Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilər...
16:13 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
(qısa hekayə)
Nə vaxt o küçədən keçsəm, bina evinin pəncərəsindən iki gözün baxdığını görürdüm. Ağsaçlı, gözəlgözlü, nurani bir qadın sanki kimisə gözləyirdi... Onun simasında dərin, tərifsiz bir kədər vardı. Ağrısı-acısı gözlərindən oxunurdu. Bunun adı çarəsizlik idi. Heç vaxt gəlməyəcəyini bilsə də, inadına hər gün daha da ümidlənən bir qadının çarəsizliyi...Yaşlı qadın sanki məni onunla tanış olmağa, söhbət etməyə, dərdinə şərik olmağa səsləyirdi. Mən də onu tanımaq istəyirdim. Yaxın qonşuları onun gülərüz, mehriban olduğunu, lakin övladını itirdikdən sonra özünə qapandığını deyirdilər..
Evlərinə getdim. Qarşımda ortaboylu, qara şallı, qara paltarlı bir qadın dayanmışdı. Yaşı çox deyildi, bəlli ki, övlad acısı onu tez qocaltmışdı. Onunla evin ortasında qoyulmuş stolun yanına nizamla düzülmüş stullarda əyləşdik. Qeyri-ixtiyari ətrafa nəzər saldım. İkiotaqlı ev soyuq, kimsəsiz görünürdü... İnsan ən yaxınını itirəndə nəinki bədənini, yaşadığı evi illərlə heç nə ilə isitmək olmur. İnsanın yoxluğu çarəsizlikdir. Yoxluq qəlb qırıqlığıdır. Yoxluq incidicidir. Yoxluq özünü aldatmaqdır. Hər gün gələcəkmiş kimi gözləməkdir. Yoxluq həm də təmənnasız sevməkdir. Əsl sevgi elə budur, məncə. Biz itirəndə daha çox sevirik...
Bu düşüncələrdən məni çiynimə qoyulan bir əl ayıltdı. “Sənə çay gətirim”, – dedi nəvazişli səs. “Əziyyət çəkməyin”, – dedim. Bir qədər cəsarətlənib başımı qaldırıb qadının gözlərinin içinə baxdım. Pəncərədən baxan eyni gözlər idi, işığı sönmüş evi xatırladırdı. Qadın sanki bu anı gözləyirdi, kiminləsə söhbətləşmək, qəm yükünü az da olsa, yüngülləşdirmək istəyirdi. O, yavaşca əyləşdiyi stuldan qalxıb yaxınlıqdakı şkafın çəkməcəsindən götürdüyü bir neçə şəkillə geri qayıtdı. “Mənim oğlum”, – deyib titrəyən əli ilə şəkildəki cavan oğlana tumar çəkdi, onu bağrına basdı. Mənim oğlum cəsur, qorxmaz idi, Vətənini canından çox sevirdi dedi. Şəkildəki uzunboylu, düzqamətli, şuxbədənli, qaraşın, hərbi paltarlı yaraşıqlı oğlan idi. Onun simasında təbəssüm, iti baxışlarından isə zəhmlilik oxunurdu. Hərbi geyiminin üzərinə müxtəlif döş nişanları vurulmuşdu.
– Oğlum savadlı, bacarıqlı idi. Hərbçi olmaq onun ən böyük arzusu idi. Hərbi məktəbi əla qiymətlərlə bitirmişdi, bu da onun diplomu. Qadın stolun üzərindəki qutunu açıb diplomları göstərdikdən sonra sözünə davam etdi: “Mən Vətən üçün oğul böyütdüm”. Həmişə deyərdi ki, “Ana, səni ən yaxşı evlərdə yaşadacağam”. Bişirdiyim yeməkləri çox sevərdi. 8 martda gül alıb gətirər, məni şirin sözlərlə əzizlər, “Anacan, sən bu güllərdən də gözəlsən”, – deyərdi.
Ona qulaq asırdım. Bir ananın qəlbini necə ovuda bilərdim. O bizim qəhrəmanımızdır, onu Allah seçmişdi, doğulanda alnına yazılmışdı şəhid anası olmağı. “Allah yazana pozu yoxdur”, – deyiblər. Dedim: – Şəhidlərimiz bizim qürur yerimiz, fəxrimizdirlər. Övladının yerini verməsəm də, sən də mənim anamsan, təkcə mənim yox, bu Vətənin bütün övladlarının anasısan...
Şəhid anası... Bu ad qürurludur, bu ad ucadır, bu ad əlçatmazdır... Qadın əyilməzdir, qürurlu bir dağ kimi vüqarlıdır. Sanki Allah qadını yaradarkən ona xüsusi bir vəzifə verib. Nə olur-olsun güclü ol və həyatdan iki əllə tut. Çünki yalnız sən bu həyatı gözəlləşdirənsən. Fədakarsan, çalışqan, əzmli və qeyrətlisən, Azərbaycan qadını. Sən heç vaxt tək deyilsən. Öz gücün, varlığın sənə həmişə ayaqda qalmağa kömək edəcək...
Bəli, heç bir qadın tək deyil bu həyatda. Şəhid anaları bizim anamız, şəhid bacısı, yoldaşı bacımız, onların övladları isə övladımızdır. Bu sözlərim qadının üzündə az da olsa, təbəssüm yaratdı. Onunla birlikdə qardaşımızın məzarına getdik, ruhuna dualar etdik. Əllərindən öpdüm, sağollaşdıq... Sanki qəlbimə ağırlıq verən yük azca xəfifləmişdi. Ruhumu bürümüş duyğularla evimin yolunu tutdum...
Güntac ŞAHMƏMMƏDLİ
Digər xəbərlər