NAXÇIVAN :

25 Dekabr 2024, Çərşənbə

Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi və humanitar əlaqələr möhkəmlənir

...

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Yekaterinburqa səfəri çərçivəsində ticari-iqtisadi və humanitar əlaqələrin bundan sonra da gücləndirilməsi barədə razılığa gəliblər.

"Şərq qapısı" xəbər verir ki, qubernatorun mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 24-də keçirilən işçi görüşdə müzakirə olunan məsələlər arasında Bakıda 1941-1945-ci illər müharibəsində qələbənin 80 illiyi şərəfinə Ural tarixçiləri tərəfindən toplanmış arxiv sənədlərindən ibarət sərginin təşkili də yer alıb.

“Ural tarixçiləri və arxivariusları Azərbaycanın həmin qələbənin əldə edilməsinə verdiyi töhfələrdən bəhs edən nadir sənədlərdən ibarət sərgi hazırlayıblar. Söhbət xüsusilə Azərbaycanda yaradılmış və qələbədən sonra Sverdlovsk vilayətində yerləşdirilmiş 77-ci dağatıcı diviziyasının döyüş yolundan gedir. Bu sərgi qələbənin 80 illiyinə həsr olunmuş “Rusiya və Azərbaycan xalqlarının tarixi yaddaşı” layihəsinin bir hissəsidir. Biz Bakıda Azərbaycan tərəfinin tövsiyə edəcəyi platformalardan birində ekspozisiya təşkil etməyi planlaşdırırıq”, - deyə Y.Kuyvaşev bildirib.

Səfir tarixi yaddaşın qorunmasının vacibliyini qeyd edərək, qubernatorun təklifini dəstəkləyib.

Bundan əlavə, görüş zamanı vilayət rəhbəri və diplomat ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Y.Kuyvaşev R.Mustafayevə faydalı qazıntıların hasilatı və emalı, eləcə də texnoloji proseslərin idarə edilməsi ilə bağlı qabaqcıl avtomatlaşdırılmış sistemlərin tətbiqi üzrə Sverdlovsk şirkətlərindən innovativ həllər təklif edib. Onlar dövlətin neft şirkətlərində tətbiq edilə bilər.

Görüşdə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Y.Kuyvaşevin qeyd etdiyi kimi, Sverdlovsk vilayəti Rusiyanın aparıcı təhsil mərkəzlərindən biridir. Bölgədə tələbələrin dəstəklənməsi üzrə yeni proqramlar tətbiq edilir və dünya səviyyəli kampus tikilir. Sverdlovsk universitetləri, kollecləri və texnikumları, demək olar ki, bütün sahələr üzrə mütəxəssis hazırlayırlar; orada 250 minə yaxın tələbə təhsil alır ki, onların da 10 mindən çoxu xarici vətəndaşlardır. Cari tədris ilində Ural ali məktəblərində Azərbaycan Respublikasının 50-dən çox vətəndaşı təhsil alır.

R.Mustafayev Y.Kuyvaşevə əcnəbi tələbələrə göstərdiyi dəstəyə görə təşəkkür edib və Azərbaycan gənclərinin bundan sonra da Orta Uralda təhsil almağa maraq göstərəcəyinə əminliyini bildirib.

Sverdlovsk vilayətinin qubernatoru səfiri, həmçinin Yekaterinburqda İNNOPROM Beynəlxalq Sənaye Sərgisi və Beynəlxalq Moda Həftəsi kimi əlamətdar tədbirlərə dəvət edib.

Nəşr edilib : 24.12.2024 20:13