NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Sağlamlıq imkanları məhdud uşaqlarda dulusçuluğa maraq yaradılır

...

Ölkəmizdə dulusçuluq sənətinin çox qədim tarixi var. Mütəxəssislər bu sənətin yaranmasını Neolit dövrünə aid edirlər. İlk orta əsrlərin sonlarından başlayaraq dulusçuluq sənəti özünün yüksək inkişaf mərhələsinə gəlib çatıb. Həmin dövrlərdə saxsı qabların yayılması arealı Azərbaycanın, demək olar ki, bütün yaşayış məskənlərini əhatə edirdi. Bunu da arxeoloji qazıntılar zamanı ölkəmizin müxtəlif ərazilərindən tapılan dulusçuluq məmulatları – küp, səhəng, dolça, bardaq və digər saxsı nümunələri təsdiq edir. Bəşəriyyətin ilk və ən dəyərli nailiyyətlərindən biri də keramikanın kəşf olunmasıdır. Əvvəllər sənətkarlar gil qabları əlləri ilə hazırlayırdılar. Sonralar sadə formalı dulus çarxı meydana çıxdı.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində aplikasiya dərnəyində çalışan Püstə Əliyeva söhbət zamanı vurğuladı ki, 33 ildir ki, dərnək rəhbəri kimi fəaliyyət göstərirəm. Son 7 ildə isə daha çox  sağlamlıq imkanları məhdud uşaqlarla  çalışıram. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri uşaqlarının cəmiyyətə qarışmasını, inkişaf etməsini, asudə vaxtının səmərəli keçməsini istəyirlər. Təbii istəkdir. Onlar da çalışırlar ki, valideynlərin istəklərinə dəstək olsunlar. Öyrəndik ki, Püstə müəllimin qrupunda 16 uşağın 14-ü sağlamlıq imkanı məhdud uşaqdır. Xanım Heydərova, Xəzəl İsmayılova, Təranə Əhmədli, Tofiq Həsənov və başqaları bu sənətə böyük maraq göstərirlər.

Püstə müəllim deyir ki, ilk zamanlar dərnəyimizdə, əsasən, rəngli kağızla, düyü ilə əl işləri hazırlayırdıq. Düşündüm ki, qayçı ilə iş görmək uşaqlar üçün təhlükəlidir. Muncuqla və dulusçuluqla məşğul olmağa başladıq.

Uşaqlara, əsasən, mövzunu özümüz seçirik, sərgilərimiz olanda isə mövzu verilir, üzərində işləyirik. Daha çox nağıl obrazları, Zəfər bayramı, Azərbaycan Bayrağı, butalar və sair mövzularda işləyirik. Dulusçuluq sənətində də eləcə.

Püstə müəllim uşaqların əl işlərinin sərgi-satışlarının təşkilindən də bəhs etdi: “Bu sərgilər uşaqları daha da həvəsləndirir, hər bir tədbirdə, sərgidə iştirak etmək istəyirlər. Biz də əlimizdən gələn dəstəyi göstəririk”.

Sağlamlıq imkanları məhdud uşaqların gələcək həyatlarında onlara bir işıq yolu açıb, qayğı ilə yanaşmalıyıq. Evdə valideynləri, cəmiyyətdə isə biz onları bu keşməkeşli həyatda yalnız buraxmamalı, yanlarında olmalıyıq.

Günay HACIYEVA

Nəşr edilib : 30.10.2024 14:33