NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Şamxaradze: Gürcüstan regionda davamlı sülhün təmin olunması üçün töhfə verməyə hazırdır

...

Parlament diplomatiyası Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır. Gürcüstan olaraq biz müəyyən təzyiqlərlə üzləşsək də, hər zaman sülh diplomatiyasının tərəfdarı olmuşuq. Belə ki, sülh region üçün əsas və həlledici amildir, xüsusilə də iqtisadi inkişaf baxımından.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze deyib.

“Biz iqtisadiyyatımızı daha da genişləndirmək niyyətindəyik və bu istiqamətdə üç ölkə arasında, xüsusilə nəqliyyat sahəsində olduqca uğurlu əməkdaşlıq mövcuddur. Həyata keçirilən birgə layihələr regionun tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Eyni zamanda, Azərbaycan və Türkiyədən gələn turistlər Gürcüstana səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə yer alır ki, bu da xalqlarımız arasındakı yaxın münasibətlərin göstəricisidir”, - deyə gürcüstanlı deputat bildirib.

O əlavə edib ki, Gürcüstan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində göstərilən səyləri dəstəkləyir və regionda davamlı sülhün təmin olunması üçün hər zaman töhfə verməyə hazırdır.

Nəşr edilib : 24.02.2026 17:14