Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərba...
21:54 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
O, əzəl gündən qəzetə könül verib, ürəyinin bağlı qapılarını yazının üzünə taybatay açıb. Qələm, vərəqlə baş-başa qalanda, qəlbinin dərinliklərindən süzülüb gələn misraları onlarla bölüşəndə sanki dünyaya yenidən gəlib. Bəli, “Şərq qapısı” qəzeti deyəndə siması göz önündə canlanan Muxtar Məmmədovdan xəbər verir bu sətirlər... O, 103 yaşlı qəzetdə 65 illik ömrünün 23 ilini şam kimi əridən əsl mətbuat fədaisi, həmişəyaşar mətbuatımızın salnaməsində özünəməxsus dəst-xəti olan, jurnalistikada tapdanmış yollarla getməyən kamil qələm sahibidir. Muxtar Məmmədov məsul katib kimi qəzetin məzmunlu, maraqlı, oxunaqlı dərc olunmasında, oxucuların rəğbətini qazanmasında biliyini, bacarığını, qələmini əsla əsirgəmir. Jurnalistikanın “əlifbası”ndan başlayaraq bütün qəzet janrlarında yazmağı gənc jurnalistlərə səbirlə öyrədən, onların qələmini cilalayaraq püxtələşdirən, yazılarına yaşıl işıq yandıran və çapına rəvac verən Muxtar Məmmədov hər birinin uğuruna öz övladıtək ürəkdən sevinir.
“Hər hansı mövzunu yetərincə, tamam-kamal öyrənəndən sonra qələmə alın, çalışın yazınız həm dərin, həm də oxunaqlı olsun. Oxucunu özünə cəlb etsin, maraqlandırsın, məlumatlandırsın. Jurnalistikada hər janrın öz yeri var, “quru”, maraqsız mövzu yoxdur. Əsas məsələ necə yazmaqda, jurnalistin hər bir janrda qələmini işlətmək, sözünü sərrast, təsirli demək bacarığında, istedadındadır. Siz janrın tələbləri səviyyəsində yazılan məqalələrdən nümunə götürün və cəsarətli olun. Yəni öz sözünüzü yerində deməyi, dərin, oxunaqlı, maraqlı yazmağı öyrənin, çalışın qələminiz püxtələşsin” kimi dəyərli məsləhətləri ilə gənc jurnalistlərin yoluna işıq olan Muxtar müəllimin qələm tutmağı öyrətdiyi, yetişdirdiyi neçə-neçə jurnalistlər bu gün respublikamızda müxtəlif məsul vəzifələrdə çalışır.
“Şərq qapısı” böyük məktəbdir və bu qəzetin yaradıcılıq məktəbini keçən böyük ziyalılar nəsli formalaşıb ki, onlarda biri də Muxtar Məmmədovdur. Muxtar Məmmədov 1959-cu ilin dekabr ayının 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Aza kəndində anadan olub. 1966-cı ildə orta təhsilini Ordubad rayonunun Aza kənd tam orta məktəbində alıb, 1976-cı ildə həmin məktəbi bitirərək Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Dil-ədəbiyyat ixtisasına daxil olub, 1976-cı ilin sentyabr ayından Ordubad rayonunun Azadkənd və Aza tam orta məktəblərində müəllim, təşkilatçı, dərs hissə müdiri vəzifələrində çalışıb. 2002-ci ildən Muxtar Məmmədovun yolunu tale “Şərq qapısı” qəzetindən salıb. Ömrünə məna qatan qəzetdə o, 2002-ci ildən müxbir, 2004-cü ildən şöbə müdiri, 2007-ci ildən məsul katib vəzifələrinə təyin olunub. 23 illik fəaliyyəti dövründə Muxtar Məmmədov kollektivimizdən öz dəstəyini əsirgəməyib. Xüsusilə gənc jurnalistlərin formalaşmasında Muxtar Məmmədovun danılmaz zəhməti var.
Müəllifin yazılarını vərəqlədikcə mətbuat fədaisinin həssaslıqla qələmə aldığı yazılardakı canlılıq, lirika, səmimiyyət onun təbiətindən xəbər verir. Müəllifin “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam”, “Azadlığı istəmədik zərrə-zərrə” “İllər, sizdə nəyim qaldı...” kitabları, oçerkləri, hekayələri, esseləri, müsahibələri onun özünəməxsus sənəd taleyinin əbədi səhifələridir. Fədakar yaradıcı əməyi ilə halal sənətkar ömrü yaşayan, yüksək ziyalı mədəniyyəti ilə nüfuz qazanan, “Şərq qapısı” qəzetinin zərgərlərindən olan Muxtar Məmmədovun kitabları mənəvi saflıq, həssaslıq və mərhəmət kimi insani keyfiyyətlərin təlqin olunduğu dəyərli mənbələrdir.
Düşünürəm ki, bu 23 ildə quş qanadlı illər bu qocaman mətbuat fədaisinə nələr vermədi ki... 23 il mətbuatda keçən ömür Muxtar Məmmədova neçə-neçə övladlar qazandırdı. Hansı ki bu gün muxtar respublikamıza öz töhfəsini verən həmin övladlar böyük qələm sahibinin zəhməti, səbri, əməyi və təcrübəsinin bəhrələridir. Bir də illər ona başucalığı verdi. Hansı ki ona başucalığı gətirən elə onun xeyirxah əməlləri idi. Deyirlər, çörəksiz yaşamaq olar, amma xeyirxah insanlarsız yaşamaq mümkün deyil. O insanın ki amalı, məqsədi, məsləki, əqidəsi xeyirxahlığa yönəlib, çətinliyi olan hər kəsin əlindən tutub, o insan xeyirxah insandır. Bəli, nəsihətamiz fikirləri ilə gənclərin yoluna çıraq olan, əlinə qələm verib yazmağı öyrədən qəzetimizin ağsaqqalı, qocamanı Muxtar Məmmədov da belə insanlardandır. Əziz Muxtar müəllimi 65 illik yubileyi münasibətilə qəzetimizin əməkdaşları adından səmimi-qəlbdən təbrik edir, ona neçə-neçə yubileylər arzu edirik.
Gülcamal TAHİROVA
Digər xəbərlər