NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Rəhman Mustafayev : COP29 mina probleminə diqqətin cəlb edilməsində mühüm rol oynayacaq

...

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycandakı mina probleminin humanitar və ekoloji aspektləri, minatəmizləmə işlərinin gedişatı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və bununla bağlı digər təşkilatların fəaliyyəti, Ermənistanın mina siyasətinin qurbanlarının sosial reabilitasiyası və dəstəklənməsi üzrə hökumətin səyləri barədə geniş Avropa auditoriyasına məlumat verib.
Səfirin “Minatəmizləmə, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması əsas prioritetlərimizdir” sərlövhəli geniş müsahibəsi Benilüks ölkələrində - Belçika, Niderland, Lüksemburqda, eləcə də Almaniyada yayılmış “Diplomatic Magazine” jurnalında dərc olunub.
Səfir minatəmizləmə probleminin həllində Azərbaycanın digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığından ətraflı danışaraq qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə milli səylərə ayrılan xarici dəstəyin hazırkı məbləği ümumi büdcənin cəmi 5 %-ni təşkil edir və problemlərin miqyasını və mürəkkəbliyini nəzərə alınmaqla bu kafi deyil.
Müsahibədə Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini dünyanın digər ölkələrində minalanmış ərazilər probleminə cəlb etmək səyləri və bu mühüm məsələdə BMT və Qoşulmama Hərəkatı, eləcə də Azərbaycanda keçirilən beynəlxalq konfranslar ilə əməkdaşlıq xüsusi vurğulanıb.
Minaların ətraf mühitə mənfi təsiri, ekosistemlərin çirklənməsi və deqradasiyası kimi son dərəcə aktual problemə toxunan R.Mustafayev bildirib ki, bu ilin noyabrında Bakıda keçiriləcək iqlim sammiti çərçivəsində bu problemə xüsusi diqqət yetiriləcək.
“COP29 mina probleminə daha çox diqqətin cəlb edilməsində və problemin iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq diskursa daxil edilməsində mühüm rol oynayacaq”, - səfir vurğulayıb.

Nəşr edilib : 08.05.2024 22:22