NAXÇIVAN :

25 Iyul 2026, Şənbə

Sədərək – Vətən sevgisinin canlı abidəsi

...

Ulu Öndərin ilk səfər ünvanı 

Sədərək Azərbaycan üçün, sadəcə, bir yaşayış məntəqəsi və ya sərhəd nöqtəsi deyil. O, xalqımızın ən ağır sınaqlar qarşısında göstərdiyi qəhrəmanlığın, dözümlülüyün və Vətən sevgisinin canlı abidəsidir. 1990-cı ilin isti yayında Naxçıvanı düşmən mühasirəsi və aclıq qorxusu bürüdüyü bir vaxtda Ulu Öndər Heydər Əliyevin bu torpağa gəlməsi xalqının ən çətin anında yanında durmaq istəyinin parlaq ifadəsi oldu. Sədərək kəndində o illərdə qəhrəmanlıq dastanı yazıldı, şəhidlər verildi, amma bir qarış torpaq düşmənə təslim edilmədi. Ulu Öndərin bu torpağa olan xüsusi qayğısı və dəstəyi ilə Sədərək həm müdafiə olundu, həm də sonrakı illərdə dirçəldildi. Bu gün Sədərəyə baxanda həm keçmişin qan yaddaşı, həm də gələcəyə uzanan ümid işığı görünür.
Bu, Azərbaycanın qanla sulanmış, cəsarətlə yoğrulmuş, amma heç vaxt əyilməyən qürurunun, mərdliyinin və müqavimətinin əbədi simvoludur. Yanvarın 19-da atəş səsləri ilə səfərbər olan sədərəklilər ilk şəhidlərini verdi. Naxçıvanın hər tərəfindən – Şərurdan, Ordubaddan, Culfadan, Nehrəmdən könüllü dəstələr axışır, sinələrini düşmənə sipər edirdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişindən 5 gün sonra, iyulun 28-də Sədərəyə səfəri təsadüfi deyildi. 1990-1993-cü illərdə Sədərək 14 dəfə güclü hücuma məruz qaldı, 300-ə yaxın top mərmisi atıldı, 500-ə yaxın ev, məktəb və sosial obyekt dağıdıldı. Lakin qəhrəman naxçıvanlılar torpaqlarını bir övlad kimi qucaqlayaraq bir an belə tərk etmədilər... Belə bir vaxtda bütün naxçıvanlıların ümidi gəlişi ilə ömrümüzün hər gününə Günəş kimi həm aydınlıq, həm də hərarət gətirən xalqının mərd, vətənsevər oğlu dahi rəhbər Heydər Əliyev idi. Dahi rəhbərin yurduna qayıdışından, igid oğulların qəhrəmanlığından qorxuya düşən düşmən yavaş-yavaş öz qınına çəkilməyə başladı. 
Ulu Öndər Heydər Əliyevin onu canı qədər sevən, ona özü kimi inanan insanların qarşısında, “Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycan dövlətinin müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır”, – deməsi onlarda qələbə, inam əzmini gücləndirdi. Sədərək döyüşlərində bütün Naxçıvan diyarının qeyrətli, igid oğulları mərdliklə vuruşdular və qalib gəldilər.
Dahi liderin Sədərəyə sevgisi çox dərin idi. Hələ 1970-ci illərdə Azərbaycanın rəhbəri olarkən onun şəxsi təşəbbüsü ilə burada 71 ailəlik indiki müasir Heydərabad qəsəbəsi salınmışdı. Məqsəd erməni iddialarına qarşı simvolik cavab vermək, Azərbaycanın burada öz torpağına sahib çıxdığını, inkişaf etdiyini göstərmək idi. Lakin 90-cı illərin əvvəllərində həmin qəsəbə düşmən güllələri altında xarabaya çevrilmişdi. Ulu Öndər bu mənzərəni görəndə dərin kədər hissi keçirmişdi. 29 avqust 1990-cı ildə Sədərək rayon statusu aldı, müdafiəsi gücləndirildi. 1992-ci ilin mayında düşmən yenidən amansız hücuma keçdi. Əjdəkan, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən zərbələr endirildi. 38 şəhid verildi, Mildə 17 şəhidin cəsədi günlərlə götürülə bilmədi. Ulu Öndər bütün gücü ilə müdafiəni təşkil etdi, Türkiyəyə müraciət etdi, yaralıları Ərzuruma göndərdi, beynəlxalq ictimaiyyəti hərəkətə gətirdi. Sədərək müqavimət göstərdi. Bu dirəniş Azərbaycan tarixində ilk böyük mənəvi qələbələrdən biri oldu. Sədərəklilər təkcə özləri üçün yox, bütün Naxçıvan, bütün Azərbaycan üçün vuruşurdular.
2002-ci ildə Sədərəyə səfər edən Ulu Öndər keçmişi xatırlayarkən səsi titrəyirdi: “Mən 1990-cı ildə Naxçıvana gələndə yaşayış məntəqələrindən ilk gedişim Sədərək rayonuna oldu... Nə üçün Sədərəyə? Çünki bu bizim həm ucqar yaşayış məntəqəmizdir, həm də ki, insanlar burada ermənilərin hücumundan çox əziyyət çəkmişdilər”. O dağılmış evlərin yerində dirçələn qəsəbəni görəndə sevinirdi. Bu onun Sədərəyə növbəti qayğısı idi. Bu gün Sədərəyə baxanda qəlb dolur, gözlər yaşarır. Heydərabad qəsəbəsi abadlaşıb, torpaqlar məhsul verir, uşaqların gülüşü ətrafa yayılır. Bunların arxasında isə o qanlı gecələr, şəhidlərin əziz xatirəsi və Ulu Öndərin qayğısı dayanır. O qayğı ki hər bir azərbaycanlını bu torpaq uğrunda can qoymağa səsləyir. 
Sədərək Ulu Öndərin xeyir-duası ilə əbədiləşmiş qəhrəmanlıq dastanıdır. Bu gün rayon mərkəzi Heydərabad qəsəbəsi özünəməxsus gözəlliyi ilə düşmənə gözdağı, bizə isə qürur yaşadır. O, adına layiq məğrurluqla dayanıb düşmənin qarşısında. Heydərabadda yaşayan hər kəs sanki səngərdə bir əsgər kimi həyat sürür. Bəli, onların hər biri əsgərdir: səngərdə – öz evində Vətəni qoruyan müsəlləh əsgər. Necə ki belə qəlbi dağlardan da böyük insanlarımız var, bu Vətən daim var, qürur yerimizə çevrilən yurd yerlərimizin gələcəyi daha da firavan və işıqlı olacaq.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 25.07.2026 10:55