NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

...

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda, həmçinin xidməti vəzifələrin icrası zamanı şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatına dəvət ediliblər.

Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən danışan DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Vətənə layiqli övlad yetişdirdiklərinə görə şəhid ailələrinə dərin minnətdarlığını ifadə edib.

Azərbaycan Sərhəd Mühafizəsinin keçdiyi şərəfli tarixi yoldan, sərhədçilərimizin döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıq və şücaətdən danışılıb, şəhid sərhədçilərin əziz xatirəsinin daim uca tutulduğu vurğulanıb.

Tədbir zamanı Prezidentin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid sərhədçilərə verilmiş dövlət təltifləri onların ailə üzvlərinə təqdim olunub.

Şəhid ailələri göstərilən ali diqqət və qayğıya, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 17.08.2026 17:19