NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şəhid ailələrinin Şuşaya səfəri olub

...

“Cahan Şirkətlər Qrupu”nun və Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan şəhid ailələrinin 63 üzvü Şuşaya səfər edib.
Avqustun 13-14-də təşkil olunan səfərin əsas məqsədi torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və yaxınlarına Şuşa və digər azad edilmiş torpaqlarımızı tanıtmaq olub.
Səfərdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsi yad edilib. Ardınca tədbir iştirakçıları Bakı şəhərinə yola düşüb. Hava limanında qarşılanmadan sonra Şuşa səfəri başlayıb.
Səfərin ilk günü, avqustun 13-də şəhid ailələri Şuşa qalasını ziyarət ediblər. Axşam yeməyindən sonra uşaqlar üçün rəsm məşğələsi təşkil olunub, çəkdikləri əsərlər hotelin foyesində sərgilənib və onlara maraqlı kitablar hədiyyə edilib.
Səfərin ikinci günündə iştirakçılar İsa bulağını, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və Yuxarı Gövhər Ağa məscidini ziyarət edib.
Bu təşəbbüs şəhid ailələrinə mənəvi dəstək və dövlətin onlara göstərdiyi diqqətin nümayişi kimi qiymətləndirilib.
Bu ziyarət həm vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi, həm də onların ailələri üçün unudulmaz və mənəvi baxımdan dəyərli bir xatirə kimi yadda qalacaq.

Nəşr edilib : 15.08.2025 15:36