NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Şəhid ailələri dövlətin qayğısı əhatəsindədir

...

 Salam, hörmətli redaksiya!

Uzun illərdir ki, hamımızın ürəyində bir od yanırdı. Bir dərd daşıyırdıq hamımız: yurd həsrəti. Şükür Allaha ki, Tanrı haqqımızı haqq elan etdi. İllərdir, davam edən ədalətsizliyə son qoyuldu. İgid övladlarımız illərdir, qanayan yaramıza məlhəm oldular. Onlar öz canları bahasına alnımıza yazılan ləkəni sildilər. Qələbə çalıb başımızı uca etdilər. Anaları olan Vətənin dərdinə dərman olub bizim ürəyimizə qor saldılar. Elə bir qor ki, illər keçsə də, bu od sönən deyil. Vətən müharibəsi başlayandan bir neçə gün sonra – 19 oktyabrda oğlum Zülal Mədətli Şuşa istiqamətindəki döyüşlərdə şəhadətə yüksəlib əbədiyyətə qovuşdu. Həmin gündən dövlətimizin qayğıkeş əlini hər an çiynimizdə hiss etmişik. Övladımın şəhadətə qovuşub Vətən torpağına tapşırıldığı gündən bu günə kimi hər bir dövlət qurumu tərəfindən hörmət və ehtiram görmüşük. Ondan əmanət qalan iki övladı qayğı ilə əhatə olunub.

Həyat yoldaşı Şərur şəhərindəki yeni binada mənzillə təmin olunub. Bir sözlə, onu deyə bilərəm ki, ölkəmizin hər yerində olduğu kimi doğma diyarımızda da şəhid ailələri və qazilər əl üstündə tutulur. Onların qayğısına qalınır, qarşılaşa biləcəyimiz bütün çətinliklərə dövlətimiz sayəsində sinə gəririk.

Övladını itirmiş bir valideynin ürəyindəki dərdi heç nə sağalda bilməsə də, dövlətimizin qayğısı bizim dərdimizə məlhəm olur. Bizim – bütün şəhid ailələrinin bircə istəyi və bir təsəllisi var: əzizlərimizin xatirəsinə ehtiramla yanaşılır, onlar unudulmur. Buna doğma yurdumuzda şahid oluruq. Şəhidlərin ruhu isə onların arxada qoyub getdiyi ailəsi rahat olanda şad olur.

Qədim Azərbaycanın mərdlik qalası Naxçıvanda yaşayan hər bir şəhid ailəsi dövlətimizə, onun Müzəffər Ali Baş Komandanına minnətdardır.

Şərəbanu MƏDƏTOVA

Şərur rayonu, Çomaxtur kəndi

Nəşr edilib : 25.12.2025 16:46