NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Şahbuz rayonunda “20 Yanvar – qanla yazılan tarix” adlı anım tədbiri keçirilib

...

Şahbuz Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 19 yanvar 2026-cı il tarixdə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar – qanla yazılan tarix” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Azər Cəbiyev açaraq 1990-cı il yanvarın 20-də sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğının tariximizdə ən faciəli və eyni zamanda şərəfli səhifələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirib.

Çıxışda vurğulanıb ki, 20 Yanvar hadisələrinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi sayəsində mümkün olub. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada keçirdiyi mətbuat konfransında bu qanlı əməliyyatı açıq şəkildə pisləməsi və müstəqillik dövründə Milli Məclisin 1994-cü il 29 mart tarixli Qərarı ilə faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi xüsusi qeyd edilib.

Tədbirdə mövzu ətrafında Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərli, Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülnar Əlizadə və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Şahbuz şəhər 1 saylı ərazi partiya təşkilatının sədri Leyli Məmmədli çıxış edərək 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən, şəhidlərin qəhrəmanlığından və bu faciənin gənc nəslə düzgün şəkildə aşılanmasının vacibliyindən danışıblar.

Sonda bildirilib ki, 20 Yanvar şəhidlərinin xatirəsi daim ehtiramla yad ediləcək, onların azadlıq və müstəqillik uğrunda göstərdikləri fədakarlıq heç vaxt unudulmayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nəşr edilib : 19.01.2026 16:33