NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Sadiq qürur mənbəyimizdir

...

Sadiq Əli oğlu Həsənov 

(14.09.1986-20.10.2020)

Sadiqin xatirələri bir kitaba sığmaz. Çox ağıllı idi Sadiq. Balaca vaxtından fərqlənirdi ətrafındakılardan. Tez-tez hərbçi olmaq istədiyini deyirdi. Arzusu idi. Hərbi liseyə daxil oldu. O vaxt ona dedim ki, mənim general balam...
Həqiqətən də, Sadiq igid, qəhrəman kimi “general balam” sözünün haqqını verdi. Hətta generaldan da üstün olan şəhidlik zirvəsinə yüksəldi... Övlad itirmiş ata kimi övladım haqqında danışmaq mənim üçün çox ağırdır. Amma buna baxmayaraq, çox qürurluyam.
Onu da deyim ki, Sadiq balaca vaxtı həm də çox nadinc olub. Heç rahat durmazdı. Çox hərəkətli idi. Buna baxmayaraq, həm də çox mehriban idi. Dərslərini yaxşı oxuyurdu. O, hərbi liseydə, həm də AHM-də savadlı olması ilə fərqlənirdi.

Akademiyanı bitirdikdən sonra müxtəlif yerlərdə xidmət etdi. Sonuncu xidmət yeri Ordubad idi. İşdən mənə zəng vurdu. Dedi, ata, mən raport yazdım. Döyüş bölgəsinə gedirəm. Sadiq ailəli idi... İki gül balası var. Mən onlarla birlikdə Ordubadda qalırdım. Həmin gün tezdən gəldi. Lazım olan əşyalarını yığdı. Dedi ki, hərbi təyyarə gəlir. Biz onunla gedəcəyik. Cəmi altı ay Ağcabədidə xidmət etdi. Sonra Vətən müharibəsi başladı.
27 sentyabrda mən ona zəng etdim. Dedi ki, ata, narahat olma. Mən öz otağımda oturmuşam. Narahat olma. Mənə müharibə barədə heç nə demirdi. Amma qardaşına döyüşdə olduğunu demişdi. Hər gün zəng vurardı ki, necəsiniz, mən yaxşıyam. 20 oktyabrda balamın şəhid xəbərini aldıq.
Artıq sözün bitdiyi yerdir. 20 oktyabr 2020-ci ildə mənim “general balam” “şəhid balam” oldu. İndi təsəllim balamın iki gül kimi qız övladıdır. Vətən sağ olsun! Bütün şəhidlərimizin ruhu şad olsun!
 

Nəşr edilib : 12.12.2024 21:14