NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Rauf Cəfərov: Şəhid ailələrinin və qazilərin sağlamlığının qorunması üçün əlimizdən gələni edəcəyik

...

“Bu gün şəhid övladları ilə bağlı aksiyaya start verildi. Aksiyanın məqsədi onların stomatoloji sağlamlığının qayğısına qalmaq, onları tibbi müayinədən keçirmək və qeydiyyata almaqdır. Aksiyanın təşkilatçıları Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyidir. Aksiyada müəllim-tələbə heyəti və rezidentlər iştirak edir”.
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomatologiya kafedrasının müdiri, “İmplant-Dent-Naxçıvan” stomatoloji klinikasının baş həkimi Rauf Cəfərov Naxçıvanda keçirilən "Şəhid övladlarına dəstək" tibbi müayinə aksiyasının əhəmiyyətini şərh edərkən deyib.
Layihə rəhbəri qeyd edib ki, bu təşəbbüsün Naxçıvan şəhər ilə yanaşı, muxtar respublikanın bütün rayonlarında həyata keçirilməsi planlaşdırılır: "Bu gün Şərur rayonunda, Şərur, Kəngərli və Sədərəkdən olan şəhid ailələri ilə görüş keçirildi, şəhid övladlarının stomatoloji müayinəsi aparıldı və qeydiyyata alındı. Onların sağlamlığının davamlı müşahidəsi və tibbi xidmətlə təmin olunması üçün müvafiq planlar hazırlandı. Bundan əlavə, yerli həkimlərlə əməkdaşlıq əlaqələri yaradıldı ki, şəhid ailələrinə göstərilən tibbi xidmət daha səmərəli təşkil olunsun".
"Şəhid ailələrinə xüsusi qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hamıya məlumdur. Biz də vətəndaş və ixtisaslı həkim kimi şəhid ailələrinin və qazilərimizin sağlamlığının qorunması üçün əlimizdən gələni edəcəyik. Aksiya 8 Noyabr – Zəfər Gününə qədər davam edəcək", – deyə Rauf Cəfərov əlavə edib.

Nəşr edilib : 20.09.2025 19:24