NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Rəsmi nümayəndə: "Aİ bu il Azərbaycanla enerji əməkdaşlığını dərinləşdirməyi hədəfləyir"

...

Avropa İttifaqı (Aİ) 2025-ci ilin Azərbaycanla enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi mərhələsi olacağına əmindir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nümayəndəsi məlumat verib.

“Aİ-də qaz təchizatı ilə bağlı mövcud vəziyyəti, perspektivləri və Azərbaycandan bu enerji resursunun tədarükünün artırılması, eləcə də Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi ilə bağlı ümumi planlarımızı nəzərə alaraq, əminik ki, 2025-ci il ikitərəfli enerji münasibətlərimizin daha da dərinləşməsi ili olacaq. Bu, Rusiyadan enerji idxalının dayandırılmasına yönəlmiş diversifikasiya səylərimizə töhfə verəcək”, - təşkilatın nümayəndəsi bildirib.

Rəsmi nümayəndə vurğulayıb ki, 2024-cü il Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişafında növbəti uğurlu mərhələ olub.

“Strateji tərəfdaşlığımızda enerji keçidi aspektləri 2024-cü ildə ön plana çıxdı. Xüsusilə də Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik etməsi bu baxımdan mühüm rol oynayır. Sevindirici haldır ki, neft və qaz təchizatı zəncirində metan emissiyalarının azaldılması ilə bağlı birgə səylərimiz Qlobal Metan Öhdəliyi (Global Methane Pledge) çərçivəsində nəticə verir”, - Aİ nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan SGC üzrə əməkdaşlığı davam etdirmək niyyətindədir. “Əlbəttə, bu proses kommersiya məqsədəuyğunluğundan və bazar tələbindən asılıdır. Təşkilat SGC çərçivəsində qaz tədarükünə siyasi dəstəyini davam etdirir və kommersiya oyunçuları bilirlər ki, Azərbaycan Aİ üçün mühüm qaz təchizatçısıdır. Bazar iştirakçıları real imkanları dəyərləndirməli və boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılmasına sərmayə yatırmaq üçün tələb olunan həcm üzrə kommersiya razılaşmalarına gəlməlidirlər”.

Nəşr edilib : 03.02.2025 15:34