Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dö...
00:10 08.10.2024
0
0
0
NAXÇIVAN :
08 Oktyabr 2024, Çərşənbə axşamı
Tarixi qədimlərə gedib çıxan Azərbaycan-İtaliya münasibətləri ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomatik əlaqələr zəminində böyük inkişaf yolu qət edib. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə isə Azərbaycanın İtaliyada səfirliyi açılıb. Son illərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, bir sözlə, bütün sahələrdə əməkdaşlıqlar öz əhatə dairəsini daha da genişləndirib, çəkisini artırıb. Çoxtərəfli əlaqələrin, çoxölçülü strateji münasibətlərin, eyni zamanda bəslənilən rəğbətin, etimadın nəticəsidir ki, İtaliya dövlət səviyyəsində “Azərbaycan ili” elan edən ölkə kimi tarixə düşüb, bu çərçivədə 2020-ci ildə silsilə layihələr reallaşdırılıb. İtaliya 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı rəsmi orqanlarında, mətbuatda, müxtəlif səviyyələrdə respublikamızın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti, dəstəyi açıq bəyan edən barmaqla sayılacaq Avropa ölkələrindəndir. Təbii ki, bütün bu dəstəyin, hörmətin təməlində Prezident cənab İlham Əliyevin apardığı uğurlu diplomatiya, qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər əsasında gücləndirilən siyasi, iqtisadi tərəfdaşlıqlar dayanır. Ötən həftə dövlət başçımızın İtaliyaya növbəti işgüzar səfəri də çoxtərəfli əlaqələrin yeni perspektivləri baxımından olduqca məhsuldar keçdi deyə bilərik...
Dünya praktikasına nəzər salsaq görərik ki, iki ölkə arasında yaxınlıq, tərəfdaşlıq əlaqələrinin təməlində mütləq şəkildə xalqlararası mədəni, ictimai münasibətlər dayanır. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi diplomatiyada, dövlət siyasətində bu amil özünü bariz şəkildə göstərir, yəni dövlət başçımız istənilən ölkə ilə əlaqələri gücləndirən zaman bu məqama xüsusi önəm verir. Bunu strateji müttəfiqliyimizin, dostluğumuzun möhkəm təməllər üzərində qurulduğu Türkiyə, Rusiya, Özbəkistan və Pakistanla münasibətlərin timsalında da açıq-aydın görə bilərik. Məhz İtaliya ilə ticarət tərəfdaşlığının özülündə də bu ölkə ilə mədəni əlaqələrimiz dayanır desək, yanılmarıq. Ümummilli Liderimizin sayəsində hələ ötən əsrin 70-ci illərində, daha dəqiq desək, 1972-ci ildə Bakı və Neapol şəhərləri arasında qardaşlaşma münasibətlərinin təməlinin atılması ilə yeni mərhələsinə qədəm qoyan ölkələrarası mədəni, ictimai əlaqələr bu gün sürətli inkişaf dövrünü yaşayır. Bu xüsusda ölkəmizin Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun İtaliyada, Romada tarixi abidələrin bərpası, mədəni layihələrini reallaşdırması da müstəsna rola malikdir. Eyni zamanda bu baxımdan İtaliya şirkətlərinin Azərbaycanın tarixi zəfərindən sonra apardığı böyük quruculuq siyasətinə töhfələrini, xüsusilə də Bakıda Zəfər Muzeyinin, eləcə də azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada tarixi abidələrimiz və dağıdılmış məscidlərimizin bərpasında fəal iştirakını da qeyd etmək olar. 2022-ci ildə Romada Azərbaycanın Mədəniyyət Mərkəzinin və həmin ildə Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi də məhz humanitar və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin bariz göstəricisidir...
Azərbaycanın Avropa miqyasında etibarlı ticarət tərəfdaşı sayılan İtaliya ilə əməkdaşlıq əlaqələri xüsusilə ölkə Prezidentinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə – 2022-ci il avqustun 31-də bu ölkəyə işgüzar səfərindən sonra daha da genişlənib, dərinləşib. Bunun nəticəsidir ki, həmin ildə ölkələrarası ticarətin həcmi 11 milyard avroya yüksəlib. 2023-cü ildə isə bu dövriyyə 15 milyard 685 milyon dollar olub. Ümumiyyətlə, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3,4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. 2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib. Bu gün İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda müxtəlif sahələrə sərmayə yatırırlar. Ümumilikdə, müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu iqtisadi əməkdaşlığın mühüm nailiyyət göstəricisidir. Prezident cənab İlham Əliyevin ötən həftə İtaliyaya işgüzar səfəri zamanı imzalanan sənədlər, keçirilən görüşlər də əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün yeni perspektivlər açdı.
Dövlət başçımızın ikinci dəfə Beynəlxalq Çernobbio Forumunda iştirakı isə cənab İlham Əliyevə həm İtaliyada, həm də Avropa miqyasında bəslənilən dərin hörmətdən xəbər verir. Bu mənada, təsadüfi deyil ki, ölkə rəhbərinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı, verdiyi mühüm mesajlar dünyanın bir sıra nüfuzlu media orqanlarının gündəmini tutdu, əsas manşetə çevrildi. Prezident uzun illər ərzində ölkələrin strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini, müvafiq bəyannamənin, təqribən, 10 il əvvəl qəbul edildiyini diqqətə çatdıraraq İtaliyanı Azərbaycanın ən yaxın ticarət tərəfdaşı kimi qiymətləndirdi. Sitat: “Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”.
Bəli, Azərbaycanla Avropa Birliyinə daxil 10 ölkə arasında Strateji Tərəfdaşlıq haqqında sənədlər imzalanıb ki, bunlar arasında ən yaxın ticarət tərəfdaşımız məhz İtaliyadır. Bu tərəfdaşlıqda “Böyük yeddiliy”ə əsas üzv ölkələrdən olan İtaliyanın Cənubi Qafqazın lideri Azərbaycanın mühüm qaz ixracatçısı kimi rolunun müstəsna əhəmiyyəti vardır. Bu xüsusda “Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəmərini (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda ölkəmizin Avropa enerji məkanındakı qüdrətini və nüfuzunu artıran əsas amil kimi dəyərləndirmək olar. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya, təqribən, 10 milyard kubmetr qazın ixrac olunması da neft-qaz sektorunda əməkdaşlığın mühüm meyarıdır. Cənab İlham Əliyev də forumda çıxışı zamanı bütün bu sadalanan amillərdən yola çıxaraq enerji təhlükəsizliyi məsələsinin milli təhlükəsizliyin əsas parçası olduğunu vurğuladı: “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.
Bu məqamda onu da xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycanla İtaliyanı yaxınlaşdıran ticarət tərəfdaşlığı təkcə qaz ixracatı ilə məhdudlaşmır. Ölkələrarası əməkdaşlıq əlaqələrində qeyri-neft sektorunun da payı kifayət qədərdir. Belə ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın şirkətləri fəaliyyət göstərir, ölkəmizin qeyri-neft sektorunda dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Xüsusilə son illərdə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında əməkdaşlıq iqtisadi münasibətlərdə yeni mərhələ kimi vurğu gərəkdirir. Ölkə başçısının budəfəki işgüzar səfəri zamanı İtaliyanın “Eni S.P.A”, “Ansaldo Energia” şirkətlərinin baş icraçı direktorları, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri ilə görüşlər, aparılan müzakirələr “yaşıl enerji”nin ixracı istiqamətində, bu sahədə təkmil texnologiyaların tətbiqi baxımından mühüm perspektivlər vəd edir.
Ümumilikdə, Azərbaycan Prezidentinin İtaliyaya növbəti işgüzar səfəri qaz təchizatı üzrə Avropa və Avrasiya coğrafiyasını əhatə edən ticarət əlaqələrinin daha da gücləndirilməsi ilə yanaşı, humanitar sahələr üçün əməkdaşlığın yeni imkanlarının açılmasına da töhfələr verdi. Bir sözlə, bu iki ölkə bir daha möhkəm dost, etibarlı tərəfdaş olaraq bütün dünyaya qitələrarası münasibətlərin nümunəsini nümayiş etdirdilər. Ölkə başçısının dünyanın mühüm beyin mərkəzlərindən sayılan Beynəlxalq Çernobbio Forumunda da dediyi kimi: “Mən giriş sözümü ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başladım. Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.
Nail ƏSGƏROV
Digər xəbərlər