NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Respublika üzrə buraxılış imtahanında maksimal nəticə göstərən naxçıvanlı şagird kimdir?

...

Cari il aprelin 27-də keçirilmiş ümumi (9illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bal toplayan şagirdlərin siyahısı açıqlanıb. Respublika üzrə 9 nəfər şagird maksimal olan 300 balı toplamaqla ən yüksək nəticəni göstərib. Sevindirici haldır ki, maksimal nəticə göstərənlər arasında Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın şagirdi Hüseynli Rüqayyə Oruc qızının da adı var. 
“Şərq qapısı”nın oxucularına Rüqayyə Hüseynli öz təəssüratlarını bölüşdü: “Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın 9-cu sinifində oxuyuram. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanında 300 bal ilə tam nəticəni göstərmişəm. Üzərimdə böyük əməyi olan gimnaziyanın direktoru Nazim Rəhimov olmaqla bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Amma valideynlərimin də üzərimdə olan diqqət və əməyini dana bilmərəm. Elmi biliklərə yiyələnməyimdə, dərslərimi yaxşı oxumağımda, demək olar ki, dostlarım daxil, hər birinin motivasiyası olubdur. Yüksək nəticə göstərməyimlə təhsil aldığım məktəbimizin adının çəkilməsi məni çox qürurlandırır. Özümü çox xoşbəxt hiss edirəm. Bir şagird kimi təhsil ocağımıza daha böyük uğurlar qazandırmağımızı arzu edirəm”. 
Biz də kollektivimiz adından Rüqayyəyə və digər şagirdlərə təhsil yollarında uğurlar arzulayırıq. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.06.2025 21:00