Naxçıvan Muxtar Respublikasında noyabr ayının 7-n...
23:41 06.11.2024
0
0
0
NAXÇIVAN :
07 Noyabr 2024, Cümə axşamı
İnsan təxəyyülü ağlımıza gəlməyəcək dərəcədə zəngindir. Təbii ki, bu hər kəsə şamil edilmir. Bəzən adi taxta parçası kimi gördüyümüz məmulatdan necə mükəmməl əl işlərinin yaradıldığının şahidi oluruq. Eləcə də bugünkü yazımızda bəhs edəcəyimiz, çoxumuzun adi qum deyə baxdığı, lakin incə ruhlu, yaradıcı insanların isə bənzərsiz sərvət kimi gördüyü qum dənələrindən yaradılan möhtəşəm rəsmlər kimi.
Qum sənəti xx əsrdə formalaşan maraqlı, eyni zamanda təqdimat texnikasına görə fərqli bir sənətdir. Dünyanın bir çox yerində yayılan və son dövrlərdə ölkəmizdə də maraqla qarşılanan bu sənətin əsasını rəsm və musiqinin vəhdəti təşkil edir. Qumla rəsmçəkmə sənətinin əsası ABŞ, Avstraliya və Latın Amerikası ölkələrinin sakinləri tərəfindən qoyulub. İlk dəfə animasiyalı film olaraq amerikalı rəssam Caroline Leaf tərəfindən nümayiş etdirilib. Son dövrlər ölkəmizdə də bu sahəyə maraq göstərilir. Elə muxtar respublikamızda da bu sənətlə məşğul olunmağa başlanılıb. Bununla bağlı ətraflı məlumatı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilmiş “Qum sənəti” dərnəyinin müəllimi Həbib Allahverdiyevdən aldıq: – Qum sənəti işıqlandırılmış şüşə üzərinə qumun səpilməsi ilə çəkilən təsvirlərdir. Bu sənət növü yaradıcılıq mərkəzində 2019-cu ildən tədris edilir. Artıq 5 ildir ki, bu sənətlə məşğulam.Yaradılan təsvirlər qalıcı olmadığı üçün, adətən, şou xarakteri daşıyır. Yəni hər hansı bir tədbirdə rəssam mövzuya uyğun müxtəlif nəqledici, bir-birini tamamlayan təsvirlər işləyir.
Bu sənət üçün istifadə edilən qumun müxtəlifliyindən bəhs edən müsahibim deyir ki, adətən, dəniz qumundan istifadə edirik. Çünki dəniz qumu yüngüldür və şüşə üzərinə səpiləndə təsviri daha asan çəkmək olur. Otaq isə qaranlıq olarsa, işlənən təsvirlər daha çox diqqət cəlb edir. Bəzən rəngli qumlardan da istifadə edilir: – Dərnəkdə proqrama əsasən təsviri incəsənətin mənzərə, portret, məişət, natürmort janrlarında müxtəlif təsvirlər çəkilir, eyni zamanda plakattipli kompozisiyalar işləyirik. Bu sənətin incəliklərindən biri musiqi ilə vəhdətidir. Musiqi ilə əllərin hərəkəti bir-birini tamamlayır və çəkilən təsvir gözoxşayan olur. Şagirdlər, rəsm həvəskarları asudə vaxtlarında bu sənət növü ilə məşğul olurlar. Onlar, əsasən, öz düşüncələrinə, istəklərinə uyğun təsvirlər işləyirlər. Adətən, gül, çiçək, mənzərə, müxtəlif cizgi film qəhrəmanlarının rəsmləri işlənir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən tarixi günlərə və bayramlara həsr olunan tədbirlərdə mütəmadi çıxış edir, proyektr vasitəsilə görüntünü səhnəyə vurmaqla mövzuya uyğun təsvirlər işləyirik ki, bu da işimizi daha maraqlı edir. Həmçinin müxtəlif rayonlardan şagirdlər mərkəzdəki müsabiqələrdə iştirak edərək öz qabiliyyətlərini ortaya çıxarmış olurlar.
Bəhs etdiyimiz bu yeni sahəni öyrənməyə çoxlu məktəblinin gəldiyini gördük. Qənaətimiz belə oldu ki, müxtəlif sənət sahələrində tanınmış sənətkarlar yetişmiş Naxçıvanda qum sənəti də öz ətrafına həvəskarlarını toplayacaq.
Türkanə Əsədova
Digər xəbərlər