NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Rusiyanın genetik bioresursları milli məlumat bazasında birləşdiriləcək

...

Rusiyada heyvanlar, bitkilər və mikroorqanizmlər haqqında bütün mövcud genetik ehtiyatları əhatə edən milli genetik məlumat bazası yaradılacaq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Prezident Vladimir Putin Elm və Təhsil Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, qərar artıq qəbul edilib və bu verilənlər bazasına hər il təxminən 10 petabayt həcmində məlumatın yüklənəcəyi ehtimal olunur. Dövlət başçısı qeyd edib ki, bu, təxminən 5 trilyon səhifə çap mətninə bərabərdir.

Putin vurğulayıb ki, qəbul edilən qərarlar heç bir halda həddindən artıq inhisarlaşmaya səbəb olmamalı, tədqiqatçıların mövcud materiallarla sərbəst işləməsinə və digər ölkələrdəki həmkarları ilə elmi əlaqələr saxlamasına maneə yaratmamalıdır. Eyni zamanda, milli genetik resurs mərkəzlərinə xüsusi diqqət yetirilməli, onların bioloji kolleksiyalarının inkişafı üçün əhəmiyyətli maliyyə və dəstək mexanizmləri müəyyənləşdirilməlidir.

Prezident əlavə edib ki, Rusiyanın elm və təhsil təşkilatları, yüksək texnologiyalı şirkətləri və sənaye müəssisələri bu unikal məlumat bazalarına çıxış əldə etməlidirlər. Bunun üçün bütün elmi və strateji aktivlər hesablama gücünə, superkompüterlərə və suveren bulud texnologiyalarına qoşulmalıdır.

Sonda Putin ölkənin elmi və texnoloji inkişafı üçün hərtərəfli platforma ekosisteminin qurulmalı olduğunu, eyni zamanda Rusiya Federasiyasının mülkiyyəti olan məlumatların qorunması da daxil olmaqla, təhlükəsizliyin və dayanıqlılığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Nəşr edilib : 12.08.2026 01:13