Türkiyə Müdafiə Nazirliyi: 1915-ci il hadisələri z...
17:51 24.04.2025
0
0
0
NAXÇIVAN :
24 Aprel 2025, Cümə axşamı
Əli Səfərli imzası rəsmsevərlərə yaxşı tanışdır. Ömrünün ağsaqqal çağlarını yaşayır. Bu gün də cavanlıq həvəsi ilə qəlbən bağlandığı rəssamlığın müxtəlif janrlarında gözəl əsərlər yaradan istedadlı rəssamla evlərində həmsöhbət olduq. Onun söhbəti:
– Uşaqlıqdan bu sənətə başlamışam. Evdə atam və böyük bacım Dilbər də rəssamlığa maraq göstərirdi. Bacım heç bir dərnəyə, müəllim yanına getməsə də,gözəl rəsmlər çəkə bilirdi. Elə oldu ki,hər ikimizin adını dərnəyə yazdırdılar. Orada bir neçə müəllimdən dərs aldıq. IX sinifdə oxuyarkən Azərbaycan Respublikasının Əməkdar rəssamı Şəmil Mustafayevin yanına getdim və o, əl işlərimə baxdı. Demək olar ki, ancaq qələmləişləyirdim. İki il onun yanında sulu boya texnikasını mənimsədim. O vaxt mərhum rəssam Mirmehdi Seyidov da mənimlə birgə rəssamlıq dərnəyinə gəlirdi. Onunla birgə çoxlu etüdlərə gedirdim. Bu etüdlərin mənim rəssam kimi formalaşmağıma çox böyük təsiri oldu.
Öyrəndik ki, Əli Səfərli 1974-cü ildə dayısı,Əməkdar incəsənət xadimi İslam Səfərlinin təkidi ilə Bakıda ƏzimƏzimzadə adına Rəssamlıq Məktəbində təhsil almağa gedib, rəngkarlığın bilmədiyi sirlərini də orada öyrənib. Təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdıb.
Əli Səfərli deyir ki, 1983-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti Vəli Babayevin dəvəti ilə teatrda icraçı rəssam kimifəaliyyətə başladım. İcraçı rəssam kimi bir il fəaliyyət göstərdikdən sonra quruluşçu rəssam ştatına keçirildim. Qısa müddətdə Vəli Babayevlə birgə 5 tamaşanı təhvil verdim. Sevinirəm ki, o dövrdə gözəl aktyor və rejissor heyəti ilə birlikdə çalışmışam. Onlardan Vaqif Əsədovu, Baxşı Qələndərlini, Əliqismət Lalayevi, Əyyub Haqverdiyevi, Məmməd Quliyevi, Zəroş Həmzəyevanı, Sofiya Hüseynovanı xüsusi qeyd etmək istərdim. 4 ilə yaxın teatrda fəaliyyət göstərdim və 16 tamaşanın tərtibatını verdim.
1990-cı ildə Naxçıvanda kukla teatrı yaradılır. Teatrın direktoru Ələkbər Qasımov Əli Səfərlinibu mədəniyyət müəssisəsinə baş rəssam kimi dəvət edir. Əli Səfərli bu təyinata çox sevinir və işləməyə razılıq verir. Amma həmin dövrdə heç bir ləvazimat yox idi. Çatışmazlıqların çox olmasına baxmayaraq, Naxçıvan Dövlət Kukla Teatrı tez inkişaf etdi. Hazırlanan tamaşalara tərtibatlar verir, geyim eskizləri hazırlayır. Bu gün də teatrın foyesində Əli Səfərlinin “Nağıllar aləmi” adlı rəsmi saxlanılır. Şifahi xalq ədəbiyyatımızın təsiri ilə yaradılan bu əsərdə rəssam fantaziyasının gücü ilk baxışdan özünü göstərir.
Əli Səfərli gənc yaşlarından miniatür sənətinə də meyil göstərib: – Miniatür rəssama həddindən artıq geniş bir meydan verir işləməyə. Mən də bu sənətdən bəhrələndim. Ancaq onu deyim ki,o dövrdə miniatür işləmək asan deyildi. Çünki o sənəti öyrənmək üçün imkanlar məhdud idi. Təsadüfən əlimə keçən jurnal və kitablarda gördüyüm nümunələrə baxaraq bəhrələnirdim. Tələbə olarkən Bakı şəhərindəki Nizami metrosunda Mikayıl Abdullayevin eskizləri əsasında hazırlanan mozaikalar diqqətimi çəkirdi. Çalışırdım ki, onlardan da bəhrələnim. Bildiyimiz kimi, miniatür balaca ölçülü kitablara verilən əsərlərdir. Bu sənətəmən gənclik vaxtlarımdan başladım, biraz böyük ölçüdə, həm də yağlı boyalarla işləyirdim. Bu üslubda işləməyim çox bəyənildi. Onu da deyim ki, bu prosesdə rəng çalarlarının çoxluğu üstünlük təşkil edir. Çünki miniatür sənəti rəng çalarlarını sevir. Bir də deyim ki, ədəbiyyatı sevdiyim üçün yazıçı və şairlərin həyat və yaradıcılıqlarına müraciət edirdim. Bu zaman da miniatür janr mənim köməyimə gəldi. Rənglərin bir-birinə keçid etməsi iş prosesi zamanı çox xoş təəssürat yaradır. Bir də milliliyi xoşlayıram. Miniatürün özündə də millilik olduğundan özümü bu janra daha yaxın hiss edirəm. Bu gün folklorumuz da bir çox əsərlərimdə öz əksini tapır. Bakıda çəkdiyim əsərlərin bir çoxu həmin zaman satıldı və bəziləri şəxsi kolleksiyalarda saxlanılır. Haçadağın ətəyində Şərur yallısının əks olunduğu əsər hər kəsin xoşuna gəlir. Naxçıvanın hər fəsildə təbiət mənzərələri, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında işlədiyim portretdə folklor nümunələrimiz öz əksini tapıb.
Onun “Gəzinti”, “Dağ kəndi”, “Nuh yurdu”, “Milli dəyərlərimiz”, “Xalçaçı qız”, “İlham və Fərizə” və digər rəsmləri müəllifin yaradıcılıq aləminin genişliyindən xəbər verir. Qeyd edək ki, rəssamın əsərləri dəfələrlə Naxçıvan, Bakı, İğdır, Urmiya və başqa yerlərdə sərgilənib. Bəzi əsərləri şəhərimizdəki Ədəbiyyat Muzeyində, Dövlət Tarix Muzeyində saxlanılır.
2024-cü ildə rəssamın 70 illik yubileyi ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ulu Öndər Heydər Əliyevin doğum gününə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi təşkil edilmişdir.
Biz də istedadlı rəssam, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərliyə bundan sonrakı yaradıcılığında uğurlar və uzun ömür arzulayırıq.
Aidə İBRAHİMOVA
Digər xəbərlər