NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Sadə tipli açıq hava idman qurğularının qurulması prosesi davam etdirilir

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, Dövlət Proqramına uyğun olaraq ötən il Naxçıvan şəhərinin müxtəlif ərazilərində olmaqla, ümumilikdə, 8 yerdə sadə tipli açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib. Əhali üçün idman xidmətlərinin əlçatanlığını artırmaq, eyni zamanda sağlam həyat tərzini təşviq etmək baxımından mühüm əhəmiyyət daşıyan bu işlər əhatə dairəsini genişləndirməkdədir. Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulduğu kimi artıq Naxçıvan Muxtar Respublikasının şəhər və qəsəbələrində sadə tipli açıq hava idman qurğularının qurulması işi faktiki olaraq icradadır. Prosesə Şahbuz şəhərində start verilib. Öncədən müəyyənləşdirilmiş ərazidə ilkin inşaat işləri həyata keçirilməkdədir. Plana əsasən cari ilin sonunadək 7-si şəhərlərdə, 4-ü qəsəbələrdə olmaqla muxtar respublikanın bölgələri üzrə, ümumilikdə, 11 yerdə açıq hava idman qurğularının istifadəyə verilməsi nəzərdə tutulub. 
 Dövlətimizin birbaşa həyata keçirdiyi bu layihələr muxtar respublikanın idman mühitinə əlavə dəyər qatacaq, bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcək, əhalinin sağlam həyat tərzinə sövq edilməsinə və gənclərin fiziki hazırlığının yüksəlməsinə mühüm töhfə olacaq.

Nəşr edilib : 09.09.2025 18:02