NAXÇIVAN :

25 Noyabr 2026, Çərşənbə

Hicran Hüseynova: Məişət zorakılığı ilə mübarizədə çevik müdafiə mexanizmləri vacibdir

...

Azərbaycanda məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və onların dövlət dəstəyi ilə təmin olunması istiqamətində qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir. Bununla yanaşı, qəbul edilən qanunların səmərəli tətbiqi və çevik müdafiə mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, 2010-cu il iyunun 22-də qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda, eləcə də Cinayət, İnzibati Xətalar və Ailə məcəllələrində məişət zorakılığı ilə mübarizə və zərərçəkmiş şəxslərin müdafiəsi məsələləri öz əksini tapıb.

"Hazırda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Görülən tədbirlər nəticəsində zorakılığın müxtəlif formalarından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi gücləndirilib. Eyni zamanda, zərərçəkmiş şəxslərin öz tələbləri əsasında dövlət vəsaiti hesabına hüquqi yardımla təmin olunması imkanları yaradılıb", - komitə sədri qeyd edib.

H.Hüseynovanın sözlərinə görə, rəsmi nikahda olmayan, erkən nikaha daxil olan şəxslər, eləcə də buna şərait yaradan valideynlər və qəyyumlarla bağlı sanksiyalar da sərtləşdirilib.

“Bu məsələ daim diqqətdə saxlanılır, yeni tələblər və çağırışlar təhlil olunur", - deyə komitə sədri əlavə edib.

Nəşr edilib : 25.11.2026 17:19