NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Sağlam və xoşbəxt ailənin təməli bu yolun ilk addımından – nikah faktorundan başlayır

...

Azərbaycanda qohum evlilikləri tarixboyu bir sıra sosial səbəblərə əsaslanaraq dərin kök salıb. “Yada gedincə, özümüzə qismət olsun”, “Özümüzünküdür” fikirləri ilə bir çox ailə qohumla evlənməyi daha üstün və etibarlı hesab edib. Hətta bəzi nəsillərdə “kənara qız vermək”, ümumiyyətlə, qəbuledilməz hesab olunub. Narahatlıq doğuran tək məqam belə evliliklərdən doğulan uşaqların yalnız görünüşcə bir-birinə bənzəməsi deyil, həm də qan qohumluğu nəticəsində müxtəlif irsi xəstəliklərin daşıyıcısı olmasıdır ki, bu da genetik xəstəliklərin daha geniş yayılması ilə nəticələnir. Deməli, qohum evlilikləri, sadəcə, mülkiyyəti qorumaq, illərlə bir-birini tanıyan, birlikdə böyüyən şəxslərin nikahı deyil, həm də xəstə nəslin yetişməsidir. Bu baxımdan, genetik xəstəliklərin artmasına təsir göstərən qohum evliliyinin qanunla qadağan olunması vacib addımdır. 

Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən 2025-ci il iyulun 1-dən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan olunub. Artıq rəsmi nikaha girmək istəyən şəxslərin qohumluq dərəcəsi yoxlanılır və bu zaman cütlükdən əlavə sənədlər tələb edilir. Qohum evliliyi qadağasını pozan şəxsləri hüquqi məsuliyyət də gözləyir. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən bu cür nikahların bağlanmasına, ümumiyyətlə, yol verilmir; bu isə o deməkdir ki, bu nikahlar dövlət tərəfindən qeydiyyata alınmır. Buna görə də həmin şəxslərin bu nikaha hüquqi olaraq daxil olmaları mümkün olmadığından bununla bağlı hər hansı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

Nikaha daxil olan tərəflər anlamalıdırlar ki, bu gün ailə, sadəcə, iki nəfərin sevgisi, istəyi əsasında qurulmur, bu ailənin nəticəsi, gələcəyi var. Dünyaya gələn uşaqların fiziki, psixoloji sağlamlığı çox vacib amillərdir. Nikah yaşına çatmış və ailə qurmağa hazır olan kifayət qədər yetkin insanlar bu məsuliyyəti anlamalıdırlar. Bu gün qan qohumluğu üzərində qurulan evliliyin yasaq edilməsinin hüquq səviyyəsinə qaldırılması bu prosesi təbii müstəviyə doğru çəkən çox əhəmiyyətli addımlardan biridir. Qohum evliliyi uzun illər ərzində dünyaya gələn yeni nəslin həyat üçün daha yararlı gen almaq imkanlarını tamamilə məhdudlaşdırır. Ona görə ki, oxşar genotipə məxsus insanlardan dünyaya gələn yeni nəslin öz valideynlərindən irsən həyat üçün zəruri olan yeni gen almaq ehtimalları son dərəcə məhdud olur. Üstəlik, bu zaman təkamülün təbii qanunları pozulduğundan həyat üçün zərərli olan və təbiətin gizlətdiyi naqis genlərin dominant səviyyəyə keçmə riski artır, əsrlərlə resessiv olan, yəni gizlində qalan yararsız genlər üzə çıxır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda, əsasən, irsi xəstəlik hesab olunan patologiyalar daha geniş yayılıb. 

Hazırda qəbul olunmuş müvafiq qanunun tələbləri yaxın gələcəkdə cəmiyyətimizin mənəvi və fiziki sağlamlığının daha uğurla təmin olunmasına faydalı töhfələr verəcək. Qadağa ilə yanaşı, ardıcıl maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də Ailə Məcəlləsinə edilən dəyişikliyin effektivliyinin artırılması baxımından zəruridir. Çünki rəsmi nikahı vacib saymayan, kəbin kəsdirməklə evlilik həyatına qədəm qoyan cütlüklər, ilk növbədə, bu izdivacın fəsadlarını dərk etməli və özləri qohum evliliyindən boyun qaçırmalıdırlar. Ailənin xoşbəxtliyi həm də dünyaya gələcək uşaqların sağlamlığından asılıdır. Başqa sözlə, xoşbəxt gələcək sağlam uşaqlardan başlayır.

Hazırda dünyada 8 mindən çox genetik xəstəlik müəyyən edilib. Statistikaya, əsasən, yeni doğulanların, təxminən, 2 faizi irsi xəstəliklər və ciddi inkişaf qüsurları ilə dünyaya gəlir. Genetik xəstəliklər ya ana bətnində döldə öz-özünə və ya irsi olaraq valideynlərdən genetik kodlarda baş verən dəyişikliyin bizlərə ötürülməsi ilə əmələ gəlir. Normal halda hər kəs düşünür ki, nəslimizdə genetik xəstəlik yoxdur, buna görə də uşağımızda problem olmaz. Amma bu, tamamilə yanlış fikirdir. İstər qohum, istərsə də yad evliliklərdə genetik xəstə uşaq doğulması ehtimalı var. 

Qohumla qurulan ailələrdə yad evliliklərə nisbətən qüsurlu uşağın doğulma ehtimalı iki dəfə çoxdur. Təbii ki, yadlarla qurulan evliliklərin daha çox olması arzuolunandır ki, gizli keçən xəstəliklər özünü büruzə verməsin və xəstə uşaqlar doğulmasın. Dünyada ailə quranların 20 faizi qohumlardır. Xəstə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Qohum evliliklərində ən çox rast gəldiyimiz qan, sümük-əzələ, ürək-damar sistemi və metobolik xəstəliklərdir. Araşdırmalara görə, daun sindromu hər 800 doğuşdan bir olursa, tək gen xəstəlikləri hər 100 doğulanın birində üzə çıxır. Qohum evliliklərə hüquqi baxımdan son qoyulması cəmiyyətə sağlam uşaq verməyin düzgün yoludur.

Qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir. Layihədə qeyd olunan məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunur.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir.

Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutan 189-2 və 189-3-cü maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır.

Dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Beynəlxalq hüquq normaları, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan, dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər.

Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur. Qanunun qəbul edilməsinin zərurəti isə mövcud tibbi-genetik risklər, sosial nəticələr və uzunmüddətli sağlamlıq siyasəti baxımından obyektiv və sistemli tədbirdən ibarətdir. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı hüquq müstəvisində hər zaman üstün tutulur. Bu səbəbdən sözügedən qanun dəyişiklikləri həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir.

Tibb mütəxəssisləri dəfələrlə bildiriblər ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki, yad insanların nikahı zamanı uşaqda qüsur riski 2-4 faiz olduğu halda, qohum nikahlarında bu risk 4-8 faizə qədər yüksəlir, yəni, təxminən, 2 dəfə artır. Belə uşaq doğulan ailələrdə psixoloji, sosial və maliyyə gərginlikləri meydana gəlir, bu hallar boşanma və ailədaxili narazılıq kimi hallara gətirib çıxarır. Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etməkdir.

1 iyul 2025-ci ildən etibarən Azərbaycanda qohum evliliklərinin qadağan olunması əhalinin genetik sağlamlığının qorunması və irsi xəstəliklərin yaranma riskinin minimuma endirilməsi məqsədi daşıyır. Dəyişikliklə bərabər, onun cəmiyyət tərəfindən qəbul edilməsi və tətbiqi istiqamətində də müəyyən tədbirlər görülüb və görülməkdədir. Sağlam və xoşbəxt ailənin təməli bu yolun ilk addımından – nikah faktorundan başlayır. Bu yolda düzgün seçim etmək, qeyd edilən bütün faktları gözardı etmədən diqqətdə saxlamaq və ən əsası qohum evliliklərinə yox demək əsas məsələlərdən biridir. Bu halların baş verməməsi üçün istər ailələrimiz, istərsə də aidiyyəti qurumlar bütün zəruri addımları atacaq və nümunəvi, xoşbəxt, firavan ailə dəyərlərimizin formalaşmasına öz töhfələrini verəcəklər.

İsayə SEYİDOVA

Naxçıvan Şəhər Nikah Evinin müdiri, ədliyyə müşaviri

Nəşr edilib : 02.02.2026 10:41