NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

“Sağlam məhəllə”lərdə yetişən sağlam gənclik

...

Bu gün Azərbaycan gəncliyi sağlam həyat tərzini yalnız gündəlik vərdiş kimi deyil, həm də öz inkişaf strategiyasının vacib hissəsi kimi qəbul edir. Müasir gənclər fiziki fəallığın sağlamlıq və sosial adaptasiya baxımından nə qədər önəmli olduğunu yaxşı dərk edirlər. Bunun nəticəsidir ki, son illər ölkənin bütün bölgələrində, o cümlədən Naxçıvanda idmana maraq əhəmiyyətli dərəcədə artıb. Həmçinin əhalinin idman xidmətlərinə çıxışının genişləndirilməsi, sağlam həyat tərzinin təşviqi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Elə Naxçıvandan başlanılan “Sağlam məhəllə” layihəsi də məhz bu məqsədlərə xidmət edir. Layihə çərçivəsində bölgələrdə yaradılan müasir idman meydançaları uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Artıq Babək, Culfa və Şahbuz rayonlarında “Sağlam məhəllə”lər sakinlərin istifadəsinə verilib. Bu məkanlarda vətəndaşlar minifutbol, basketbol, stolüstü tennis və şahmatla məşğul olmaq, həmçinin açıq havada quraşdırılmış trenajor avadanlıqlarından yararlanmaq imkanı əldə edirlər. Bu təşəbbüs yaşından asılı olmayaraq, hər bir sakinin idmana cəlb olunmasına, bədən tərbiyəsinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə xidmət edir. Ən önəmlisi isə layihə idmanın kütləviliyini artırmaqla yanaşı, cəmiyyətin sağlam gələcəyi üçün atılan mühüm addımdır.
Babək rayonunda yaradılan “Sağlam məhəllə”də olarkən yeni istifadəyə verilən idman məkanının yalnız uşaqların deyil, bütün yaş qruplarından olan insanların da marağına səbəb olduğu diqqətimizdən yayınmadı. Babək rayon sakini Məhəmməd Əliyevlə söhbətimizdə məlum oldu ki, əvvəl burada bu cür imkanlar olmadığından, xüsusən də uşaq və yeniyetmələr boş vaxtlarını daha çox evdə və ya küçədə keçirməyə məcbur olurdular. İndi isə həm idmanla məşğul olmaq, həm də sağlam həyat tərzini formalaşdırmaq üçün əlverişli infrastruktur mövcuddur. Müsahibimiz bildirdi ki, bu məkan təkcə gənclər üçün deyil, yaşlı sakinlər üçün də böyük üstünlüklər verir. Günün müəyyən hissəsini burada keçirir, gəzinti edir, həm də yüngül idman hərəkətləri edərək sağlamlığımızı qorumağa çalışırıq. İnsanların bir araya gəlməsi, ünsiyyət qurması da məhəllədə daha pozitiv və sağlam mühit yaradır. Rayon sakinlərinin fikrincə, “Sağlam məhəllə” layihəsi həm əhalinin gündəlik aktivliyini artırır, həm də məhəllədə sosial mühitin daha dinamik, daha canlı olmasına səbəb olur. 
Güləş idman növü ilə məşğul olan 6-cı sinif şagirdi Məhəmməd İmanov isə bildirdi ki, hər gün buraya gələrək futbol oynayır: “Əvvəllər idman etmək üçün uzağa getməli olurduq. İndi isə dərsdən sonra dostlarımla bura gəlir, həm futbol oynayırıq, həm də trenajor alətlərindən istifadə edirik. İdman artıq gündəlik vərdişimizə çevrilib. İdmanı çox sevirik. Çalışırıq ki, hər gün buraya gəlib idman edək. Burada vaxtımız daha səmərəli keçir”.
Məktəbli söhbəti zamanı layihənin bütün uşaqlar üçün böyük imkan yaratdığını da əlavə edir. Elə ətrafa nəzər saldıqda uşaqların gülüş səsləri və sevinc dolu anlarının şahidi oluruq. 
Qeyd edək ki, hər bir yeniyetmə və gənc üçün fiziki aktivliyin əlçatan olması sağlam cəmiyyətin əsas şərtidir. 

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 16.02.2026 09:56