Prezidentdən məmurlara xəbərdarlıq: Bütün tapşırıq...
15:08 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Bəzən havadan tanış bir günün ətri gəlir. Hansı gün olduğunu bilmirsən, amma o gün xoşbəxt olduğunu bilirsən. Həmin gün də havadan tanış günün ətri gəlirdi. O günə qədər heç vaxt ayaq basmadığımız, ətrini hiss etmədiyimiz, gözəlliklərini görmədiyimiz torpaqlar bizim üçün çox tanış ətir saçırdı. Çünki ruhumuz o torpaqlarla doğmalaşmış, hiss etmiş, onu bütün varlığında yaşatmışdı. O qoxu ruhumuz üçün doğma idi.
***
Ağlım kəsəndən bəri o torpaqlar haqqında ancaq bir şeyi eşidirdim: işğal, qaçqınlar, düşmən, elan olunmamış müharibə, BMT-nin yerinə yetirilməyən qətnamələri və bununla bağlı sadalayacağım xeyli nüanslar. Ekranlardan gördüyüm ürək ağrıdan kadrlar, Xocalı faciəsi, qaçqın şəhərcikləri, çadırlarda, vaqonlarda yaşayan insanlar. O torpaqlar yaddaşımda məhz bu sözlərlə assosiasiya olunmuşdu.
Hələ 14 ildən artıq bir zaman kəsiyi bundan əvvəl bir dəfə Arazın cənub sahili ilə olan bir səfərimizi xatırlayıram. Onda Araza ilk dəfə belə yaxından tamaşa etmişdim, ilk dəfə cənub tərəfdən görmüşdüm onu, həm də son dəfə. Heyrətlə baxırdım ona. Sonra isə Araza olan təəccüb dolu baxışlarım, bəlkə də, heyranlığım indiyə qədər müşahidə etmədiyim bir mənzərənin açılması ilə təəssüf və kədərlə əvəzləndi, bir az da məyusluqla. Uçuq, xaraba kəndlər, boş qalmış yuvalar Araz boyu zəncirlənib uc-uca calanmışdı. Onda hələ yad tapdağında olan torpaqlarımızı və oradakı xaraba vəziyyətinə salınmış kəndləri görmüşdüm. O torpaqları da, o boş qalmış, sadəcə, uçuq-sökük divarlarından nə zamansa yaşayış yeri olduğu hiss edilən yerləri də ilk dəfə idi ki, mavi ekrandan deyil, öz gözlərimlə müşahidə edirdim. Onda yaşadığım hissləri heç nə ilə təsvir edə bilmərəm. Söz acizdir.
Bu mənzərə qarşısında ruhumun ən dərin qatlarına qədər işləmiş məyusluğu, kədəri, sonra isə bunun səbəbkarlarına olan nifrəti təkrar-təkrar və dəfələrlə yaşadım. Sanki sərhədin o tayına yox, neçə əsrin o üzünə, qədim dünyamıza baxırdım. Bu sıldırım qayalar, divar kimi üz-üzə dayanmış daşlar elə bil, aradakı uçurumun necə dərin olduğunu göstərirdi. O uçurum bizi tarixin vəhşi bir səhifəsindən ayırırdı, bizi, sadəcə, müşahidəçiyə, tamaşaçıya çevirirdi. Bu qədər yaxından görmək, bunu hiss etmək, amma əlinin çatmaması çox ağır bir duyğu idi.
Sonradan isə ritm dəyişməyə başladı: Aprel döyüşləri, Günnüt zəfəri, İyul döyüşləri, 44 günlük Vətən savaşı və birgünlük antiterror əməliyyatı. Bu, xalqın, dövlətin özünə dönüşü idi. Böyük bir tarixin yenidən başlanğıcı.
Dostumun birlikdə Qarabağa səfər etmək, buranı yalnız yazılarda, fotolarda, videolarda deyil, əyani tanımaq təklifi ilə həvəslə razılaşdım. Bu bizim o torpaqlara ilk səfərimiz idi, həm də ən böyük təəssüratların başlanğıcı. Çünki heç vaxt görmədiyimiz, yalnız haqqında eşidib-oxuduğumuz yerləri indi canlı müşahidə edəcəkdik.
İşğaldan azad edilmiş torpaqlara ilk ayaq basanda bələdçinin dediyi “Şən mahnılara qulaq asaraq ora getmək bizə yaraşmaz. O torpaqlarda qan var” fikri yol boyunca hey düşüncələrimdə dolanırdı. Bəli, o torpaqlarda qan var idi. Əvvəlcə minlərlə günahsız sakinlərin qanı, sonra isə bu torpaqların müdafiəsi və azad edilməsi uğrunda canını fəda edən şəhidlərin qanı. Ona görə də bu torpağa onlara layiq şəkildə ayaq basmaq lazım idi: özünü bu torpağa fəda edənlərə ehtiram, sağlamlığını qurban edənlərə minnətdarlıq və həyatda olmayanların ruhuna sükut.
Bələdçi elan edir: “Artıq biz işğaldan azad olunmuş ərazilərə daxil oluruq”. Yolboyu dağıdılmış, tanınmaz hala gəlmiş, daş üstündə daş qalmamış, nə zamansa minlərlə insanların yaşadığı kəndləri, şəhərləri geridə qoyuruq. Bu dəfə bu mənzərəni başqa bir ölkənin sərhədlərinin o tayından deyil, öz sərhədlərimiz daxilində və birbaşa müşahidə edirik. Bəzi məqamları ifadə etməkdə söz yenə acizdir. Artıq, demək olar ki, sıfırdan inşa edilən Ağdamdayıq. Vaxtilə “Qafqazın Xirosiması” adlandırılan Ağdam indi, sözün həqiqi mənasında, tikinti meydançasıdır. Yan-yana düzülmüş yaşayış və inzibati binalar, geniş yollar Ağdamın nəinki Azərbaycanın, Qafqazın ən möhtəşəm şəhərlərindən biri olacağını sübut edir.
Hər zaman qar və soyuqla, dondurucu şaxta ilə təsəvvürümüzə həkk olunmuş Xocalını bu dəfə yaşıllığa qərq olmuş şəkildə gördük. Əsən külək ağacların yarpaqları arasından pıçıltı ilə keçmişi yenidən danışır sanki. Məlum faciənin yaşandığı əraziləri ağuşuna almış yaşıllıq və günəş gələcəyin xoş məramını da müjdələyir bizə. Burada məskunlaşan insanlar o ağrını qəlblərinin dərinliklərində yaşadıb bu torpağın yenidən qurulmasında iştirak edənlərdir. Bu yerləri əyani şəkildə gördükdən sonra dostumla müzakirə edirik: bu bir tarixin, eyni zamanda qürurun söhbəti idi. Bir zaman sakinlər ayaqyalın tərk etdikləri torpaqlara indi ləyaqətlə geri qayıdıblar, öz torpaqlarında yenidən məskunlaşıb, qurub-yaradırlar. Cərgə ilə sıralanmış evlər və tikintisi davam edən yaşayış binaları ürəyimizi fərəhlə doldurur.
Artıq yeniləşən siması ilə Xankəndi şəhərindəyik. Şəhər həyatında kifayət qədər canlanma var. Düşünürəm ki, Xankəndi şəhəri heç vaxt indiki qədər Azərbaycanın olmayıb. Vaxtilə adı dəyişdirilən, başqa millətlərin məskunlaşdırıldığı tarixi şəhərimiz məhz indi əsl Azərbaycan şəhəri kimliyinə qovuşur. Sürətlə aparılan tikinti və abadlıq işləri Xankəndini artıq beynəlxalq tədbirlərin keçirildiyi bir məkan halına gətirib. Xankəndi öz siması ilə Azərbaycan reallıqlarının, bugünkü inkişafımız və parlaq zəfərimizin ən yaxşı simvollarından birinə çevrilib.
Dostumla şəhərin mərkəzindəki parkda skamyada otururuq. Əsən sərin külək xəfif şəkildə parkdakı ağacların budağını yelləyir. Qarabağ Universiteti tələbələrinin parkdakı maraqlı müzakirələri, velosiped sürən balaca uşaqların şən gülüşləri, fontandan tökülən suyun aram səsi və parkda qoyulmuş pianoda tanış musiqini ifa edən xanım qonaq. Bütün səslər bir-biri ilə culğaşaraq ahəngdar və xoş bir aura yaradır. Bizsə bir zamanlar yad əllərdə olan Xankəndinin mərkəzi parkında oturduğumuza inana bilmirik. Sonra isə dostum bizim sükutu pozur; Ali Baş Komandan bunu bacardı... Siyasi iradə, diplomatik güc, informasiya savaşı və hərbi qüdrət. Nəticədə, biz buradayıq – Xankəndinin mərkəzində. Təəssüratlar isə sözlə ifadə edilə bilməyəcək qədər zəngindir...
Yolumuz Azərbaycanın mədəniyyət paytaxtı Şuşayadır. Dik yamaclar, sıldırım qayalar arasında uzanan yol bizi zirvəyə doğru aparır. Qartal yuvası kimi sıldırımın zirvəsində qərar tutan Şuşa doğma siması ilə qarşılayır bizi. Yaşıllığa bürünmüş Cıdır düzündə yallı səslənir. Birliyimizi təmsil edən musiqinin sədaları qayalarda əks-səda edərək yaxın, uzaq ellərə gücümüzü nümayiş etdirir. “Biz qayıtdıq”, – deyir sanki bu əks-səda, ədaləti bərpa etdik, qanımız, canımız bahasına qayıtdıq. Əl-ələ tutaraq yallı gedən şəhərin qonaqları Cıdır düzünün qaynar keçmişinə işıq tutur. Natəvanın qəzələnin ruhunu aldığı, Vaqifin şux gözəlinin gəzdiyi bu çəmənlər yenidən öz doğmalarına qovuşduğu üçün şaddır. Molla Pənah Vaqifin ruhu isə əzəmətli məqbərəsinin naxışları arasından öz gözəllərinə ən yaxşı gözəlləmələri pıçıldayır. Doğma şəhərini zirvədən seyr edərək fərəhlənir.
İndi yalnız quru divarları qalmış Şuşa malikanələrinə, evlərə baxdıqca təsəvvürümdə başqa bir aləm canlanır. Deyirlər ki, Şuşanın gecələri çox qəribə olarmış. Ulduzlar göylərə səpilən zaman hər evdə tar-kaman dil açarmış. Bəzən də səhərədək bu qeyri-adi səslər susmazmış. Bu musiqidən coşan qayalar da nəğmə deyərmiş. Nəinki Şuşada doğulmaq, orada böyümək, elə bu şəhəri sevərək onun qonağı olmaq da bəs edərdi ki, sənin də qəlbin musiqi ilə döyünsün.
Şuşa haqqında düşünəndə adamın gözləri qarşısında qəribə mənzərələr yaranır. Bir tərəfdə dağların sinəsində məğrur dayanan doğma şəhər, digər tərəfdə də onun şöhrətini ellərə yayan şuşalılar. Həyat isə burada bir yolunu tapıb sahibsiz qalmış evləri belə yaşıllığa və gül çiçəyə qərq edib. Torpaq dolmuş pəncərələrdən qucaq-qucaq çiçəklər sallanır.
Və güllələnmiş heykəllər. Dostumun ən çox can atdığı məqam Şuşanın mərkəzindəki o heykəlləri görmək və onlarla foto çəkdirmək idi. Hələ yolumuz Şuşa istiqamətinə dönəndən bəri sanki bütün düşüncələri o heykəllərin yanında idi desəm, yanılmaram. Bəzən insan heç zaman görmədiyi torpaqlarda baş vermiş hadisələrə qarşı o qədər həssas ola bilir ki, bunu sözlə izah etmək çətindir. Bunu yaşamaq lazımdır. İndi də məhz belə məqamlardan biri idi. Dostumla diqqətlə heykəlləri nəzərdən keçirib hər biri ilə xatirə fotosunu telefonun yaddaşına həkk edirik və məşum güllələrin izlərini. Bu, səfərimiz çərçivəsində dostumun, bəlkə də, ən çox gözlədiyi an idi. Yəqin ki, hətta cansız heykəllərə qarşı törədilmiş bu əməl bizim hələ uşaq yaşlarından eşitdiyimiz və mənalandırmaqda çətinlik çəkdiyimiz hadisələrdən olduğuna görə daha çox diqqətimizi çəkirdi. Cansız daş heykəllərdən nəyin acığını çıxmaq, nəyin intiqamını almaq olar ki? Bəlkə də, bu misilsiz musiqi və poeziya nümunələrini yaratmaqla Azərbaycan kimliyinə əbədi daş möhürünü vurmuş həmin şəxslərin indi heykəlləşən simalarına qarşı belə duyulan qısqanclığın intiqamı idi. Dostumla etdiyimiz söhbətin yekun nəticəsi də elə bu oldu.
Laçını isə tərəddüdsüz şəkildə Azərbaycanın İsveçrəsi adlandıra bilərəm. Gecəni keçirdiyimiz Laçında səhəri çiskin yağış və dumanlı şəkildə açırıq. Möcüzəvi təbiəti ilə sanki başqa dünyadan qopub qızmar yayın ortasında məkan tutmuş adanı xatırladır Laçın. Bir-birindən yaraşıqlı evlər modern və klassik memarlıq üslubunun ən yaxşı elementlərini özündə birləşdirib tamaşaçısını heyran qoyur. Qatı duman şəhərin yuxarıdan görünən mənzərəsindən bizi məhrum etsə də, bu çiskin yağışda da, ağ örpək kimi şəhəri qucaqlamış dumanda da Laçını bizim üçün doğmalaşdıran mistik bir aura var. Zabux kəndinin cərgələnmiş evləri, Həkərinin enli axarı və bulvarın sərin mənzərəsi isə başqa bir aləmdir.
Geri dönüşdə yolumuz dövlət sərhəddinin yaxınlığından keçir. Burada dalğalanan Azərbaycan Bayrağı və qürurla dayanmış sərhədçimiz qarşı tərəfi müşahidə edir. Bir zamanlar yalnız adını eşitdiyimiz, Vətən müharibəsindən sonra sərhəd-buraxılış məntəqəsinin qurulduğu bu ərazi bizim üçün çox böyük mənalar ifadə etmək gücündədir. Azərbaycanın suverenliyinin bərpası, torpaqlarına tam sahibliyinin və hakimliyinin simvoludur bura. Əzəmətli Laçın dağlarının ağuşunda qürurla dalğalanan üçrəngli bayrağımız qüdrətli dövlətçiliyimizin, güclü ordumuzun, vətən sevgisinin ən yaxşı təcəssümüdür.
Yolumuz isə Zəngilanadır, “ağıllı kənd” prototipinin tətbiq olunduğu Ağalı kəndinə. Sosial şəbəkələrdən gördüyüm Zəngilan rayonunun Ağalı kəndində yaşayan gənc xanımın videolarını xatırladım. Yaşadığı torpaqları böyük sevgi və məhəbbətlə vəsf edən, eyni zamanda o torpaqlar uğrunda canını fəda etmiş, sağlamlığından keçmiş hərbçilərə dərin ehtiramla yanaşan həmin xanımın Vətən sevgisi çoxları üçün örnəkdir. İndi bu kəndi özüm canlı şəkildə görürəm. Ağalı kəndinin zəhmətkeş insanları bu torpaqları yenidən cənnətə çevirir, əkir, biçir, öz təsərrüfatlarını inkişaf etdirirlər. Torpağa bağlılıq, gələcəyə inam bu yerlərin sürətli inkişafının ən yaxşı motivasiyasıdır.
İki gün ərzində gəzdiklərimiz, gördüklərimiz işğaldan azad olunmuş yerlərin, sözün əsl mənasında, tikinti meydançası olduğunu, qlobal miqyaslı layihələrin həyata keçirildiyini bir daha əyani şəkildə sübut etdi. Keçdiyimiz yollarda, yaşayış məntəqələrində elə bir yer yox idi ki, hər hansı bir tikintiyə, təmirə rast gəlməyək. Yeni yollar, müasir tunellər, modern yaşayış məntəqələri və daha nələr-nələr...
İlahi ədalət deyilən bir məfhum var. Düzdür, əksər hallarda beynəlxalq hüquq gücün tərəfində durur, ədaləti gözardı edir. Amma bu gün yaşadığımız dünyada, nəhayətində, ədaləti də gücün özü təmin edir. Necə ki Azərbaycan bunu etdi. Ədaləti bərpa etdi, addım-addım, zərrə-zərrə gətirdi. Həqiqət kar, kor, topal, lal olsa da, onu gətirmək üçün illərlə çəkilən zəhmətin, gərgin əməyin bəhrəsinə hər birimiz şahidlik etdik...
Qayıdanda isə dostum təklif etdi ki, 5 ildən sonra bu torpaqlara mütləq şəkildə yenidən səfər edək. Amma Zəngəzur dəhlizindən öz avtomobilimizlə keçməklə. Bu diyarı 2 günə deyil, daha uzun müddətə qarış-qarış yenidən gəzək. Görülən işlərin, irimiqyaslı layihələrin nəticələrini, olacağına şübhə etmədiyimiz böyük dəyişiklikləri, yenidən tikilən, məskunlaşan yurd yerlərimizi özümüz təkrar görək. Bu müddət isə çox da uzaq gələcək deyil. Sağlıq olsun.
Məmməd BABAYEV
“Şərq qapısı” qəzetinin baş redaktorunun müavini
Digər xəbərlər