NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Samed Ağırbaş: COP31 komandası olaraq COP29 sədrliyindən çox şey öyrənmişik

...

COP31 komandası olaraq COP29 sədrliyindən çox şey öyrənmişik. Onların təcrübəsi, dostluğu və göstərdikləri səmimi dəstək bizim üçün çox dəyərlidir. Buna görə də bu gün yeni bir yola başlamırıq, COP31-ə hamınızla birlikdə davam edirik. Başqa sözlə, Bakıdan Türkiyədə keçiriləcək COP31-ə doğru irəliləyirik.

"Şərq qapısı" xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”-nın açılış mərasimində çıxış edən COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionu “Sıfır Tullantı” Fondunun prezidenti Samed Ağırbaş deyib.

O, fikirlərinə belə davam edib: “COP31 iqlim ambisiyalarını real iqtisadiyyata daha da yaxınlaşdırmalıdır. İqlimlə bağlı öhdəlikləri investisiya və maliyyələşmə baxımından cəlbedici layihələrə, eləcə də geniş miqyasda tətbiq oluna bilən həllərə çevirməliyik. İqlim maliyyələşməsi, xüsusilə inkişaf etməkdə olan, ən az inkişaf etmiş ölkələr və xüsusilə mövcudluğu təhlükə altında olan kiçik ada dövlətləri üçün bu səylərin əsasını təşkil edəcək. Həmçinin dövlət və özəl maliyyə mənbələri arasında daha güclü əməkdaşlığa ehtiyacımız var. İcranın şəhərlərə, icmalara və birbaşa insanların həyatına çatmasını təmin etməliyik. Bu isə enerji keçidinin sürətləndirilməsi, iqlim maliyyəsinin səfərbər edilməsi və hökumətləri, biznesi, investorları, şəhərləri və vətəndaş cəmiyyətini praktik həllər ətrafında bir araya gətirmək deməkdir”.

Samed Ağırbaş qeyd edib ki, tullantılara iqtisadi dəyər prizmasından yanaşmalı və bununla da dövri iqtisadiyyatı inkişaf etdirməliyik.

“Bakıdan COP31-ə gedən yol hamımızın paylaşdığı yoldur. COP29-un təcrübəsi, Türkiyə ilə Azərbaycan arasındakı güclü qardaşlıq münasibətləri və qlobal tərəfdaşlarımızın dəstəyi ilə COP31-i icra, tərəfdaşlıq və real təsir COP-u edə bilərik. Bu yolu birlikdə qət etməyi səbirsizliklə gözləyirik”, - deyə COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionu vurğulayıb.

Nəşr edilib : 07.09.2026 11:24