Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
27 Dekabr 2024, Cümə
Əcdadlarımızın mübarizə əzminin daşlaşmış salnaməsi, dönməzlik simvolu Əlincə! Tarixin hər səhifəsində izin, nəfəsin var sənin. Əzəmətlisən, əzəmətli olduğun qədər də sərt, məğrur, qüdrətli. İlk baxışda rəngsiz görünsən də, könül gözü ilə seyrinə çıxanlar üçün rəngarəngsən, füsunkarsan, bənzərsizsən, nadirsən.
Məğrursan, azad bir məmləkətin qalib ordusutək. Vahiməlisən, əngin səmalarında dövrə vuran qartallar kimi. Güvən yerisən, görüşünə gələnlərin ruhuna hüzur bəxş edirsən. Sənin seyrinə çıxarkən dil heyrətdən susur, söz aciz qalır, sinəndə həzin bir nəğmə sənə laylay çalır. Bu nəğmə öz ahənginə səsləyir səni, ruhun dincəlir. Sənə baxmaqla, qulaq verməklə dinləyib anlamaq olmur səni. Çünki sən izaholunmazsan! Ancaq mürəkkəb olduğun qədər də, əslində, sadə, ancaq ruhunu sənə təslim edənlərə öz sirrini pıçıldayırsan...
Yalçın qayaların zirvəsində Vətəninə keşik çəkən çinar qamətli, dağ qüdrətli əsgərsən sanki. Şərəfli tarixin minillik əzəmətindən boylanır sənin. Əmir Teymur kimi yenilməz fatehin aramsız hücumlarına 14 il sinə gərən, heç vaxt qəddini yadlara əyməyən Əlincəqala! Sən təkcə şərəfli tariximizin şahidi olmamısan, eyni zamanda səni yaradan xalqın istedad və zəkasının məhsulu, mədəni səviyyəsinin meyarı, əcdadlarımızın gücünün, qüdrətinin sübutu, tariximizin ən səs-küylü, ən həlledici dönəmlərinin yadigarısan. Sən əyilməz bir xalqın, bir ulusun əmanətisən. Sən açılmayan sirli bir aləm, tarixin gizli həqiqətisən. Sənin məğrur sıldırımlarının arxasında igidlərimiz cəsarətlə sinələrini düşmənə sipər edib. Mərd ərənlər şahin olub düşmənin başına şığıyıb, od ələyib. Bu şücaətlə sən biləklərdə güc olub, yaddaşlara yaddaş olub əsrləri yola salmısan. Neçə-neçə qoşunların qarşısında hünərlə dayanmısan.
Bir zamanlar hakim xanədanlara – Səlcuqlara, Atabəylərə, Səfəvilərə istehkam olan əzəmətli Əlincəqala! Sən dövranın gərdişinə mətanətlə sinə gərmisən, neçə sınaqlardan keçmisən, amma mətin dayanmısan, yenilməmisən! Keşməkeşli tarixini vərəqlədikcə hünərinə baş əyirik mübarizliyinin! Əcdadlarımızın əyilməzlik, mərdlik, şücaət rəmzi Əlincəqala! Oğuz elinin ərənlərinə şərəf zindanı olmusan, sən! Ulularımız doğma torpağı qorumağın, Vətən üçün savaşmağın, döyüşməyin, yeri gəlsə, ölümə belə getməyin nümunəsini səndə yaradıb. Vətən eşqilə yaşayanların azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən Əlincəqala! Min illərdir, tarix ümmanında yol alanlara sən mayak olmusan!
P.S. Bu gün Naxçıvanda qədim tariximizin şahidi olan abidələrimizə xüsusi diqqət göstərilir. Bu həm də Ümummilli Liderimizin tarixi keçmişimizin yaşadılması sahəsində gördüyü işlərin davamıdır. Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, Naxçıvan ərazisində mövcud olan bütün abidələr qorunur, mühafizə altına alınır. Elə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Əlincədağ təbiət abidəsinin təşkil edilməsi haqqında qəbul edilən qərar da bu amala xidmət edir. Bu qərar daş yaddaşımıza, ulu keçmişimizə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqətlə yanaşı, xalqa tarixi dəyərlərimizin ölməzliyini təlqin edir. Qərara əsasən Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağın şərq yamacında yerləşən, hündürlüyü 1821,4 metr olan Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin dağ Əlincədağ təbiət abidəsi adlandırılıb. İnanırıq ki, belə əhəmiyyətli qərarla tariximizin mübarizlik rəmzi olan Əlincəqalanın dərin qatları yenidən vərəqlənəcək, bu qərar Əlincəqalaya yeni nəfəs gətirəcək.
Gülcamal TAHİROVA
Digər xəbərlər