NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Sarsılmaz inamın təntənəsi və ya qayıdışa addım-addım

...

III konqres-festivaldan geriyə qalanlar

Yaxın keçmişdə qazanılan tarixi zəfərimiz, “Böyük Qayıdış” proqramı ilə yenidən can tapan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr bütün dünyaya göstərdi ki, Azərbaycan sülhün, quruculuğun, inkişafın tərəfindədir. Torpaqları uğrunda canını fəda etməyə, lazım gələrsə, son damla qanına qədər savaşmağa hazırdır. 44 günlük Vətən müharibəsi həm də haqqın, ədalətin təntənəsi idi. Bəzən tarixi ədalətin bərpası zaman alsa da, insanların Vətəninə, elinə, obasına tükənməyən sevgisi sonda qalib gəlir. Hər zaman nitqlərində qərbi azərbaycanlıların bir gün öz doğma torpaqlarına qovuşacaqlarını inamla ifadə edən Ulu Öndərin 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən məhəllənin açılışındakı nitqini çoxları xatırlayır: “Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir.Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”.

         Sülh və sabitlik naminə

Baş verən mühüm tarixi hadisələr, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan “Qərbi Azərbaycana qayıdış” konsepsiyasının qəbul olunması, bu istiqamətdə güclü təşkilatlanma, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan məqsədyönlü addımlar qərbi azərbaycanlıları öz əzəli ata-baba yurdlarına addım-addım yaxınlaşdırır. İdeya müəllifi Prezident cənab İlham Əliyev olan bu konsepsiyanın işığında mühüm tədbirlər həyata keçirilir. Əsas məramı indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdən ibarət olan “Qərbi Azərbaycana qayıdış” konsepsiyasından irəli gələn vəzifələrin həlli istiqamətində sistemli şəkildə görülən işlər qayıdışa inamı daha da gücləndirir. Qərbi azərbaycanlılar öz torpaqlarına silahla, topla, atəş səsləri ilə deyil, gül-çiçəklə, musiqi sədaları ilə qayıdacaqlar.

         Tarix və dəyişməyən gerçəkliklər

Tarixin səhifələri dərindir və bu dərinlikdə erməni xisləti iç üzünü göstərib. Azərbaycanlılar öz doğma torpaqlarından, ata-baba yurdlarından didərgin düşüblər. Son 200 il ərzində tarixi torpaqlarımızda təkcə Azərbaycan xalqı deportasiya, soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmayıb. Eyni zamanda xalqımıza məxsus maddi və mənəvi irs nümunələri də erməni vandalizmi nəticəsində dağıdılıb, saxtalaşdırılıb və mənimsənilib. Bir qismi isə dünya ictimaiyyətinə erməni mədəni irsi kimi təqdim edilməyə çalışılıb, yer adları dəyişdirilib. Tarixin izlərini silməyə cəhd göstərən ermənilər bir şeyi unudublar ki, dəyişməyən gerçəkliklər var, o tarixi gerçəklikləri bu gün də öz beynində, ruhunda daşıyan insanlar var.

Məlumdur ki, Naxçıvan ta keçmiş zamanlardan üzü bəri (əsasən də, 1905-ci ildən) Qərbi Azərbaycandan məcburi köç edənlərin, qaçqınların pənah, ümid yeri olub. Müxtəlif illərdə Naxçıvanda 1905-1906, 1918-1921, 1948-1953, eləcə də son mərhələ olaraq 1987-1991-ci illərdə Qərbi Azərbaycandan gələnlərin ya izləri, ya özləri hazırda yaşamaqdadır. Ordubadın Yuxarı Əylis kəndində 108 ildir, mövcud olan Qarabağ məhəlləsi, 1918-ci ildə Qoruqlar kəndinin məhz Zəngəzur qaçqınlarının məskunlaşması ilə yaranması, kənddə iki tarixi qəbiristanlıq, Şahbuzun kəndlərində 1948-53-cü illər deportasiyasına məruz qalmış insanların yaşaması, sadəcə, bir neçə tarixi faktlardır.

         Festivalın növbəti ünvanı – Ordubad

Naxçıvan öz yurdlarından didərgin düşən qərbi azərbaycanlılara qucaq açmaqla həm də zamanla soydaşlarımızın məruz qaldığı faciələrə şahidlik edib. Qərbi Azərbaycan ağrısını öz çiyinlərində daşıyıb. Bu gün isə tarixi gerçəkliklərin, illərlə qorunan irsin, yurd məhəbbətinin, qayıdışa inamın təntənəsinə çevrilən festivallar həm də dünyaya və qarşı tərəfə ünvanlanan mesajdır: qərbi azərbaycanlılar öz torpaqlarına sülhlə qayıtmaq istəyirlər. 2023-2024-cü illərdə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” konqres-festivalları möhtəşəmliyi ilə yadda qalıb. Bu festivallar həm də əzəli torpaqlarımızın – Qərbi Azərbaycanın bir addımlığında birliyimizin göstəricisi, yurd yerlərinə qayıdışın addım səsləri idi. Festivalın növbəti ünvanı isə Zəngəzur dəhlizinin yaxınlığında, qədim Ordubad şəhəri idi.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı öz əhəmiyyətliliyi ilə yadda qaldı. Natiqlər öz çıxışlarında elmi əsaslarla Qərbi Azərbaycan torpaqları, qayıdış konsepsiyasının mahiyyəti və festivalın da bu yöndə görülən tədbirlərin bir hissəsi olaraq əhəmiyyətindən bəhs etdilər. Keçirilən konqres-festival Qərbi Azərbaycan tarixi həqiqətləri ilə gənc nəsil arasında körpü saldı. Qərbi Azərbaycan mövzusuna həsr olunmuş panel müzakirələrində, kitab və müxtəlif layihələrin təqdimatlarında iştirak etmək üçün 200-ə yaxın xüsusi dəvətli qonaq festivala qatılıb.

Bədii hissə ilə davam edən tədbirdə şəhərin mərkəzindən ta Sərşəhər meydanınadək yolboyu nümayiş etdirilən sərgilər, rəqslər, ifalar festival iştirakçılarında xoş ovqat yaratdı. Ordubadın qədim küçələri bu dəfə Qərbi Azərbaycan əhvalına büründü. Sərgilərdə Qərbi Azərbaycana aid nadir sənət nümunələri, kitablar, fotolar, məişət əşyaları və milli kulinariya nümunələri iştirakçılara təqdim olundu. Bir tərəfdə xalça toxuyan qadınlar, bir tərəfdə Qərbi Azərbaycan mətbəxindən – əyirdək, kömbə, İrəvan kətəsi, hədik, fəsəli, qırxbuğum kətəsi və təqdim olunan digər yeməklər, milli geyim, dekorativ-tətbiqi sənət nümunələri, folklor nümunələri əsl bayram ab-havası yaratdı.

“Həsrətin çəkdiyim ana Vətənim”

Həsrətin çəkdiyim ana Vətənim

Beşiyim üstündə layla deyənim

Dünənim bu günüm həm gələcəyim

Canımsan, qanımsan, ey Dərələyəz

Ana torpağımsan, ey Dərələyəz.

Sərşəhər meydanında mahnının səsi ərşə ucalıb. Ürəyi yurd həsrətli, gələcəyə nikbin baxışlı dərələyəzlilər qol qaldırıb oynayır. Daha sonra oyun havası yallı ilə əvəz olunur. Getdikcə yallının sıraları genişlənir, gənclər də qoşulur. Tarixi köklərə qayıdış ruhunda təşkil olunan festivalda kiçikdən-böyüyə hər kəs bir məqsəd ətrafında toplanıb: sülhlə, ədalətlə soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışına dəstək olmaq.

Aşıq havaları, yurd həsrətli bayatılar, qayıdışa inamı və birliyi əks etdirən yallı nümunələri bir daha göstərdi ki, nə məsafələr, nə də illər insana öz əslini unutdura bilməz. Əgər bu gün hələ də Dərələyəzdə, Zəngəzurda, Vedidə, Göyçədə olan evlərinin açarları sandıqlarda qalırsa, köhnə fotoların, istifadəyə artıq yararsız olan məişət əşyalarının tozu alınaraq saxlanılırsa, demək ki, ümid var, qayıdışa inam var. Çünki daim qayğı ilə əhatə olunduqları dövlətə və onun rəhbərinə – Müzəffər Sərkərdə İlham Əliyevin siyasətinə güvənləri sonsuzdur. Prezident İlham Əliyevin bölgədə yaratdığı yeni reallıqlar qarşı tərəfə açıq mesaj verir ki, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı qaçılmazdır.

“Qərbi Azərbaycana qayıdış” konsepsiyasından irəli gələn məsələlərin elmi müstəvidə araşdırılması, ictimai və mədəni fəaliyyətlər vasitəsilə bu ideyanın daha geniş auditoriyaya çatdırılması da konqres-festivalın əsas mahiyyəti idi. Festival bizi bir anlıq tarixi yurd yerlərinə – Zəngəzura, İrəvana, Zəngibasara, Kərbibasara, Vedibasara, Göyçəyə, Dilicana, Dərələyəzə, Şörəyelə, Sərdərabada, Qırxbulağa apardı. Milli dəyərlərin, tarixi-mədəni irsin, yurd həsrətinin, Vətən sevgisinin, əzmin, səbrin, iradənin cəm olduğu bu festival möhtəşəmliyi ilə yadda qaldı. Bu festival həm də Zəngəzur dəhlizinin bir addımlığında birliyimizin göstəricisi, yurd yerlərinə qayıdışın addım səsləri idi. Biz bizim olan yurd yerlərinə-Qərbi Azərbaycana qayıdacağıq. Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi…

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 25.06.2026 10:01