NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Saatı ver saatsaza…

...

İlyas dayı o ustalardandır ki, Naxçıvanda onu məhşur saatsaz kimi tanımayan, demək olar ki, yoxdur. Öz peşəsinə vurğunluğunu iş başında olarkən saatların nazıyla oynamağından anlamaq çətin deyil. Naxçıvanda “Köhnə bazar” adlanan yerə yaxın kiçik bir emalatxanası da var, İlyas ustanın. Bu sənətkarla daha yaxından tanış olmaq üçün elə onun emalatxanasına yollandıq. 

Səmimi və mehriban İlyas ustayla tanışlığımız xoş oldu, uzun-uzun söhbət etdik. Nə az nə çox ömrünün düz 50 ilini bu peşəyə həsr edən 70 yaşlı saatsaz bu sənətə 1974-cü ildən könül bağlayıb.  Deyir ki, mən hələ 9-cu sinifdə oxuyanda  yaxınlıqdakı bazarda Qadir adlı bir saatsaz var idi. Bir gün saatımı təmir üçün onun yanına apardım. Ustanın gördüyü iş marağıma səbəb oldu. O gündən qərar verdim ki,  mən də bu sənəti öyrənməliyəm. Orta təhsili bitirib universitetə sənəd verdim, lakin imtahanlardan  kəsildim. Daha sonra Politexnik İnstitutuna sənəd verdim. Bu dəfə də alınmadı. Görünür, elə saatsaz olmaq mənim qismətimdə var imiş. Bundan sonra  Bakı şəhərində saatsazlığı oxudum. Həm elekton saatların, həm də mexaniki saatların təmiri  üzrə təhsil almışam. 1984-cü ildə isə elektron saatlar üzrə təcrübə qazanmaq məqsədilə Moskvanın Penza şəhərində oldum. Hər iki növ saatları düzəldə bilirəm. Ancaq mexaniki saatlarla məşğul olmaq mənə daha maraqlı gəlir. Bu saatlar üzərində işləyəndə mən özümü əsl zərgər kimi hiss edirəm. Zarafat deyil, bir saatın içində onlarla detal var və sənin hər bir detal haqqında, onun funksiyası barədə mükəmməl məlumatın olmalıdır. Elə etməlisən ki, bu detallar arasında tarazlıq, ahəng pozulmasın. Hər bir detal nəzərdə tutulandan nə sürətli işləməlidir, nə də yavaş.

Usta qolundakı saatı göstərərək deyir ki, bu mexaniki saat düz 35 ildir ki, mənimlə yol yoldaşıdır. Bu saatın bu qədər müddətdə işlək vəziyyətdə qalmasının səbəbi, şübhəsiz ki, keyfiyyətli olmasından irəli gəlir. İş masasının üzərindəki, saatı mənə tərəf uzadaraq soruşur ki, səncə bu saatın neçə yaşı var, qızım? Deyirəm, nə bilim 50-100… Bu saatın düz 350 yaşı var, amma bax görürsən necə qüsursuz işləyir. Çünki, keyfiyyətli mexanizması var. İndi saatda bir balaca nasazlıq olan kimi atırlar bir kənara və gedib ucuz qiymətə yeni bir saat alırlar. Təbii ki, belə qiymətə satılan saatların keyfiyyəti də olmur, qısa zamanda sıradan çıxır.

Usta deyir ki, məndən sonra da peşəmin davam etməsi üçün oğluma bu sənətin incəliklərini öyrətmişəm. Başqa işlərim olduğu zaman o, məni əvəz edir, bu işin öhdəsindən gəlməyi bacarır. Marağı olan hər kəsə bu peşəni öyrətməyə hazıram. Çünki, bu elə bir peşədir ki, illər keçsə də, bu peşəyə ehtiyac olacaq. 50 il öncə necə idi, indi də elədir, hələ deyərdim ki, indi daha çoxdur saata təlabat. Düşünürəm ki, illər bir-birini əvəzlədikcə saatsazlar daha çox axtarılacaq.

Gülcamal TAHİROVA

Nəşr edilib : 17.09.2024 14:58