NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının növbəti nümunəsi

...

Şəhid ailələri və müharibə iştirakçılarının mənzillə təmin olunması dövlət tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Avqustun 19-da Naxçıvanda daha 68 mənzilin öz sahiblərinə təqdim olunması bu kateqoriyadan olan ailələrin sevincinə səbəb olub. Mənzillə təmin olunan şəhid ailələri və qazilər göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək bu əlamətdar günün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Vətən müharibəsinin itkin şəhidi, “Azərbaycan Bayrağı” ordenli İbrahim Vəlizadənin atası Səməd Vəliyev, ilk növbədə, şəhidlərin və qazilərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb. O bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına mənzillərin təqdim olunması dövlətin onlara göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.
Səməd Vəliyev qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə veteranları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdirildiyini göstərir.
Şəhid atası bildirib ki, Azərbaycanın bu gün dünyada öz sözünü deyən güclü dövlət kimi tanınmasında şəhidlərin və qazilərin qəhrəmanlığının, eləcə də dövlətin məqsədyönlü siyasətinin mühüm rolu var. Belə tədbirlər isə şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının dövlət qayğısı ilə daim əhatə olunduğunu bir daha nümayiş etdirir.
Ehtiyatda olan mayor Elçin Allahverdiyev qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm göstəricilərindən biridir. O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana son səfərindən sonra muxtar respublikada şəhid ailələri və qazilərin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, DOST Mərkəzi və digər sosial obyektlər istifadəyə verilib.
Mənzillə təmin olunmasının ailəsi üçün böyük sevinc olduğunu deyən Elçin Allahverdiyev yeni evin onların gələcəyə daha böyük ümidlə baxmasına imkan verdiyini vurğulayıb. O, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Şəhid mayor Sadiq Həsənovun qızı İnci Həsənzadə yeni evlərinin olmasından çox sevindiyini deyərək atasının da bu günü görməsini və ailəsinə bu mənzili özünün almasını arzuladığını qeyd edib. Şəhid qızı yeni mənzilin ailəsi üçün böyük əhəmiyyət daşıdığını və burada atasının xatirəsini daim yaşadacaqlarını bildirib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 19.08.2026 18:29