəddəsdir və onu qorumaq hər bir Azərbaycan övladının borcudur. Qardaşım şəhid leytenant Elmar Möhsümovun ruhu qarşısında baş əyir, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.
Elnurə CƏFƏROVA
Digər xəbərlər