NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Şeblıkinin Ordubad əsərləri

...

Bir sıra vəzifələrdə çalışmış, həmçinin müəllim kimi fəaliyyət göstərmiş İvan Pavloviç Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq  İnstitutunun muzeyində işə dəvət olunur. Rus arxeoloqu, tarixçisi kimi tanınan bu şəxs həm də istedadlı qafqazşünas idi. O, 1928-ci ildə tarix və mədəniyyət abidələrinin bərpası üzrə məqsədyönlü bir sıra işlərə başlanılması ilə əlaqədar Bakıya dəvət olunur. A. Bakıxanov adına Tarix İnstitutunun, Nizami adına Muzeyin və Azərbaycan Abidələrinin Mühafizəsi üzrə Mərkəzi İdarənin əməkdaşı kimi bir sıra arxeoloji qazıntı və bərpa işlərində fəal iştirak edir. O, rəssam istedadına malik olduğundan abidələri təkcə bir alim kimi öyrənmirdi, həm də onların bir çoxunun şəklini çəkirdi. İ.P.Şeblıkin “Bakıdakı Şirvanşahlar sarayının qısa tarixi oçerki” (Bakı, 1939), “Nizami dövrü Azərbaycan memarlığı abidələri: materiallar” (Bakı, 1943), “Azərbaycan memarlığı: Nizami dövrü” (Bakı, 1947) kimi sanballı  kitabların müəllifidir. Günümüzdə bu kitablar vasitəsilə adlarından da göründüyü kimi, Şirvanşahlar sarayının, həmçinin Nizami dövrünün memarlığı barədə ətraflı məlumatlar almaq olar.

Bu yaxınlarda Ordubad rayonunda ezamiyyətdə olarkən rayonunun Tarix-Diyarşünaslıq Muzeyində çoxlarına bəlli olmayan 3 maraqlı rəsm əsərinə rast gəldik. Məlumdur ki, hər zaman xarici səyyahların, tədqiqatçıların, rəssamların  diqqətini çəkib  bu gözəl diyar. Yəqin ki, həmin rəsmlər də müəllifin Ordubaddan aldığı təəssüratlarla bağlı olaraq çəkilib. İkisi “Ordubadda küçə”, biri isə “Eyvaz piri” adlanan bu əsərlərin məhz Şeblıkinə məxsus olduğunu öyrəndik. Əsərlərdə Ordubadın əzəmətli dağları, gözoxşayan mənzərələri, dar dalanları və hərəkətdə olan insanlar, xüsusilə də tarixi tikililəri peşəkarcasına öz əksini tapıb. “Eyvaz piri” əks olunan əsərdə tarixi tikili ilə yanaşı, ətrafında olan qədim məzarlıq görünür. Realist üslubda işlənmiş bu rəsm əsərləri, həqiqətən də, tarixin o dövrünü bu günümüzə daşıyan əyani vəsaitdir.

Qeyd edək ki, muzeydəki rəsm əsərləri haqqında məlumatı əks etdirən kiçik lövhələrdə həmin əsərlərin yağlı boya ilə işləndiyi qeyd olunsa da, sənətşünas və rəssamlarımızın məlumatına görə kağız üzərində tuş-peru ilə işlənilib.

Rəsm əsərlərinin üçü də kağız üzərində qrafika üslubundadır. Rəsmlərin arxa hissələrinə isə ton verilib. Həmin dövrdə qrafika növü də digərləri kimi üstünlük təşkil edən növlərdən olub. Bunu elə həmin dövrlərə aid olan bir çox tarixi rəsm əsərlərində də görmək olur.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 10.09.2024 16:26