NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

...

Sentyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova "Parlament Əməkdaşlığında gənclərin rolu” mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) Baş Qərargahında fəxri qonaq qismində çıxış edib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın Milli Məclis sədri əvvəlcə qərargahda yaradılan şəraitlə tanış olub.
Sonra gənclər qarşısında çıxış edən sədr Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə verdiyi mühüm töhfələr haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycanın sədrliyi qlobal miqyasda ciddi çağırışların, xüsusilə COVID-19 pandemiyasının yaşandığı dövrə təsadüf edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının həmrəyliyinin və praktiki fəaliyyət imkanlarının nümayiş etdirilməsində mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan pandemiyaya cavab olaraq Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Onlayn Zirvə görüşünün, eləcə də BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, peyvəndlərə bərabər çıxışın təmin olunmasını təşviq edib və ehtiyacı olan ölkələrə yardım göstərib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq rolunun və institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu institusional inkişafın mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması olub. 2019-cu ildə qəbul edilmiş qərardan sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Gənclər Təşkilatına çevrilib. Parlamentin sədri qeyd edib ki, Qoşulmam Hərəkatının Gənclər Təşkilatı (QHGT) və Parlament Şəbəkəsi (QHPŞ) fərqli, lakin bir-birini tamamlayan funksiyalar həyata keçirirlər.
O çıxışında QHPŞ-nin yaradılmasından bəhs edərək bildirib ki, 2021-ci ildə Madrid şəhərində Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində təsis olunan Parlament Şəbəkəsi ötən dövrdə Azərbaycan Milli Məclisinin sədrliyi ilə öz strukturunu formalaşdırıb, beynəlxalq əməkdaşlığını genişləndirib və müxtəlif ölkələrdə beş konfrans keçirib. Parlament Şəbəkəsi Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm parlament ölçüsü gətirib və beynəlxalq səviyyədə qəbul olunan öhdəliklərin milli parlamentlərdə qanunvericilik, büdcə və parlament nəzarəti vasitəsilə dəstəklənməsinə imkan yaradır.
Milli Məclisin sədri Sahibə Qafarova sonda vurğulayıb ki, QHGT və QHPŞ Azərbaycanın sədrliyinin mühüm irsi olmaqla yanaşı, Qoşulmama Hərəkatının gələcəyinə xidmət edən aktiv təsisatlardır.

Nəşr edilib : 14.09.2026 18:14