NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Rənglər dünyasının yeni yolçularından biri

...

Rəssamlar müşahidə edən, – sirli, sehirli təsvirlər yaradan bir insandır. Onlar gözlə görünməyən obrazları belə yaradırlar. Bəli, rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir. Muxtar respublikamızda da rəssamlıq sənətinin tarixi kökləri var. Bu yazımızda həmin sənəti davam etdirən bir gənc haqqında danışmaq istəyirik. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin gənc rəssamlar bölməsinin üzvü Fərqanə Seyidova bu sənətə böyük arzularla qədəm qoyub:

– Babək rayonunun Şəkərabad tam orta məktəbini, sonra Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisasını bitirmişəm. 2019-cu ildə ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul oldum. Təhsil aldığım illərdə  mütəmadi olaraq yarışlara qatılır və uğurlar qazanırdım. Onlardan ən yadda qalanı odur ki, Naxçıvan Dövlət Universitetində Cavid İsmayılovun, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın köməkliyi və  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası üzrə ilk heykəltaraşlıq sərgimi açdım. Rəssamlar Birliyinin Bəhruz Kəngərli salonunda təşkil olunan sərgidə 50-dən çox heykəltaraşlıq nümunələri, əlavə olaraq yağlı boya və digər işlərim özünə yer aldı.

Yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz? sualına cavab olaraq müsahibim bildirdi ki, rəssamlığın müxtəlif janrları var: batal, animatistik, peyzaj, portret və sair. Mən daha çox portret janrı ilə məşğul oluram. Onu da deyim ki, bu janrlar içərisində ən çətin olanı portret janrıdır. Çünki insanın zahiri görüntülərini olduğu kimi çəkə bilərik, amma əsas məsələ ondadır ki, insanın emosional duyğularını alındıra biləsən.

Fərqanə xanım deyir ki, hər bir rəssamın öz dəstxəti, öz üslubu var. Özümü yaxın hiss etdiyim rəssam kimi ilk olaraq Cavid müəllimin adını çəkərdim. Onun portret janrındakı əsərlərinə baxarkən insanın sanki daxili aləmini də görürsən. Ülviyyə Həmzəyeva mifik mövzularda işləməyə üstünlük verir və tamaşaçı real aləmlə yanaşı, özünü xəyallar aləmində hiss edir.

Onu da deyim ki, Fərqanə xanım müntəzəm olaraq dünya rəssamlarının yaradıcılığını izləyir. Leonardo Da Vinci, Salvador Dali, Vincent Van Gogh və sair onu bu sənətə daha da sıx tellərlə bağlayır.    

Fərqanə xanım ölkəmizdə bu sahəyə göstərilən qayğıdan da bəhs edərək bildirdi ki, məhz belə qayğı hesabına qədim diyarımızda yeniyetmə və gənclərin rəssamlığa marağı artır, onlar bu sahədə öz istedad və bacarıqlarını formalaşdırmağa çalışırlar. Bu baxımdan qeyd etmək yerinə düşər ki, Rəssamlar Birliyinin köməyi ilə təşkil edilmiş sərgidə 53 uşağın 80-nə yaxın əl işinin özünə yer alması uşaqların sevincinə səbəb olub.

Gələcək planlarından da danışan müsahibim bildirdi ki, ölkəmizdə və onun hüdudlarından kənarda sərgilərini təşkil etmək istəyir. Biz də ona bu yolda uğurlar arzulayırıq.

 Günay HACIYEVA

Nəşr edilib : 01.10.2024 11:28