NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Şəhid jurnalistin qardaşı: “Məqsədimiz odur ki, bu kitab bütün kitabxanalarda olsun”

...

“Qədim Naxçıvan torpağına gəlişimizin məqsədi şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş, “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabın Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təqdimat mərasimidir. Bu kitab Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə çap olunub və ilk təqdimatı da həmin ərəfədə keçirildi. Kitab, ümumilikdə, şəhid-jurnalist Məhərrəm İbrahimovun ömür yoluna, həyat hekayəsinə həsr olunub. Orada Məhərrəmin uşaqlıq, gənclik, hərbi xidmət dövrü, eləcə də AZƏRTAC-dakı fəaliyyəti yer alıb. Həmçinin AZƏRTAC-dakı fəaliyyəti zamanı cəbhə bölgələrinə və torpaqlarımız işğaldan azad olunduqdan sonra isə erməni vəhşiliyinin vurduğu ziyanların məhv etdiyi obyektlərin qeydiyyatının aparılması ilə bağlı işlədiyi zaman, peşə fəaliyyətini yerinə yetirərkən şəhid olduğu günə qədər hər bir məlumat, hər bir hadisə əks olunub”. 
Bu sözləri "Şərq qapısı"na  müsahibəsində şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının müəllifi, şəhidin qardaşı Əsgər İbrahimov deyib.
O qeyd edib ki, ermənilər tarixboyu Azərbaycan xalqına böyük zərbələr vurub, insanlarımız həlak olub: “Əlbəttə ki, biz bu tarixi yaşatmalıyıq. Bu hadisələri qələmə almalıyıq. Mənim də bir müəllif kimi bu kitabı yazmaqda məqsədim Məhərrəm İbrahimovun AZƏRTAC-dakı fəaliyyəti, onun gördüyü işləri bir növ üzə çıxarmaqdır. Nəşrdə hadisə baş verən zaman – 2021-ci ilin iyunun ayının 4-də mina terrorundan sonra dünya ictimaiyyətinin bu hadisəyə münasibəti də əks olunub. Həmçinin kitabda beynəlxalq təşkilatların, beynəlxalq təşkilat rəhbərlərinin, eləcə də bir çox xarici dövlət başçılarının erməni terrorunu qınayan, Azərbaycanın üzləşdiyi haqsızlıqları əks etdirən bəyanatlar yer alıb. O cümlədən yerli təşkilatlar ölkəmizin yerli mətbuat orqanlarının, digər dövlət və hökumət qurumlarının rəhbərlərinin də bəyanatları əks olunub. Eyni zamanda Azərbaycanın şəhid jurnalistləri haqqında qısa məlumat verilib”.
“Kitabda həm də hərbi ekspertlərin Məhərrəm İbrahimovun hərbi jurnalist kimi fəaliyyətini əks etdirən məqalələri, eləcə də digər həmkar məqalələri öz əksini tapıb. Məqsədimiz odur ki, bu kitab bütün kitabxanalarda olsun. Azərbaycanın jurnalistika peşəsi yolunda gələcək nəsillərin yetişməsi üçün bir nümunədir. Jurnalistika fakültəsində təhsil alan tələbələrin dərs vəsaiti kimi istifadə etməsi üçün bir töhfədir. Eyni zamanda Azərbaycanın ordu quruculuğu ilə hərbi jurnalistlərin ümsiyyətini əks etdirən gözəl bir nümunədir. Azərbaycanın vətənpərvər oğullarının göstərdiyi şücaəti əks etdirən nümunədir. Əminəm ki, gələcək nəsillər, yeni araşdırmaçılar bu kitabdan yararlanaraq yeni əsərlər yazacaq və özləri üçün həyat nümunəsi seçəcəklər” , – deyə Əsgər İbrahimov əlavə edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 11.08.2025 17:00