Məhkəmədə Ermənistan silahlı qüvvələri tərəfindən ...
21:39 08.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Kəngərli Rayon Mədəniyyət Sarayında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Həmid Qasımovun əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidin döyüş yoluna nəzər salaraq onun Vətən naminə göstərdiyi qəhrəmanlıqdan, vətən sevgisindən geniş söz açıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidlərimizin danılmaz zəhməti, unudulmaz fədakarlıqları var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müzəffər Ordumuz Onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin komandanlığı ilə dövlət-xalq-ordu birliyi nəticəsində 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu. Bu gün artıq Vətən üçün canlarından keçən qəhrəmanların ruhu şaddır.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov bildirib ki, hər bir valideyn üçün əsl fəxarət mənbəyidir ki, böyütdükləri vətənpərvər övladlar bu gün xalqın qəhrəmanlarına çevriliblər. Onların qəhrəmanlığı tariximizin qızıl səhifələrinə yazılıb. Belə vətənpərvər oğulların xatirəsi heç zaman unudulmayacaq və bizdən sonrakı nəsillərə örnək göstəriləcəkdir.
Şəhid Həmid Qasımovun anası Tovuz Qasımova və ailə üzvləri şəhid haqqında xatirələrini bölüşüblər.
Sonra şəhid Həmid Qasımovun nişanlısı Nuranə xanım çıxış edib. Bildirib ki, Vətən uğrunda canından keçmiş şəhidin nişanlısı olaraq burada çıxış etmək mənim üçün həm böyük bir qürurdur, həm də dərin bir həsrətdir. Onların yeri bizim qəlbimizdədir, dualarımızdadır. Mən bu çıxışımla həm şəhidimin ruhunu ehtiramla anıram, həm də bütün şəhid nişanlılarına səbir, güc arzulayıram. Bizim sevgilərimiz yarımçıq qalsa da, onların igidliyi tarix yazdı.
Tədbirdə itkin şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva və Kəngərli rayonunun axundu Şəmsəddin Seyidov çıxış edərək öz ürək sözlərini bildiriblər. Vurğulanıb ki, Kəngərli rayonunun Qabıllı kəndində anadan olan şəhid Həmid Qasımov “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda”, “Vətənə xidmətə görə” medalları ilə təltif olunub. Sonra şəhidimizin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, tədbirin bədii hissəsində şəhidə həsr olunmuş vətənpərvərlik ruhunda şeir və kompozisiya nümunələri təqdim olunub.
Bülbül QULİYEVA
Digər xəbərlər